Həbsdəki Nemət Pənahlı Azərbaycan çempionu olan oğlu ilə görüşdü
Tarix: 11-06-2015, 11:42 |
Çap et
Qobustan həbsxanasında cəza çəkən siyasətçi Nemət Pənahlıya ailəsi ilə qısamüddətli görüş verilib. Bu barədə Modern.az saytına məhbusun həyat yoldaşı Həcər Pənahlı məlumat verib.
O bildirib ki, görüş iyunun 9-da baş tutub: “Görüşə uşaqlarla birlikdə getmişdik. Səhhəti, saxlanma şəraiti normaldır. İndi onun qaldığı kamera əvvəlkindən daha yaxşıdır. Əvvəl onun qaldığı kameraya başqa məhbuslar salınmışdı, aşağı mərtəbədə idi. İndi birnəfərlik kamerada qalır. Şəkər davamlı xəstəlikdir. Üstəlik, havasız şərait Nemətin səhhətinə təsirsiz ötüşmür.
Saxlanma şəraiti normaldır. Oğlu Azərbaycan birincisi olduğuna görə onu bu dəfə yaxşı gördüm. Əhvalı da yaxşı idi. Orxanın uğuruna həddindən artıq sevindi. Nemət həmişə deyir ki, bunu qazanmısan arxayınlaşma, səndən dünya çempionluğu, Avropa birinciliyi gözləyirəm”.
Həcər Pənahlı oğlunun uşaqlıqdan idmana böyük marağının olduğunu deyib: “Orxan bir müəllim yanına boks məşqlərinə davamlı gedirdi. Müəllim Orxanı görən kimi I Avropa Oyunlarına qatılıb birinci yer tuta biləcəyini deyirdi. Hər gün qızğın məşqlər gedirdi, müəllim oğlumdan da çox razı idi. Nə oldu nə olmadısa, günlərin bir günü gördüm Orxan əşyaları qolunda gəldi ki, müəllim məni çıxartdı.
Belə başa düşdüm ki, bu, ancaq Nemətin oğlu olduğu üçündür. Orxana Nemətin oğlu kimi yanaşılmasa, yüz faiz bilirəm, oğlum birinci yeri tutub Azərbaycanın bayrağını yüksəklərə qaldıraq bilər. Demirəm ki, övladım qeyri-adi istedadlıdır, elmə meyllidir, savadlıdır, yox. Sadəcə o, idman sahəsində bacarıqlıdır. Kimin oğludur, idmana nə aidiyyəti var?! Sabah haradasa birinci yer tutsa, Azərbaycanı təmsil edəcək, nə uğur gətirsə, bu Azərbaycan üçündür”.
6 övlad atası olan Nemət Pənahlı 2011-ci il yanvarın 8-də tutulub, xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.
Nemət Pənahlı 1988-ci ildə başlayan milli azadlıq hərəkatının öncül simalarından, Azərbaycan Xalq Cəbhəsinin qurucularından olub.