Deputatdan ATƏT-in Bakı ofisi ilə bağlı sərt reaksiya- “XİN düz edib”
Tarix: 6-06-2015, 07:27 |
Çap et
Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı ATƏT-in Bakı ofisinin bağlanması ilə bağlı Xarici İşlər Nazirliyi tərəfindən verilən notaya münasibət bildirib.
Millət vəkili “Qafqazinfo”ya açıqlamasında XİN tərəfindən verilmiş qərarın düzgün olduğunu bəyan edib: “ATƏT-in Bakı üzrə layihə əlaqəndiricisi Aleksis Şahtaxtinskinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi və bunun Azərbaycana qarşı təhdid olduğunu nəzərə alaraq Xarici işlər Nazirliyi bu addımı atıb. Bu, onlara adekvat cavabdır. Azərbaycan müstəqil dövlətdir. Ona hansısa dövlətin, təşkilatın təzyiq göstərmək hüququ yoxdur”.
F. Ağamalı əlavə edib ki, son dövrlər ATƏT-in Bakıdakı ofisinin fəaliyyəti ilə bağlı verilmiş açıqlamalar, qurumun Azərbaycandakı təmsilçisinin vaxtında əvvəl səlahiyyətlərinə xitam verilməsi atılan addımlar ciddi məqamlardan xəbər verir: “ATƏT-in Azərbaycana qarşı üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməsində hər hansı elementin şahidi olmamışıq. Xüsusilə də ATƏT-in Minsk Qrupunun illərdən bəri işğal olunmuş Azərbaycan torpaqlarının azad olunması ilə bağlı üzərinə götürmüş olduğu öhdəlikdən, mandatdan istifadə etmir, əksinə hər zaman Ermənistanın yanında olduğunu nümayiş etdirir. Sanki bu məsələ ATƏT-i zərrə qədər qayğılandırmır, Minsk Qrupunun fəaliyyəti ilə bağlı hesabatlar dinlənilmir. Digər tərəfdən, ATƏT-in Varşada İnsan haqları və demokratik təsisatlar bürosu var. Onun da Azərbaycana qarşı hər zaman qərəzli münasibətinin şahidi oluruq. Seçkidən seçkiyə Azərbaycana gəlirlər. Əvvəlcədən hazırlanmış bəyanatlarını seçki qurtaran kimi oxuyub gediblər. Ermənistanda seçkilər insan ölümü ilə nəticələnir, son dərəcə antidemokratik hadisələr baş verir, amma büro bununla bağlı mövqeyini ortaya qoymur, əksinə seçkilərin şəffaf keçirildiyini bəyan edir”.
Xatırladaq ki, bir müddət əvvəl Prezident Administrasiyasının Xarici Əlaqələr Şöbəsinin müdiri Novruz Məmmədov Aleksis Şahtaxtinskinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsinə onun prezident İlham Əliyevlə şəkil çəkdirməsinin səbəb olduğunu diqqətə çatdırmışdı.