Üçbucaqlı koalisiya, yoxsa təkrar seçkilər?
Tarix: 10-06-2015, 15:58 | Çap et
Üçbucaqlı koalisiya, yoxsa təkrar seçkilər?
7 iyun seçkilərindən sonra Türkiyədə siyasi vəziyyət heç də ürəkaçan deyil. Daha doğrusu, açıqlanan nəticələr bir sıra dünya ekspertlərinin bu cür düşünməsinə əsas yaradıb. Obrazlı desək, seçkidən sonra Anadolunun siyasi mənzərəsi, problem və çıxış yolları və açıq qalmış məsələləri ilə göz önündə sərili qalıb.

Millət Məclisinə yetərincə deputat çıxara bilməyən hakim partiyanın sağ–solunda ana müxalifət olmaq arzusunda olan CHP, tarixində ilk dəfə barajı aşmış kürd HDP-si və AKP ilə CHP–nin koalisiyaya gedəcəyi halda ana müxalifət olmaq qərarını seçən milliyyətçi hərəkatçılar yer alıb. Hazırkı durumda Türkiyəni son seçkilərə yekun vurmaq üçün iki yol gözləyir. Birincisi, hakim partiya ya digər üç partiyadan biri ilə koalisiya yaratmalı, ya da təkrar seçkiyə getməlidir. Təkrar seçkidə “daha az səs yığaram” qorxusu Ədalət və İnkişaf Partiyasına koalisiyaya getmək daha çox sərf edir desək güman ki, yanılmarıq. Ancaq seçkilərdən sonra MHP başqan səviyyəsində AKP ilə koalisiyaya getmək istəmədiyini açıqladı.

Milliyyətçi qərargahı dolayı yolla bunu tənəzzülə yuvarlanan AKP-nin son çöküşünə şəriklikdən imtina kimi dəyərləndirdi. CHP isə ana müxalifət olmaq üçün israrlıdır. Bu durumda Ərdoğanın partiyasının HDP ilə koalisiyası qalır ki, AKP bu gün kürdlərə koalisiya üçün 3 şərt irəli sürdü. Hafta.az-ın haber7.com-a istinadən verdiyi xəbərə görə, AKP kürdlərin partiyası olan Xalqların Demokratiyası Partiyası ilə koalisiyaya getmək üçün onlara 3 şərt irəli sürüb.

Verilən məlumatda AKP-nin birinci şərti kimi 17-25 dekabr paralel hərəkatına qarşı HDP məsələyə ittifaq tərəfi kimi əks mövqe qoymayacaq. Arqument kimi də paralel dövlətlə mübarizə iqtidarın deyil, ölkənin mübarizəsinin olduğu göstərilir. Ərdoğanın partiyasının ikinci şərti isə “çözüm sürəci”nin davam etməsi ilə bağlıdır. Bildirilir ki, həll müddətinin davam etməsi üçün kürd partiyası da öz köməyini əsirgəməməlidir.

Üçüncü şərtin kürd partiyası üçün daha “ağır” səciyyə daşıyacağını deyə bilərik. Belə ki, AKP hazırkı prezidentin və onun hökumətinin koalisiya tərəfindən müzakirə mövzusu olmayacağı şərtlərini irəli sürüb. Prezidentin mövqeyinə qarşı gəlməməklə yanaşı, HDP hökumətin mövqeyi ilə də koalisiya bazarlığı etməyəcək.

O zaman yenə də MHP variantı iqtidar üçün koalisiya yaratmaq adına daha uyğun görünür. Politoloq Çingiz Bayramov isə hesab edir ki, Baxçalının koalisiyaya veto bəyanatına baxmayaraq, ən real ittifaq elə AKP ilə MHP-dir:

“Düşünürəm ki, MHP naz edir. İndiki dönəmdə milliyyətçilər başa düşür ki, AK partiyanın başqa şansı yoxdur. Çünki hazırkı iqtidarın başqa partiyalarla hökumət qurması olduqca çətindir. Ərdoğanın partiyası kürdlərlə koalisiyaya getsə, bu onların silinib getməsinə səbəb olar. Ona görə də AKP bu addımı atmaz. CHP ilə də koalisiya məsələsi bir o qədər real görünmür. Çünki cümhuriyyətçilər fətullahçılara qarşı mübarizəni o qədər də önəmsəmir. Fətullah Güləni demək olar ki, CHP saya salmır. Hətta Fətullah Güləni müdafiə edən bir sıra CHP-çilər də mövcuddur. Ona görə də AKP-nin koalisiya üçün tək şansı MHP-dir. MHP Türkiyəni hökumət krizinə salmamaq üçün hökumətdə yer alacaq. Həm də MHP CHP-dən fərqli olaraq Fətullaha qarşı mücadilə edir. İnanıram ki, erkən seçim olmadan Türkiyədə AKP və milliyyətçi Hərəkat Partiyası iqtidarı olacaq”.

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan Hafta.az-a açıqlamasında bildirib ki, koalisiyalı hökumətdən danışmaq hələ ki, tezdir:

“Hələ ki, koalisiya hökumətinin qurulması ilə bağlı danışıqlar başlamayıb. Bu baxımdan müəyyən mücərrədlik var. Çünki danışıqlar zamanı tərəflərin şərtləri də bəlli olacaq. Seçkidən sonra və ondan qabaqkı bəyanatlara baxmayaraq, həmin danışıqlar əsasında koalisiya hökumət haqda mövqelər məlum olacaq. Bununla belə Türkiyə tarixində bir-birini qəbul etməyən siyasi təşkilatların koalisiya hökumət təcrübəsi var. Odur ki, böyük ehtimalla belə bir hökumət qurulacaq. Siyasi partiyaların liderləri hələ bu haqda açıqlama verməsə də, onlar təkrar seçkini "seçiciyə hörmətsizlik" kimi dəyərləndirirlər. Bu baxımdan növbədənkənar seçkinin belə tezliklə keçiriləcəyi az inandırıcı görünür. CHP, MHP və HDP ittifaqı ən az ağılabatan ittifaqdır. Ancaq siyasət sürprizsiz də olmur”.

Bu arada qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq lideri, ölkə siyasətinin duayenlərindən olan Dəniz Baykalı görüşə dəvət edib. Bu gün Ankarada keçiriləcək görüşdə ölkədə seçkilərdən sonra yaranmış durum və koalisiya hökumətinin formalaşdırılması məsələsi müzakirə olunacaq.

Həmçinin vurğulayaq ki, Baykal yeni parlamentin ən yaşlı üzvü qismində Böyük Millət Məclisinin ilk toplantısını açacaq və sədr seçilənə qədər parlamenti idarə edəcək. CHP-nin TBMM sədri vəzifəsinə D.Baykalın namizədliyini irəli sürəcəyi gözlənilir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net