Polis rəisinin OMON rəğbəti
Tarix: 3-06-2015, 15:54 |
Çap et
Qəzetimizin 30.05.2015 tarixli sayında “Polis rəisi erməni falçıya havadarlıq edir” sərlövhəli tənqidi material dərc olunmuşdu. Həmin materialda, son vaxtlar fəaliyyəti onsuz da yerli sakinlər tərəfindən qeyri-qənaətbəxş kimi qiymətləndirilən Xəzər Rayon Polis İdarəsinin rəisi Azər Muradovun ünvanına səsləndirilmiş növbəti iradlardan bəhs olunmuşdu. Əldə etdiyimiz məlumatlara əsaslanaraq, biz qeyd etmişdik ki, yol verdiyi bir çox vəzifə səlahiyyətlərindən sui-istifadə halları ilə yanaşı, Azər Muradov indi də Xəzər rayonunda falçılıq fəaliyyəti ilə məşğul olan şəxsləri öz himayəsinə götürüb. Hətta bu şəxslərdən bəzilərinin milliyyətcə erməni olması belə polis rəisini azacıq da olsa düşünməyə vadar etməyib. Bu xüsusda aldığımız məlumatda qeyd olunmuşdu ki, rayonun Buzovna qəsəbəsində, Rasim İmanov küçəsi ev 38A, mənzil 12 ünvanında yaşayan Raisa (Raya) Abramova artıq uzun müddətdir ki, falçılıqla məşğuldur. Eyni zamanda da mənbə bu qadının milliyyətcə erməni olduğunu bildirmişdi. Məsələnin bizi maraqlandırdığına görə, qəzetimizin əməkdaşlarından biri göstərilən ünvana yollanmışdı. Söhbət əsnasında falçı Raya özü əməkdaşımıza etiraf etmişdi ki, rəsmi olaraq sənədlərdə milliyyətcə yəhudi olduğu göstərilsə də, əslində o, ermənidir. Eyni zamanda da, Raya əməkdaşımıza Xəzər RPİ-nin rəisinin birbaşa himayəsində olduğunu nümayiş etdirmək üçün telefonu götürərək, Azər Muradovla əlaqə saxlayacağını bildirib. Bir müddət sonra isə əməkdaşımızın da olduğu mənzilə həqiqətən də Xəzər RPİ-dən iki nəfər polis əməkdaşı gəlib. Onlardan biri özünü əməliyyatçı Şahin kimi təqdim edib. Sonra isə Şahin əməkdaşımıza bildirib ki, Raya “xanım” rəisin xüsusi hörmət etdiyi sakinlərdən biridir...Qeyd etməliyik ki, sözügedən materialın dərcindən sonra redaksiyamıza həm falçı Rayadan, həm də Xəzər RPİ-nin rəisindən bəhs olunan yeni maraqlı açıqlamalar daxil olub. Birinci qisim məlumatda bildirilir ki, Rayanı, daha doğrusu onun ailəsini himayə edən təkcə Azər Muradov deyil. Belə ki, mənbənin açıqlamasına görə falçının evinin qarşısında günün isənilən saatında 121 rəqəmləri ilə bitən nömrə nişanlı, “Prado” markalı avtomobili müşahidə etmək olar. Bu avtomobilin sahibi isə Maştağa sakini olan Şakir adlı bir iş adamıdır. Mənbə iddia edir ki, Şakirin bu evə tez-tez gəlməsinin səbəbi Rayanın Məhəbbət və Məlahət adlı iki qızıdır. Həm də Şakirin himayəsi polis rəisinin himayəsindən onunla fərqlənir ki, iş adamı bu himayəyə görə Rayadan haqq almır. Əksinə, deyilənə görə bu gün Məhəbbətin idarə etdiyi 90 ZR 917 nömrə nişanlı, “Hyundai Tucson” markalı avtomobili də ona məhz Şakir hədiyyə edib. Belə baxanda da, varlığa nə darlıq? Mənbə bildirir ki, Şakirin Maştağa və Buzovna qəsəbələrindəki kommersiya obyektləri ona belə “səxavət” nümayiş etdirməyə gen-bol imkan verir.Azər Muradova gəlincə isə, yeni aldığımız məlumatda bildirilir ki, polis rəisi sən demə artıq uzun müddətdir ki, Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) Qazax bölməsinin keçmiş komandiri, hazırda ömürlük həbs cəzasına məhkum olunmuş Elçin Əmiraslanovla da qohumluq əlaqələrindədir. Belə ki, açıqlamaya görə Azər Muradov hələ 20 il bundan əvvəl Elçin Əmiraslanovun baldızı Gülbəniz xanımla vətəndaş nigahına girmişdir. İxtisasca həkim olan Gülbəniz xanım isə hazırda Yasamal RPİ-nin yaxınlığında yerləşən yeni tikili binaların birində, məhz Azər Muradov tərəfindən alınmış 4 otaqlı mənzildə yaşayır. Ara-sıra həbsxanadakı qohumuna maddi dəstək göndərməyi də unutmayan polis rəisi isə, bu qohumluğun dadını ildə bir-iki dəfə Elçin Əmiraslanovun Kislovodsk şəhərindəki evində dincəlməklə çıxarır...