Arif Hacılı və Gülağa Aslanlı konkret ittihamlar qarşısında susur
Tarix: 9-06-2015, 12:25 | Çap et
Arif Hacılı və Gülağa Aslanlı konkret ittihamlar qarşısında susur
Müsavatda növbəti biabırçılıq erası başlayıb. Belə ki, indi də partiyada “mühacirət biznesi” mövzusunda mübahisə gedir və ortada çox ciddi ittihamlar var. Daha dəqiq desək, Müsavat Partiyasının xarici ölkələrə mühacirət edən şəxslərin oturum almaq üçün partiya adından və saxta üzvlük sənədlərindən istifadə etdiyi barədə yaydığı bəyanat əks effekt verməkdədir. Buna ilk olaraq bəyanatda adı çəkilən Elnur Mirzəyev reaksiya verib və sənədlərinin saxta olmadığını, onları əldə etmək üçün külli miqdarda pul xərclədiyini açıqlayıb: “Mən partiyaya yazılan gün rəhbərliyə demişdim ki, buradan getmək ehtimalım var. Partiyaya üzv olmaq üçün külli miqdarda pul vermişəm. Konkret rəqəm lazımdırsa, deyim - 1800 manat. Bu hadisə 2011-ci ildə olub. Amma vəsiqəni köhnə tarixlə – 2008-ci ilə verdilər ki, inandırıcı olsun. Özləri də mənə dedilər ki, 2011-ci ilin noyabr ayındakı mitinqlərdə iştirak elə, şəkillərin olsun. O halda mühacirət statusu almağın daha asan olacaq. Onlar özləri orada ticarətlə məşğuldurlar. Maskaları cırılanda isə məni güdaza vermək istədilər. Gülağa Aslanlı tərəfindən yayılan və saxta kimi təqdim edilən iki arayışı elə onun özündən almışam. Hər birinə görə 300 manat ödəmişəm. Lazım olsa, sübutları da təqdim edəcəyəm. Əlimdə fakt kimi mesajlar, Facebook və Vatsap yazışmaları var. Müsavatda saxta sənəd alveri ilə məşğul olanların maskasını cıracağam. Hamı bilir ki, Müsavat Partiyası bu alverlə 6-7 ildir məşğul olur. Sadəcə, indi işləri üzə çıxdı, məni qurban etdilər. Mən isə bu məsələni belə qoymayacağam”.

“Yeni Müsavat” qəzetinin hazırda İsveçrədə mühacir həyatı yaşayan sabiq əməkdaşı Elbəyi Həsənli isə daha dəhşətli faktlarla yanaşı, konkret adlar da açıqlayıb: “Arif Hacılının rəhbərliyindəki yeni komanda son 6 ayda 483 vətəndaşa Müsavat üzvü olmaqla bağlı arayış verib. Belə arayışlar mühacirətə getmək üçündür. Bilirsiniz ki, mayın 16-da İsveçrədə yaranmış “Ocaq” Mədəniyyət Mərkəzinin sədri vəzifəsindən istefa verdim. Çünki Müsavatın Bakıdakı funksionerləri “Ocaq” üzvü olan və hələ siyasi sığınacaq almamış müsavatçılara hədə-qorxu gələrək onlara seçim etməyi, Elbəyi Həsənlidən uzaqlaşmalı olduqlarını tapşırdılar. Yoxsa onlar barədə İsveçrənin Bakıdakı səfirliyinə müraciət olunacağını dedilər. Tamamilə qeyri-demokratik olan bu çağırış və təhdidlər burada onsuz da vəziyyəti ağır olan qaçqın müsavatçı ailələrini dəhşətli şəkildə qorxudur. Belə bir addım atılsa, gerçəkdən də məhz mənə görə bir neçə müsavatçı ailənin İsveçrədə oturum alması təhlükəyə düşəcək və insanlar bədbəxt olacaqlar. Müsavatın hazırda başında olan dəstəyə belə bir imkan verməmək üçün “Ocaq” Mədəniyyət Mərkəzinin rəhbərliyindən istefa verdim. Lakin bildirirəm ki, haqq bildiyim işə davam edəcəyəm. Paralel olaraq, Müsavat Partiyasının hazırda başında olan dəstənin bəzi üzvləri haqda əlimdə olan faktları jurnalist olaraq müstəqil şəkildə araşdırmağa başlayacağam. Bu faktlar isə dəhşətli bir iddianı ortaya qoyur. Müsavat Partiyasını ələ keçirən bu dəstə Azərbaycan vətəndaşlarına pul-rüşvət qarşılığında Müsavat üzvü vəsiqəsi və arayış verirlər. Hazırda Avropanın ayrı-ayrı ölkələrində miqrasiya xidmətləri bu cür saxta “müsavatçıları” aşkarlayıb və ciddi araşdırmalar gedir. Müsavatın konkret funksionerlərinin imzası olan saxta vəsiqə və arayışların bəzilərinin surətləri artıq bizim də əlimizdə var”.

