Hakim məhkuma: “Sizi mənfi xarakterizə ediblər”
Tarix: 27-05-2015, 14:44 |
Çap et
Bu gün Bakı Apelyasiya Məhkəməsində xuliqanlıqda ittiham olunan Elnur Məmmədzadənin apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Virtualaz.org saytının əldə etdiyi məlumata görə, prosesə hakim Rizvan Səfərov sədrlik edib.
Xuliqanlıqda ittiham olunan və hazırda həbsxanada cəza çəkən Elnur Məmmədzadə məntəqə tipli cəza çəkmə müəssisəsinə köçürülməsi ilə bağlı Qaradağ Rayon Məhkəməsinə ərizə ilə müraciət edib.
Amma məhkəmə onun ərizəsini təmin etməyib. E.Məmmədzadə Qaradağ Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verib.
Məhkəmədə qısa çıxış edən Elnur Məmmədzadə 1 il 7 aydır ki, həbsdə olduğunu və azadlığa çıxmaq istədiyini deyib.
Hakim R.Səfərov isə məhkumun vaxtından əvvəl azadlığa buraxılması üçün cəzaçəkmə müəssisəsinin rəhbərinin müsbət rəyi olmasını bildirib: “Məhkum barədə ən dəqiq məlumatı cəzaçəkmə müəssisəsinin rəhbərliyi verir. Cəzaçəkmə müəssisəsi sizi mənfi xarakterizə edib, tənbehləriniz olub. Sizin məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməniz məqsədəuyğun deyil”.
Məhkəmə heyəti Elnur Məmmədzadənin apelyasiya şikayətini təmin etməyib.