“Ora xarici dil bilən jurnalistlər getməlidir”
Tarix: 23-05-2015, 15:28 |
Çap et
İyunun 12-28-dək Bakıda I Avropa Oyunları keçiriləcək. Oyunlarda 49 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançı yarışacaq. Oyunlar vaxtı əsas məsuliyyətli işlərdən biri də idman yazarlarının üzərinə düşür.
I Avropa Oyunları ərzində idman yazarları necə işləməlidir?
Modern.az saytı bu sualla idman yazarlarına müraciət edib.
“Qol.az” saytının redaktoru Aydın Bağırov:
“Avropa Oyunları miqyasına görə futbol və digər birnövlü idman yarışlarını geridə qoyur. Məlumdur ki, “Bakı-2015” 20 idman növü üzrə keçiriləcək. Bu mənada, idman jurnalistləri yarış müddətində gərgin rejimdə işləyəcəklər. Bu yarışın ölkəmiz üçün əhəmiyyətini nəzərə alaraq, “Qol.az” saytı hələ ötən ilin əvvəlindən etibarən “Bakı-2015”lə bağlı xəbərlərə daha çox yer ayırmağa başlayıb. 2014-cü ilin aprelində isə saytda “Bakı-2015”ə həsr olunan xüsusi bölmə də yaradılıb. Həmin bölmədə xəbərlər, analitik yazılar və müsahibələr yerləşdirilir.
Ümumilikdə, idman mətbuatının “Bakı-2015”in işıqlandırma səviyyəsini normal qiymətləndirmək olar. İdman jurnalistlərinin bu yarışa marağı çoxdur. Bildiyimə görə, yarışın daha keyfiyyətli və operativ işıqlandırılması üçün TV, sayt və qəzetlərin hər biri bir neçə əməkdaşı (TV-lər isə 10-dan çox) ilə bağlı akkreditasiya üçün müraciət edib”.
“Futbol +” qəzetinin baş redaktoru Mahir Rüstəmli:
“İdman jurnalistikası spesifik sahədi. Yəni taleyini bu sahə ilə bağlayanlar seçiminin fərqinə varmalı, məsuliyyətini hiss etməlidi. Söhbət konkret Avropa Oyunlarını işıqlandırmaq üçün artıq qeydiyyatdan keçmiş yerli həmkarlarımızdan gedirsə, onda bir neçə məqama fikir verməliyik. Arenalara ilk növbədə rus və ingilis dillərindən ən azı birini bilən jurnalistlər getməlidi. Axı, Bakıya çoxlu əcnəbi gələcək, onlarla birbaşa, vasitəçisiz ünsiyyət oxucu, dinləyici, seyrçi marağı baxımından çox vacibdi.
İkinci önəmli məqam jurnalistin işıqlandırmalı olduğu idman növünün qaydalarını müfəssəl bilməsidi. Yəni oxucu, dinləyici,seyrçi hansısa mübahisəli yarış anına dair qərar verməkdə çətinlik çəkərkən biz jurnalistlər onların köməyinə çatmalıyıq.
Üçüncü məqam isə imkan daxilində azarkeş simpatiyalarımızı özümüzə saxlamalı, peşəkarlığı heç bir halda vətən duyğularından önə keçirməməliyik. "Qarabağ"ın Avroliqa oyunları zamanı jurnalistlərin azarkeşcə davranması üzündən dəfələrlə əcnəbi həmkarlarımızın rişxəndi ilə üzləşmişik. Unutmayaq ki, qeydiyyatdan azarkeş yox, jurnalist kimi keçmişik.
Son olaraq isə yemək-içmək məsələlərinə ciddi fikir verməli, əcnəbi həmkarlarımıza qarınqulu kimi görünməməliyik. Onlar belə məqamlara ciddi fikir verir. Bir sözlə, Azərbaycan, Bakı kimi, idman jurnalistləri də sınaq qarşısındadı. Bu sınaqdan çıxa biləcəyimizə inanıram”.
ATV-nin idman redaktoru İlkin Xəlilov:
“İlk növbədə operativlik və obyektivlik gözlənməlidir. Kimin necə işləyəcəyini zaman göstərəcək. Hər bir tamaşaçının vaxtında düzgün və dürüst informasiya almaq hüququ var. Bunu da jurnalistlər etməlidir. Hər bir jurnalist öz peşə prinsiplərinə sadiq qalaraq bunu etməlidir.
İdman yazarları və ya qeyri-idman jurnalistləri ilk növbədə jurnalistikanın prinsiplərinə sadiq qalaraq işləməlidir. Jurnalistin bir işi var. O da yarışları vaxtında işqlandırmaqdır”.