Türkiyə məscidlərində siyasi təbliğat qadağan edilib
Tarix: 23-05-2015, 14:20 |
Çap et
Türkiyə müsəlmanlarının ruhani idarəsi olan Dəyanət İşləri Başqanlığı parlament seçkiləri ərəfəsində ölkə ərazisindəki məscidlərdə siyasətlə məşğul olmağı qadağan edib.
SalamNews-un Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, verilən fətvada məscidlərin bütün müsəlmanların ibadət yeri olduğu, istər din xadimlərinin, istərsə də deputatlığa namizədlərin ibadət məkanında siyasi təbliğat apararaq ayrı-seçkilik etmələrinin doğru olmadığı vurğulanıb. Dəyanət İşləri Başqanlığının verdiyi fətvaya əsasən, aqrar məsələlər, heyvandarlıq və s. kimi bütün ölkəni maraqlandıran ümumi mövzuların müzakirəsinə icazə verilir, lakin məscidlərdə siyasətə yer yoxdur.
“Məscidlərdə siyasətlə məşğul olmaq qadağandır. İstər seçkilərdən öncə, istərsə də seçkilər zamanı ibadət yerlərində siyasi təbliğat aparmaq olmaz, çünki məscidlər hamının, müxtəlif siyasi görüşlü insanların gəldikləri yerlərdir. Müsəlman olan hər kəs məscidə gələ bilər. Orada siyasi təbliğat aparmaq “burada mən varam, məni dəstəkləməyənlər getsin” deməkdir. Bu, həm din xadimlərinə, həm namizədlərə, həm də siyasi partiyalara aiddir. Məscid hər kəsin məscididir, orada siyasətlə məşğul olmaq günahdır, çünki birbaşa ayrı-seçkilikdir”, - deyə idarədən verilən açıqlamada bildirilib.
Qeyd edək ki, son zamanlar parlament seçkiləri ərəfəsində seçiciləri ilə görüşən hakim Ədalət və İnkişaf partiyasından olan namizədlər onlarla görüş yeri kimi məscidlərdən istifadə etməyə başlamışdılar.