“Hamas Qəzzada dinc sakinlərə qarşı hərbi cinayətlər törədib”
Tarix: 27-05-2015, 12:25 |
Çap et
Amnesty International mayın 27-də yaydığı hesabatda bildirir ki, Hamas islamçı hərəkatı ötən il İsraillə müharibə zamanı Qəzza zolağında dinc fələstinlilərə qarşı hərbi cinayətlər törədib.
Qəzza silahlıları ilə İsrail arasında 50 günlük atışmaya atəşkəs son qoya bildi.
Müharibədə çoxu dinc sakinlər olmaqla, 2100-dən çox fələstinli öldürülüb. İsrail 67 əsgərinin və 6 dinc sakinin həlak olduğunu bildirib.
Amnesty hesabatında yazır: “Hamas qüvvələri İsraillə “əməkdaşlıq”da ittiham olunan fələstinliləri oğurlayıb, işgəncə verib və qətlə yetirib”.
Hamas sözçüsü hesabatı qərəzli, qeyri-peşəkar və qeyri-mötəbər adlandırıb.
Martda yaydığı hesabatda qurum İsraili münaqişə zamanı hərbi cinayətlər törətdiyinə görə tənqid etmişdi.