“Lavrovun Qarabağla bağlı bəyanatı baş aldatmadır” – Zərdüşt Əlizadə
Tarix: 2-06-2015, 16:25 |
Çap et
“Rusiya hakimiyyətində ciddi dəyişikliklər olmasa, bundan sonra 25 il də həmin söhbətləri eşidəcəyik”.
Bunu Hafta.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə Rusiyanın xarici işlər nazirinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycana söz verməsi xəbərini şərh edərkən deyib. Politoloq bildirib ki, Kreml Qarabağ məsələsindən istifadə edərək, hər iki ölkəni nəzarətdə saxlamağa çalışır:
“Ümumi vəziyyəti bildiyimdən deyə bilərəm ki, Lavrovun Qarabağla bağlı bəyanatları baş aldatmaq kimi bir şeydir. 25 ildir ki, problemin bu gün–sabah həll ediləcəyi ilə bağlı söz–söhbətləri eşidirik. Rusiya hakimiyyətində ciddi dəyişikliklər olmasa bundan sonra 25 il də həmin söhbətləri eşidəcəyik. Qarabağ probleminin həlli baxımından müsbət dəyişiklik üçün heç bir zəmin yoxdur. Məmmədyarov deyir ki, biz problem həll edildikdən sonra Gömrük İttifaqına qoşula bilərik. Düşünürəm ki, bu da quruma üzvlükdən imtina üçün işğalçı Ermənistanı bəhanə göstərməyə hesablanıb”.
Zərdüşt Əlizadənin sözlərinə görə, bu gün, sabah Qarabağ problemi ilə bağlı dəyişikliyin olacağı ilə bağlı yayılanlar isə boş söhbətlərdir:
“Hər kəs bilir ki, bu münaqişəni Rusiya yaradıb, o da idarə edir. Ermənistan sadəcə bir alətdir. Öz müsbət mövqeyi və iradəsi yoxdur. Kreml də bu münaqişədən istifadə edib, İrəvan və Bakını özündən asılı vəziyyətdə saxlamaq istəyir. Hazırkı Ermənistan hakimiyyətinin bu heç vecinə də deyil. Bu gün, sabah Qarabağ problemi ilə bağlı dəyişikliyin olacağı ilə bağlı yayılanlar isə boş söhbətlərdir. Münaqişənin donmuş qalması indiki halda tərəflərə sərf edir”.
Xatırladaq ki, Rusiyanın məşhur "Soverşenno sekretno" ("Tam məxfi") nəşrinin yazdığına görə Sergey Lavrovun "Dağlıq Qarabağ problemini hamıya aydın danışıqlar dilinə keçirmək lazımdır" sözləri çox mətləblərdən xəbər verir. Nəşrin iddiasına görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycana söz verib.