Rusiyalı ekspert: Azərbaycan dünyaya nümayiş etdirdi ki, müasir şərtlərdə ərazi problemini necə həll etmək olar
“Azərbaycanın Xankəndidə hərbi parad keçirməyə tam haqqı çatır. Çünki Azərbaycan bütün dünyaya nümayiş etdirdi ki, müasir şərtlərdə ərazi problemini necə həll etmək olar. Hansısa psixoz olmadan, kütləvi şəkildə itkilərə yol vermədən işğaldan necə torpaq azad etmək olar”.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu fikirləri Moskvada 8 noyabr-Zəfər Gününə həsr olunan tədbirdə iştirak edən rusiyalı siyasi ekspert Qriqori Trofimçuk bildirib.
Onun sözlərinə görə, Azərbaycan xalqı siyasi münasibətlərdə çox böyük yol keçib: “30 il Azərbaycan cəmiyyəti Zəfər bayramına, Qələbə gününə addım-addım irəliləyib. Çoxları bunun baş verəcəyinə inanmırdı. Çoxları inanmırdı ki, ömrü bu günü görməyə yetəcək. Lakin buna baxmayaraq, bu, Azərbaycan cəmiyyətinin birliyi sayəsində tez baş vermiş oldu. İlk öncə də bu, respublika rəhbərliyinin müdrikliyi və peşəkarlığı sayəsində baş verdi. Məhz bu faktorlar imkan verdi ki, Qələbə gününü təkcə yeni nəsil azərbaycanlılar yox, həm də 30 il bundan qabaq həmin ərazilərdən qaçqın və məcburi köçkün düşən azərbaycanlılar görsün. İndi onlar öz evlərinə qayıdırlar. Bu, olduqca çox vacib məqamdır”.
Rusiyalı ekspert hesab edir ki, Azərbaycan öz ərazi bütövlüyü məsələsini həll etməklə bütün dünyaya nümunə olub.
“Bununla yanaşı, Azərbaycan bütün dünyaya nümayiş etdirdi ki, ərazi problemlərini məhz belə universal yolla həll etmək olar. Yəni, hansısa psixoz olmadan, kütləvi şəkildə əhalini məhv etmədən, güc yolu ilə torpaqları işğaldan azad edib, ərazi bütövlüyü məsələsini həll etmək mümkündür. Sentyabrın 19-da Azərbaycan Qarabağda keçirdiyi antiterror tədbirləri ilə bunu bir daha nümayiş etdirdi. Bu hadisələrdən heç kəs siyasi neqativ çıxara bilməz. Çünki bu mümkün deyil. Bu mənada Azərbaycanın bu təcrübəsindən bütün dünya nümunə götürməlidir. Ona görə ki, bütün dünyada ərazi məsələləri, problemləri, mübahisələri olduqca çoxdur. Lakin Azərbaycan göstərdi ki, müasir şərtlərdə bu cür problemi necə həll etmək olar. Əgər regiondakı siyasi mozaikanın mürəkkəbliyini nəzərə alsaq, rəsmi Bakı, Prezident İlham Əliyev faktiki olaraq həlli mümkün olmayan problem həll etmiş oldu. Ona görə də, Azərbaycanın bunu bayram etməyə, Xankəndidə hərbi parad keçirməyə, bu günü Zəfər günü kimi qeyd etməyə tam haqqı çatır”, - Trofimçuk fikrini yekunlaşdırıb.