İki vitse-prezidentin adı 10 milyardlıq korrupsiyada
Tarix: 28-05-2015, 12:14 |
Çap et
İki gündür dünyanın gündəmini zəbt edən FİFA-nın yüksək vəzifəli şəxslərinin həbsi ilə əlaqədar qurumun prezidenti Yozef Blatter bəyanat verib.
Axar.az xəbər verir ki, bəyanatda Blatter ABŞ və İsveçrə hakimiyyət dairələri tərəfindən aparılan istintaqı alqışlayıb:
“Bu, FİFA-nın futbolda korrupsiyanın qarşısının alınması üçün indiyədək həyata keçirdiyi tədbirləri gücləndirəcək”.
Xatırladaq ki, ötən gün İsveçrə polisi və Amerika FTB-sinin həyata keçirdiyi əməliyyat nəticəsində FİFA-nın 10-dan çox yüksək çinli əməkdaşı həbs edilib. Onların 100 milyonluq korrupsiyada adı keçirdisə, hazırda 10 milyardlıq rüşvət almaqdan danışılır. Həbs olunanlar arasında FİFA-nın İcraiyyə Komitəsinin üzvləri - Kayman adalarından olan Cefri Uebb, uruqvaylı Euxenio Fiqeredonun adları çəkilir. Həmçinin komitənin sabiq üzvü Cek Uorner də tutulanlar sırasındadır. Onlar Sürixin “Baur au Lac” otelində həbs ediliblər. Adları çəkilən şəxslər FİFA-nın Konqresində iştirak etmək üçün bir neçə gündür Sürixdə imişlər. Həbs olunanların hamısı ABŞ-a ekstradisiya olunub.
Bildirilir ki, ABŞ-da həmin şəxslərə qarşı son 20 ildə dünya çempionatlarının ev sahibliyi ilə bağlı verilən qərarlarda rüşvət almaq, marketinq müqavilələrində maliyyə yeyintisi, reketlik və çirkli pulların yuyulması ittihamı irəli sürüləcək.
Hazırda korrupsiya cinayətləri üzrə işdə 14 futbol funksionerinin, o cümlədən FİFA-nın iki vitse-prezidentinin adı keçir.