Rusiyadan Azərbaycana pul axını 9 dəfə azalıb
Tarix: 10-06-2015, 05:52 |
Çap et
Ötən il Rusiyadan MDB ölkələrinə köçürülən vəsaitlərin həcmi kəskin şəkildə aşağı düşüb. Rusiya Mərkəzi Bankının statistikasından məlum olur ki, təkcə Azərbaycana göndərilən pulun həcmi 9 dəfə azalıb. “Bizim Yol” yazır ki, əgər 2013-cü ildə rəsmi olaraq Azərbaycana gələn vəsaitlərin həcmi 1,3 milyard dollar olubsa, ötən il bu rəqəm 150 milyon dollara qədər düşüb.
Ümumilikdə isə, Rusiyadan MDB ölkələrinə pul köçürmələri 11 dəfə azalıb. Ölkələr üzrə azalma isə aşağıdakı kimidir:
Analitiklər Rusiyadan köçürülən pulların azalmasını bir sıra amillərlə bağlayırlar. Birinci səbəbi ölkənin iqtisadi durumunun ağırlaşması ilə əlaqələndirirlər. Başqa nədənlərdən biri isə Rusiya hökumətinin ölkədən kapital axınına qoyduğu məhdudiyyətlərdir. Belə ki, ötən ilin oktyabr ayından etibarən Rusiya Mərkəzi Bankı bankların xaricə köçürdüyü bir çox pul əməliyyatlarına, xüsusilə offşor zonalarda qeydiyyatdan keçmiş şirkətlər vasitəsilə ölkədən kənara maliyyə köçürmələrinə qadağa tətbiq edib. Bununla Moskva ölkədən kapital axınının qarşısını almağa çalışdı. Hələ o zaman MDB ölkələrinə göndərilən vəsaitlərin azalacağı proqnozlaşdırılırdı.
Ekspertlər hesab edir ki, Rusiyadan Azərbaycana gələn vəsaitlərin azalması ölkədəki iqtisadi böhranı daha da dərinləşdirəcək. Xüsusilə bölgələrdə yaşayan vətəndaşlarımızın sosial vəziyyəti daha da pisləşəcək. Çünki Rusiyada işləyən soydaşlarımızın əhəmiyyətli hissəsi bölgələri təmsil edir və şimal qonşumuzdan gələn vəsaitlərin böyük hissəsi də bölgələrə gedirdi.