İsa Qəmbər hansı dairədən deputatlığa namizəd olacaq? - AÇIQLAMA
Tarix: 22-05-2015, 12:54 |
Çap et
Müsavat Partiyasında kimlərin parlament seçkilərində namizəd olacağı hələ ki dəqiqləşməyib.
Bunu Modern.az-a Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı deyib: “Seçkilərdə kimlərin namizəd olacağı ilə bağlı işlər davam edir. 60-dan çox dairədə namizədlərin öz təşəbbüsü, yaxud da rayon təşkilatlarının razılığı ilə namizədliyinin irəli sürülməsi gözlənilir. Amma bütün bu məsələlər Müsavat Partiyasının Məclisində müzakirə olunandan sonra dəqiqləşəcək. İsa Qəmbərin və Arif Hacılının namizəd olması məsələsi də zamanı gələndə aydınlaşacaq”.
Gülağa Aslanlı partiyadan istefalara da münasibət bildirib: “Əgər kiminsə sözü ilə ziyalı partiyadan istefa verəcəksə, o, artıq onun öz vicdanının işidir. Partiya öz fəaliyyətini davam etdirir. İstefa verənlərlə yanaşı, qəbul olunanlar da var. Bu günə kimi qəbul olunanların sayı istefa verənlərin sayından çoxdur”.
O, partiyanın Suraxanı rayon təşkilatının keçmiş sədri Rövşən Dəmirlinin Müsavatın qeydiyyatının ləğv olunması ilə bağlı Ədliyyə Nazirliyinə müraciət etməsi məsələsinə də toxunub:
“Azərbaycanda hər bir vətəndaşın şikayət etmək, məhkəməyə müraciət eləmək hüququ var. Amma onun nə dərəcədə qanuni olması, nə dərəcədə də onun həqiqəti əks etdirməsi artıq sonrakı tədqiqatın nəticəsidir. Ona görə də bu məsələdə Müsavat Partiyası hər şeyin qanunlara uyğun olmasını, onların aliliyinə əməl olunmasının tərəfdarıdır”.