Qarabağda univerisitet necə qurulacaq? - Deputatdan açıqlama
Tarix: 19-10-2023, 13:19 | Çap et
 Qarabağda univerisitet necə qurulacaq? - Deputatdan açıqlama

"Qarabağda yaradılacaq universitetin tikinti layihəsi ilə Ağdamda olarkən tanış olmuşam. Ağdamda ayrıca tibb təhsili verən ali məktəbin yox, yaradılacaq Qarabağ Universitetinin tərkibində tibb təhsilinin verilməsi nəzərdə tutulur".
DİA.AZ bildirir ki, bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Elm və təhsil naziri Emin Əmrullayevin Qarabağda tibb təhsili verən universitetinin modelinin hazırlanmasına münasibət bildirən Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, deputat Müşfiq Məmmədli söyləyib.
Qarabağda universitet necə qurulacaq?
O, bildirib ki, istər Füzuli, istər də Ağdam böyük şəhərlər tipində qurulur. Ağdamda yüz mindən çox əhalinin yaşaması planlaşdırılıb. Ona görə də, Qarabağ bölgəsi üçün universitetin olması çox vacibdir.
"Burada gələcəkdə xarici ölkələrdən tələbə cəlb edəcək universitetin yaradılmasından söhbət gedir. Ağdamda yaradılacaq ali təhsil müəssisəsinin beynəlxalq səviyyəli universitet kimi nəzərdə tutulub" deyə deputat bildirib.
M. Məmmədli deyir ki, dünya praktikasında da universitetlərin reytinqdə irəliləməsinin də əsas səbəblərindən biri çoxprofilli olmasıdır. Bu baxımdan Ağdamda yaradılacaq universitetdə tibb təhsilinin verilməsi də vacibdir.
Onun sözlərinə görə, tibb təhsilinin müddəti, bir neçə pilləli olması və rəqabətədavamlı kadr hazırlanması üçün elmi araşdırmaların aparılması üçün xəstəxanaların olması zəruridir. Buna görə də Qarabağda həm də böyük xəstəxana infrastrukturu qurulmalıdır: "Hazırda Azərbaycanda iki universitet tibb təhsili verir. Hər ikisində də təhsilin səviyyəsi yüksəkdir. Bölgələrimizdə isə həkim çatışmazlığı var. Nəzərə alsaq ki, bu gələcəkdə daha çox özünü biruzə verəcək, bu baxımdan gələcəkdə Qarabağda tibb mütəxəssislərinin hazırlanması vacibdir. Xaricdə tibb təhsili almış gənc kadrların bu bölgəyə cəlb edilməsi ilə biz savadlı kadrların yetişməsinə imkan yarada bilərik".
Universitetlərin Qarabağda yaradılması zərurətdir!
"Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti" İctimai Birliyinin sədri İlqar Orucov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, işğaldan azad olunmuş ərazilərdə müasir tipli yeni modern ali təhsil müəssisələrinin yaradılması zəruridir. Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə bu infrastruktur formalaşdırılmalıdır: "Bu ərazilərdə bir neçə profilli universitetləri yaradıla bilər. Azad edilmiş rayonlarda tibb təhsili verən universitetin yaradılması ilə o bölgənin tibb mütəxəssislərinə olan təlabatını ödəmək mümkündür. Onsuz da universitetlərin böyük əksəriyyətinin paytaxtda cəmləşməsi Bakıda sıxlığa səbəb olur. Bu gün Bakıda sıxlığın bir səbəbi də bölgələrdən tələbələrin ali təhsil üçün paytaxta axışmasıdır. İşğaldan azad olunmuş ərazilərdə xaricdə olduğu kimi universitet şəhərləri də salına bilər. Biz bunu müxtəlif ölkələrin təcrübəsində görürük. Belə şəhərlər həmin universitetlə məşhur olur. Orada təhsil infrastrukturunun qurulması təhsilin keyfiyyətinə ciddi təsir edər".
Həmsöhbətimiz bildirib ki, işğaldan azad edilmiş bölgələrimizin aqrar potensialı böyük olduğundan Aqrar Universitetin yaradılması mümkündür. O, bildirib ki, peşə məktəblərinin də işğaldan azad edilmiş zolanarda yaradılması gələcəyin zərurətidir. İ. Orucovun fikrincə, bu yeni salınmış şəhərlərin simasını dəyişərək daha da inkişaf etdirəcək.
"Elə universitet yaradılmalıdır ki..."
Dosent İlham Əhmədov isə deyir ki, Qarabağda universitetlər yüksək standartlarla yaradılmalıdır:
"Yəni, işğaldan azad edilmiş ərazilərdə tədris elə təşkil edilməlidir ki, sonralar orda tədrisi təkmilləşdirməyə ehtiyac olmasın. Fikrimcə, Qarabağda yaradılacaq universitetlərin tikintisi və orda elm-təhsil sisteminin qurulması türk mütəxəssislərə həvalə edilməlidir. Azərbaycanın və Türkiyənin vahid elm-təhsil məkanı formalaşmalıdır. Bu indiki şəraitdə bizim elm və təhsilimizin yeganə xilas yoludur. Vahid təhsil məkanının yaradılması işinə yeni yaradılacaq universitetlərdən başlamaq gərəkdir", - deyə İ.Əhmədov bildirib.
Dosent deyir ki, hazırda universitetlərin paytaxtdan regionlara köçürülməsi kimi səmərəsiz ideyaları müzakirə etməkdənsə, işğaldan azad edilmiş ərazilərdə yeni, müasir universitetlərin qurulması barədə düşünməliyik:
"Yeni universitet deyəndə biz tikinti quraşdırma işlərini nəzərdə tutmuruq. "Böyük qayıdış" proqramı bu regionalara əhalinin geri dönməsi ilə yanaşı, regiona elm, təhsil və mədəniyyətin də qayıdışını nəzərdə tutur".
Xatırladaq ki, elm və təhsil naziri Emin Əmrullayev bu günlərdə açıqlamasında bildirib ki, Qarabağ Universitetinin modeli hazırlanır. Tibb Təhsili üzrə Beynəlxalq Konfransda çıxış edən nazir deyib ki, bu universitet yəqin ki, Ağdamda tikiləcək: "Biz bu universitetdə də tibb təhsilinin verilməsini istəyirik".
Nazir, həmçinin qeyd edib ki, tibb təhsilinin coğrafiyası genişləndirilməlidir:
"Ənənəvi olaraq tibb sadəcə bir ali təhsil müəssisəsində verilir. Hesab edirəm ki, bu sahədə universitetlər arasında mübadiləni təmin etmək mümkündür. Xüsusən də texnologiya sahəsində bu mübadilə daha məqsədəuyğun olardı".
Nazir əlavə edib ki, tibb təhsilinin beynəlxalq təcrübələrə uyğunlaşdırılmasına ehtiyac var və nazirlik bu istiqamətdə təkliflərə açıqdır.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net