Bulvarda o qədər çay içdik ki…- Reportaj
Tarix: 2-06-2015, 16:10 |
Çap et
-Bulvarda 2 manata çay…?
-İnanılası deyil. Zarafat edirsən?
-O boyda bulvarda çay sifariş verəsən, qiyməti də 2 manata?
Biz də bu xəbəri eşidəndə qulaqlarımıza inana bilmədik.
Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bildirdi ki, bundan sonra Bulvarda sadə çay 2 manata, mürəbbə ilə isə 3 manata satılacaq.
Necə? Bəs birdən qiymətlər baha olsa?
Nazim Məcidov bu suala da cavab verdi:
-Əgər artıq pul istəsələr müştərilər 0552827000, 0124801836 nömrələrinə şikayət edə bilərlər.. Əgər kimsə 2-3 manatlıq çaya görə vətəndaşdan artıq pul tələb edirsə, “mütləq çayın yanında çoxsaylı şirniyyat almalısan” tələbini qoyursa, cəzalandırılır.
Nə deyək, təki elə olsun.
Qulaqlarımıza inansaq da, gözlərimizlə görüb, şahidi olmaq üçün üz tutduq Bulvara…
İlk olaraq yaxınlaşdığımız kafedə özümüzü şəhər sakini kimi təqdim etdik. Bildirdik ki, belə bir xəbər eşitmişik, çay ucuzlaşıb, özü də 2 manata…
Kafenin əməkdaşı üzünü turşudaraq “bəli, qiymətlər ucuzlaşıb” deyə başını yellətdi.
Bildirdi ki, sadə çay iki manata, yanında hər hansısa mürəbbə olarsa, 3 manata satılır.
Müştərilər də bu vəziyyətdən razı görünürdülər. Yan masada əyləşən ailə də deyəsən bizim kimi, bulvarda çayın ucuzlaşmasına inana bilmirdi: “Bizə həmişə burada çayı 10-15 manata satırdılar. Görəsən, niyə indi qiymətləri aşağı salıblar?”.
Həmin xanımla üzbəüz əyləşən həmsöhbəti “düz deyirsən, yəqin Avropa Oyunlarına görə, çayı ucuzlaşdırıblar” deyərək cavab verir.
Burada bir çaynik çay içdikdən sonra sağollaşıb, bir qədər aralıda yerləşən digər çayxanaya üz tuturuq. Obyektin görünüşündən də hiss olunur ki, burada 2 manata çay içmək, yuxuda Mayamidə dincəlməyə bənzəyir:
-Salam, bizə iki nəfərlik sadə çay lazımdır. Yanında hansısa şirniyyat və digər çərəzlər lazım deyil.
Ofisiant tərəddüd edir. Üzümüzə baxıb “yox, bizdə sadə çay verilmir” demək istəyirdi ki, digər masada əyləşən administrator sanki duyuq düşür və “ver, getsin” deyir.
15 -20 dəqiqədən sonra nəhayət ki, çaylarımız gəlir…
Baş vurduğumuz digər məkanda ofisiant çəkinmədən konkret qiymətləri deyir:
-Sadə çayı 2-3 manata, şokoladla 5 manata, mürəbbə ilə isə 6 manata satırıq. Biz qiymətləri gizlətmirik, kimə xoşdur içir, kim də istəmir içmir.
Özümüzü turist kimi göstərdiyimiz digər çayxanada isə vəziyyət belədir:
-Xanım, adi limon və qəndlə çayı iki manata satırıq. Yanında bunlardan başqa nəsə olarsa, onu da 4- 5 manatdan başlayaraq müxtəlif qiymətlərə müştərilərə təqdim edirik. Bu da menyumuz, buyurun baxın. Hansını istəyirsiniz, sifariş verin...
İki manatlıq çayımızı içib davam edirik.
Üz tutduğumuz digər çayxanada mənzərə demək olar ki, eyni idi.
-Bizdə sadə çay verilmir. İnciməyin müdriyyətin tapşırığı belədir.
“İsti havada şirniyyat, mürəbbə mənim nəyimə lazımdır. Susuzluğumu yatırmaq üçün sadəcə çay istəyirəm”,-deyə cavabını yerində veririk.
Kafenin işçisi israrla 2 manata çay satılmadığını deyərək, sanki bizi qovmaq istəyirdi: “Mən sizi başa düşürəm, ancaq bizə tapşırılıb ki, yanında heç nə olmasa çay satmayaq. Mütləq çay altı-yeddi manata başa gəlməlidir. Buranın öz tələbləri var. Ancaq çox istəyirsinizsə, administrator ilə danışım, heç olmasa sizə sadəcə bir stəkan çay versinlər”.
Bir sözlə, Bakı Bulvarında 2 manata çay tapmaq olar. Amma...əmması odur ki, 2 manata çay sifariş verən müştəri, evə gələn yersiz qonağı xatırladırdı: nə maraqlanan vardı, nə də sənə xoş üz göstərən…