APA TV-nin baş direktoru: “Artıq 600 minlik auditoriyaya xitab edirik”
Tarix: 29-05-2015, 10:57 |
Çap et
Bu gün APA TV-nin 2 yaşı tamam olur. Azərbaycanda analoq televiziya formatında yayımlanan ilk və yeganə internet televiziyası olan APA TV artıq ətrafında böyük auditoriya cəmləşdirə bilib.
- APA TV-nin 2 illik fəaliyyətini necə dəyərləndirərdiniz? Qarşıya qoyulan məqsədlərə nail ola bilmisinizmi?
- Fəaliyyətimizin ilk ilində biz informasiya məkanında özümüzə yer etmək, yerimizi müəyyənləşdirmək istəyirdik. Çünki analoq televiziyası formatında yayımlanan ilk internet televiziyası idik. Bizdən əvvəl belə yayım həyata keçirən telekanal olmayıb. Azərbaycanda internet televiziyası yaratmaq cəhdi çox olub. Amma onlar fəaliyyətlərini video xəbər xülasələri ilə yekunlaşdırıblar. Bizdə isə gün ərzində 14 saat canlı yayım həyata keçirilir. İşimiz tək xəbər üzərində qurulmayıb, çoxlu verilişlərimiz, layihələrimiz var. Sənədli filmlər çəkirik. Özəlliklə son bir ildə bu işi bir qədər də intensivləşdirmişik. İlk bir ildə qarşımıza qoyduğumuz hədəflərə nail olmuşuq. APA TV-ni “APA Holdinq”in bir strukturu kimi brendə çevirməyi bacarmışıq. Cəmiyyət, auditoriya artıq bizi tanıyır, qəbul edir. Ölkədə aparıcı informasiya təminatı resurslarından birinə çevrilmişik. Təbii ki, qarşıda həmişə müəyyən hədəflər olur. Artıq geridə qalan bir il üçün qarşımıza qoyduğumuz əsas hədəflər həm yüksəliş tempini saxlamaq, həm də auditoriyamızı stabilləşdirmək idi. Biz internet televiziyası olaraq Azərbaycanda 600 minlik aktiv tamaşaçı auditoriyasına xitab edirik. Aylıq statistik rəqəmləri, reytinq ölçümlərini, izləmə göstəricilərini analiz edəndə görürük ki, ötən bir il ərzində qarşımıza qoyduğumuz hədəfə nail olmuşuq – sabit auditoriyamız var. Əsas uğurlarımızdan biri də işgüzar, məsuliyyətli kollektivimizin daha da möhkəmlənməsidir. Mehriban kollektivimiz var, hamımız gördüyümüz işin məsuliyyətini anlayırıq və uğurumuzun səbəblərindən də biri düşünürəm ki, bu amildir. Bu səbəbdən kollektivə ayrıca təşəkkür edirəm.
- Deməli, əsas hədəflərə çatmısınız...
- Ötən bir il ərzində xarici ölkələrdən APA TV-ni izləyənlərin sayı artıb. Bunu təkcə “Google Analytics”in rəqəmlərinə əsasən iddia etmirik. Ötən bir il ərzində xarici ölkələrdən, daha çox da İrandan, Türkiyədən, Avropa ölkələrindən xeyli reportajlarımız olub, sənədli-xronikal filmlər çəkmişik. Bu yaxınlarda dünyanın ən aparıcı internet televiziyalarından birinin – Fransanın “Frans 24” internet kanalının nümayəndələri APA TV-nin qonağı oldu. Onlar üçün maraqlı idi ki, Fransada tətbiq etdikləri model Azərbaycanda necə tətbiq olunur. Keçdikləri yolun Azərbaycanda necə tətbiq olunduğu ilə maraqlandılar və iş prosesimiz, qurduğumuz sistem onlar üçün xoş bir sürpriz oldu.
- APA TV fəaliyyət göstərdiyi analoq televiziya formatı ilə digər televiziyalara rəqib hesab edilir. Bundan sonra fəaliyyətinizi hansı hədəflərə kökləyərək davam etdirəcəksiniz?
- Yeni fəaliyyətə başladığımız vaxtlar bizi adi bir internet resursu kimi qəbul edirdilərsə, artıq bizi telekanal kimi qəbul edirlər. İnternetdən yayımlansaq da, istər həmkarlarımız, istərsə də tamaşaçılarımız tərəfindən telekanal kimi qəbul olunmuşuq. Siyasətimiz ondan ibarətdir ki, auditoriya telekanalı idarə etməli deyil, telekanal auditoriyanı idarə etməlidir. Biz də “telekanal auditoriyanı idarə etməlidir” prinsipi ilə fəaliyyət göstəririk. Təbii ki, tamaşaçının nə istədiyi bizim üçün vacibdir. Amma bir də günün reallıqları da var. Bizdə kanalda şou tipli proqramlar demək olar ki, yoxdur. Biz daha çox maarifləndirici proqramlara, maarifləndirici xəbərlərə üstünlük veririk. Efir siyasətimiz maarifləndirmə prinsipi üzərində qurulub. Bu istər siyasi, istər, sosial, istərsə də mədəni proqramlarda özünü göstərir. Cəmiyyətdə çox qəribə bir istək yaranıb, kriminal və şou xəbərlərə maraq, baxış daha çoxdur. Telekanallar da təbii olaraq sağlam rəqabət mühitində bu tipli proqramları n sayını artırırlar. Eyni zamanda hesab edirəm ki, ciddi xəbərləri, proqramları gözləyən bir auditoriya da var. Ciddi auditoriya say baxımından şou, kriminal xəbərlər auditoriyasına uduza bilər, amma biz belə bir auditoriyanın telekanalı olmaq istəyirik, həmin tamaşaçı kütləsinə xitab etməyə çalışırıq.