E.Həsənli araşdırmalara təzə başladığı vaxt Rauf Arifoğlunun Avropaya getdiyini və onları da Arif Hacılıya biət etməyə çağırdığını qeyd edib: “Həqiqət qardaşlıqdan da irəlidədir. Müsavat Partiyasının hazırkı rəhbərliyi, xüsusi ilə də Arif Hacılı və Gülağa Aslanlı ortaqları qabaqdangəlmişlik edərək, özləri bəyanat yayıb “saxta mühacirləri ifşa etməyə” başlayıblar. Halbuki şəkilli arayışı 1500, şəkilsizi 800 manata satırlar. Bu işlə neçə illərdir Müsavat rəhbərliyi, özəlliklə də Arif Hacılı və Gülağa Aslanlı, o cümlədən Razim Əmiraslanlı, Səxavət Soltanlı, Rafiq İsmayıl, Vaqif Davud, Nemət Kərimli və bir neçə başqa rayon təşkilat sədrləri məşğul olaraq mühacirət biznesinə girişiblər. Şəxslərin adını partiyaya yazdırır, piket, ya da mitinq təşkil edib, onların fotolarını çəkdirirlər, sənədlərini hazırlayıb, bütün bunların əvəzində də pul alıb, Avropoya “müsavatçı” ixrac edirlər.

Müəllif onu da bildirib ki, işbazlar hətta yas mərasimlərindən də öz planları üçün istifadə edirlər: “Tofiq Yaqublunun müsibətli günlərində Bakıda idim. Müşahidə edirdim ki, Gülağa Aslanlı bir qrup şəxsə İsa bəylə, Tofiq Yaqublu ilə foto çəkdirmək üçün necə dirijorluq edirdi. Bu insanlar sadəcə cinayət etmirlər. Onlar bundan da betərini edirlər. İnsanların inamı, əqidəsi, ümidi ilə oynayırlar. Onlar 100 ilin Müsavatına elə bir zərbə vurublar ki, bu zərbəni Lenin-Stalin belə, vura bilməmişdi. Arif Hacılı və onun bandası bir cinayətkar kimi həbsə alınmalı, Müsavat partiyası bu murdar dəstənin əlindən xilas edilməlidir. Hər kəsi, xüsusi ilə müsavatçıları ayıq olmağa, bu bandaya qarşı mübarizə aparmağa çağırıram. Qeyd edirəm ki, bütün iddialarımızı təsdiqləyən sənədlər, Facebook və Vatsap yazışmalarına malikik”.

Gördüyünüz kimi, Müsavat heç də iddia etdiyi kimi, müxalif və mübariz bir partiya deyil və onu saxta mühacir istehsal edən broyler firması adlandırsaq, daha düz olar. Faktiki olaraq, partiya rəhbərliyi və funksionerləri vətəndaşlardan külli miqdarda pul almaqla onları Avropaya göndərirlər. Bununla nəinki ölkədaxili vəziyyətlə bağlı yanlış görüntü yaradır, həmçinin Avropanın bir sıra ciddi qurumlarına da kələk gəlirlər. Bunun müqabilində özləri milyonlarla pul qazanırlar. Təəssüf ki, bu hal ölkə müxalifəti adına yazılan ilk belə biabırçılıq deyil. Müxaliflərimiz bu əməllərlə bağlı ənənəni çoxdan qoyub. Əvvəlki illərdə də təkcə Müsavat deyil, digər müxalif partiyalar da belə qara işlə məşğul olublar. Fəaliyyətini dayandırmış Qeyrət Partiyası və onun sədri Əşrəf Mehdiyev də bu cür işlər həyata keçirirdi. Pul qazanmağın əlavə yolu ola, orada AXCP-nin adı olmaya? Mümkün deyil. Yəni, qanunsuzluqlarla məşğul olanların öndə gedəni AXCP də saxta sənəd və vəsiqələr hazırlamaqla, insanları Avropaya göndərməklə külli miqdar pul qazanır. Mitinq və icazəsiz aksiyalar keçirməklə xaricə getmək istəyən şəxslərə pul müqabilində şərait yaradırlar. Onlar özünü polisə döydürür, bu məqamın şəklini çəkdirir, sonra isə ondan “kozır” kimi istifadə edirlər. Bu faktlar bir daha təsdiq edir ki, ölkə müxalifəti “müxaliflikdən” öz beyninə, xislətinə və əqidəsinə uyğun istifadə edib özü üçün pul qazanmaqla məşğuldur. Onları kütlənin vəziyyəti, onlara inananların hiss və etibarı maraqlandırmır.
Ortaya çıxan bu dəhşətli görüntülər isə az zaman ərzində onların heç bir tərəfdarının qalmayacağını deməyə əsas verir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net