Qəfil istefa və... FTB Blatterin həbsinə hazırlaşır
Tarix: 3-06-2015, 16:46 | Çap et
Qəfil istefa və... FTB Blatterin həbsinə hazırlaşır
ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) dünya futbol qurumundakı korrupsiya iddialarına dair təhqiqat çərşivəsində FİFA prezidenti postundan istefasını elan edən Yozef Blatterin fəaliyyətini araşdırır.

Virtualaz.org saytı bu barədə Amerika mətbuatına istinadən xəbər verir. Bu məlumat 79 yaşlı Blatterin çıxmasını elan etdikdən bir neçə saat keçmiş yayımlanıb.

Cəmi dörd gün əvvəl FİFA konqresində Blatter 5-ci müddətə təşkilatın sədri vəzifəsinə seçilmişdi. Bu seçki FTB xəfiyyələrinin İsveçrə polisi ilə birlikdə Sürixdə FİFA rəhbərlərinin yerləşdiyi otelə basqın edərək bir qrup futbol rəsmisini korrupsiya, reket, çirkli pulların yuyulması ittihamları ilə həbs etməsindən, habelə İsveçrə prokurorluğunun 2018-ci il dünya çempionatının Rusiyada, 2022-ci il çempionatının isə Qətərdə keçirilməsi qərarına görə rüşvət alınması faktı üzrə cinayət işinin qaldırılmasını elan etməsindən sonra keçirilmişdi.

İstintaqa yaxın mənbələrə istinad edən “The New York Times “qəzet və “ABC News” telekanalı Blatterin korrupsiya araşdırmasının mərkəzində olduğunu bildirsə də təfərrüatlara varmayıb. Məlumata əsasən Blatterin fəaliyyəti ötən həftə FİFA rəsmilərinin saxlanılması ilə nəticələnən iş üzrə araşdırılır.

“The New York Times” qəzetinə danışan ABŞ mənbələri FİFA rəsmilərinin istintaqla əməkdaşlığa gedəcəyinə ümid etdiklərini bildiriblər.

Mənbələr hesab edirlər ki, belə bir əməkdaşlıq Blatterə qarşı işin açılmasına zəmin yarada bilər.

İndiyə qədər Blatterin FİFA-dakı korrupsiyaya dair aparılan təhqiqatda fiqurant olduğu açıqlanmırdı. İndi ehtimal edilir ki, Blatter FTB-nin ona qarşı rəsmi ittiham irəli sürməyə hazırlaşdığını öyrənərək qəfil istefa verməli olub.

Cəmi iki gün əvvəl isə Blatter jurnalistlərin istefa haqda sualına qəzəbli cavab vermişdi: “Nəyə görə istefa verməliyəm? Əgər istefa versəm, deməli, nəsə axmaq hərəkət etdiyimi boynuma almış olaram”.

Lakin Blatterin istefası ərəfəsində məlum oldu ki, FİFA-dakı korrupsiya işində təşkilatın ikinci adamı - baş katib Jerom Valkenin adı adı keçir. Onun 2010-cu il dünya çempionatının keçirilməsinə dair müsabiqədə milyonlarla dollar rüşvət aldığı məlum olub.

ABŞ prokurorlarının qənaətinə görə, 2008-ci ildə bu iş üzrə əsas fiqurant Cek Uornerin hesabına 10 milyon dolları köçürən məhz Valkedir.

Bundan əvvəl ABŞ baş prokuroru Loretta Linç bəyan etmişdi ki, Cek Uorner Cənubi Afrika Respublikasının hökumətindən çempionatın bu ölkədə keçirilməsi üçün 10 milyon dollar rüşvət alıb.

Beləliklə, Blatter öz ətrafında həlqənin getdikdə daraldığını, habelə siyasi təzyiqlərin hədsiz artdığını görərək istefaya verməyə məcbur ola bilərdi.

Ancaq bəzi ekspertlərin qənaətinə görə, Blatterin istefası “qoca tülkü” adını qazanmış FİFA rəhbərinin növbəti hiyləgər gedişi ola bilər. Belə ki, Blatter istefa versə də FİFA prezidenti postuna növbədənkənar seçkilər ilin sonunda keçiriləcək. Həmin vaxta qədər Blatter FİFA prezidenti postunu icra edəcək.

O zaman kim qarantiya verə bilər ki, Blatterin indiki istefası ajiotajı səngitmək üçündür və o, yenidən namizədliyini irəli sürməyəcək?





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net