- Bu istiqamətdə hansı addımları atmağı planlaşdırırsınız, yeni hədəfləriniz nədir?
- “APA Holding”in prezidenti Vüsalə Mahirqızı ilə mütəmadi olaraq görəcəyimiz işləri müzakirə edirik. Ümumi nəticələr, qənaətlərimiz belədir ki, növbəti mövsümdən başlayaraq xəbər yüklü verilişlərin, xəbər bloklarının sayını artıraq. Ola bilər ki, gündəlik ana xəbər bloklarının sayını ilkin mərhələdə ikiyə çıxardıq. Zatən müxtəlif səpkili verilişlər yayımlamasına rəğmən APA TV-nin xəbər telekanalı imici var. Biz də önümüzdəki dönəmdə xəbər yüklü, maarifləndirici proqramların sayını artıracağıq. Ötən ildən qalmış və teatrlarla bağlı olan layihəmizi bu ildən həyata keçirəcəyik. Bunun üçün müvafiq texniki imkanlarımız da yaranıb. Bundan başqa əsas hədəflərimizdən biri kimi bölgələrə çıxmaqdır. Ölkənin müxtəlif yerlərində bürolarımız fəaliyyət göstərir, amma o büroların fəaliyyəti sırf xəbər-reportaj işi ilə bitir. Bölgələrdən proqramların hazırlanması, tarixi yerlərimizlə bağlı sənədli filmlərin çəkilməsinə dair layihəmiz Mədəniyyət və Turizm Nazirliyinə təqdim edilib və ilkin rəy də müsbətdir. O layihə çərçivəsində Azərbaycanın müxtəlif yerlərindən silsilə verilişlər çəkiləcək. Ötən il bizim ən böyük nailiyyətlərimizdən biri Təbriz, Ərdəbil, Xoy, Urmiya, Mazandaran kimi tarixi şəhərlərimizdən reportajlar hazırlamağımız oldu. Azərbaycanın televiziya məkanına bəzi ilklərə imza atdıq. Məsələn, Urmiya gölü ilə bağlı heç vaxt geniş çəkiliş olmamışdı. Ən genişmiqyaslı, HD formatında çəkilişi APA TV etdi. Tarixi yerlərimizlə bağlı xeyli maraqlı reportajlarımız oldu. Beləliklə zaman-zaman yaranan fürsətlərdən istifadə edərək materiallar hazırlayır, tamaşaçıya təqdim edir, auditoriyanın reaksiyasını öyrənməyə çalışırıq. Mən çox sevinirəm ki, tamaşaçılarımız Azərbaycan tarixi ilə bağlı proqramlara həssaslıqla yanaşır. Bu baxımdan tarixi mövzulara daha tez-tez müraciət edəcəyik.
- APA TV Avropa Oyunları ilə də bağlı bir-birindən maraqlı silsilə reportajlar yayımlayır...
- Təbii ki, ötən bir ildə fəaliyyətimizin əsas istiqamətlərindən biri Avropa Oyunları ilə bağlı olub. Bu oyunlarla bağlı 100-ə yaxın reportaj hazırlamışıq. Bütün idman obyektlərindən, təlim-məşq toplantılarından, Avropa Oyunlarına həsr olunmuş tədbirlərdən xəbərlər yayımlayıb, xüsusi reportajlar hazırlamışıq. Bundan başqa APA TV-də “Avropa Oyunları” adlı yeni layihə gerçəkləşdiririk. Avropa Oyunlarının işıqlandırılması ilə bağlı xüsusi iş planımız var və əminəm ki, Azərbaycanı dünyaya tanıdacaq bu qlobal tədbirlə bağlı üzərimizə düşən vəzifənin öhdəsindən layiqincə gələcəyik.
- Razılaşın ki, uğurlu layihə tək bir insanın əməyinin məhsulu ola bilməz...
- Təbii ki. APA TV-ni hədəflərinə doğru aparan hər kəsə öz təşəkkürümü bildirmək istəyirəm. Ən böyük təşəkkür təbii ki, “APA Holding”in prezidenti Vüsalə xanıma düşür. Onun dəstəyini və ən əsası da etimadını hər an hiss etmişik. Eyni zamanda “APA Holding”ə daxil olan digər strukturların rəhbərlərinə, əməkdaşlarına, hər kəsə verdikləri dəstəyə görə minnətdaram. Əsas minnətdarlıq isə kollektivimizə düşür. Üzərinə götürdüyü işin məsuliyyətini anlayan insanlarla işləməkdən gözəl heç nə ola bilməz. Bu mənada belə bir kollektivlə çalışdığıma görə özümü şanslı sayıram.