“Şults milli və dini ayrıseçkiliklə məşğul olur" - Siyavuş NOVRUZOV
Tarix: 29-05-2015, 15:07 |
Çap et
“Azərbaycanın iqtisadi inkişafı, tərəqqisi bəzi qüvvələri hər zaman olduğu kimi indi də narahat edir. Hətta son dövrlərdə mərhələli şəkildə şahidi olmuşuq ki, Avropa Parlamentinin ayrı-ayrı siyasi qrupları və deputatları Azərbaycanla əlaqəli müxtəlif bəyənatlar verib qərarlar qəbul edirlər. Avropa Parlamentinin sədri Martin Şults isə dəfələrlə deyirdi ki, bu kimi bəyənatlara əhəmiyyət verməyin. Lakin baş verənlər Martin Şultsın özünün maskasının cırılmasını göstərir”.
Hafta.az xəbər verir ki, bunu YAP-çı deputat Siyavuş Novruzov parlamentin bugünkü iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, Riqa sammitindən əvvəl və sonra Azərbaycanla bağlı həqiqətə uyğun olmayan erməni lobbisinin təhriki ilə yalan məlumatlar səsləndirilib: “Misal olaraq, iyunun 12-də Bakıda I Avropa Oyunlarının açılış mərasimi keçiriləcək, amma ayın 10-da Şults dünyada görünməmiş ad altında “İdman və insan hüquqları” tədbir keçirəcək. Hətta tədbirdə müxtəlif yerlərdən, eləcə də Azərbaycanda onlara qulluq edən insanları dəvət ediblər ki, dinləmələr keçirsinlər. İndi görün ki, həmin insanların xisləti nədən ibarətdir. Budur onların Avropa dəyəri? Avropanın fundamental dəyərləri kənarda qalır, Şults isə milli və dini ayrıseçkiliklə məşğul olur”. S. Novruzov qeyd edib ki, Rusiyada keçirilən tədbirlərdən birində Ukraynanın müstəqilliyini tanımayan Şults Ermənistanda demokratiyanın çiçəklənmə dövrünün yaşandığını deyib: “Şults insan hüquqlarını belə çox müdafiə edirsə, o zaman ilk növbədə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalından sonra 1 milyondan çox qaçqın düşən və Xocalıda qətlə yetirilən insanların hüquqlarını müdafiə etsin. Bütün bu məsələləri Avropa Parlamentinin iclasında müzakirəyə çıxara bilər. Bax onda Şultsun ədalətli müdafiəçi olduğuna bəlkə inana bildik. Lakin gördüklərimiz ikiüzlülük və satqınlıqdan başqa bir şey deyil”. Azərbaycana bu cür Avropa dəyərlərinin lazım olmadığını deyən deputat əlavə edib ki, Şults partiya dəyərlərinə xəyanət edir: “Əslində o, sosial demokratdır. Bir daha xatırladım ki, Azərbaycanda keçiriləcək I Avropa Oyunları çox yüksək səviyyədə baş tutacaq və onların niyyətləri bir daha baş tutmayacaq”.
Spiker Oqtay Əsədov isə deyib ki, deputat Novruzovun çıxışı zamanı Şults sözünün işlətməsi ona Uzaq Sahillərdə filmində ki, Şultsu xatırladıb:
“Mən dərinə getmək istəmirəm, amma belə şeylər var, bu həqiqətdir”.