Araz Əlizadə: “Azərbaycanı sevməyən qüvvələr iş başındadır”
Tarix: 11-06-2015, 12:48 |
Çap et
“İFEX-in ölkəmizdə keçirilən birinci Avropa Oyunlarının baykot olunması məqsədilə QHT və jurnalistlərə müraciəti göstərir ki,
Azərbaycanda daxili sabitliyi pozmaq istəyən qüvvələr iş başındadır və onlar oyunların keçirildiyi ərəfədə təxribatçı çağırışlarına ara verməyəcəklər”.
Bu sözləri Editor.az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə söyləyib.
Xatırladaq ki, mərkəzi ofisi Torontoda yerləşən Beynəlxalq Söz Azadlığı Mübadiləsi Şəbəkəsi (İFEX) dünyanın bütün qütblərində yerləşən jurnalist təşkilatlarına və insan hüquqlarının müdafiəsi üzrə ixtisaslaşmış QHT-lərə müraciət edərək, onları I Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə qarşı twitter kampaniyasına qoşulmağa çağırıb.
ASDP sədri Araz Əlizadənin sözlərinə görə, İFEX-in kimlərin sifarişini icra etdiyini hamı bilir:
“Bundan öncə “Human Rights Watch”, “Freedom House”, “Sərhədsiz reportyorlar” təşkilatları baykot çağırışı ilə gündəmə gəlmişdilər. İndi də bu işi “İFEX” görür. Heç şübhəsiz ilk Avropa Oyunlarının keçirildiyi ərəfədə Azərbaycanın uğurlarını həzm edə bilməyən, dövlətimizin sürətli inkişafından narahat olan dairələr qara-piar kampaniyası aparacaqlar. Onlar erməni lobbisinin maliyyəsi, daxildəki satqınların bilavasitə iştirakı ilə bu çirkin təbliğatı davam etdirəcəklər. Amma istər şər-böhtançı beynəlxalq təşkilatların, istərsə də daxili satqınların səyləri nəticə verməyəcək. Onlar bu dəfə də məyus olacaqlar. Ölkəmiz bu sınaqdan da üzüağ çıxacaq və Avropaya yaxşı mənada nümunə olacaq. İnsan haqları necə qorunmalıdır, qonaqpərvərlik necə olmalıdır və s. sahələrdə biz Avropaya dərs keçəcəyik. O ki qaldı “İFEX”in çağırışına, bu qurum insan haqları təşkilatı kimi yox, lobbi təşkilatı kimi fəaliyyət göstərir. Onun kimdən və hansı sifarişi almasını da hamı bilir”.