
İsrail Ordusu Qəzzanın cənubuna yenidən aviazərbələr endirməyə başladığını elan edib.
APA-nın xəbərinə görə, hədəfin HAMAS obyektləri olduğu bildirilib.
"The Times of Israel" hərbi mənbələrə istinadən əsas hədəflərdən birinin HAMAS-ın əvvəllər girovları saxladığı tunel şəbəkəsi olduğu barədə məlumat yayıb.
Fələstin mediası isə Han Yunus şəhərinə də zərbə endirildiyini yazıb.
saat 16.13
İsrail Baş naziri Binyamin Netanyahu Ordu və təhlükəsizlik qüvvələrinə Qəzzada “terror obyektlərinə qarşı qəti tədbirlər görməsi” barədə göstəriş verib.
APA-nın xəbərinə görə, bu barədə İsrail Baş nazirinin ofisi açıqlama yayıb.
Bildirilir ki, Binyamin Netanyahu bu göstərişi Qəzza zolağında İsrail qüvvələrinə hücumdan sonra müdafiə naziri İsrael Kats, eləcə də ŞABAK və Mossad rəhbərləri ilə keçirdiyi görüş zamanı verib.
***
saat 16.02
İsrail müdafiə naziri İsrael Kats Baş nazir Binyamin Netanyahunu Qəzza zolağında döyüş əməliyyatlarını tam bərpa etmək barədə əmri verməyə çağırıb.
APA-nın xəbərinə görə, İsrael Kats bu barədə X-da paylaşım edib.
“Mən Baş naziri İsrail Ordusuna Qəzza zolağında maksimum qüvvə ilə döyüş əməliyyatlarını tam bərpa etməyi əmrlə çağırıram. HAMAS-ın davranışını dəyişəcəyinə və ya imzalanmış razılaşmaya sadiq qalacağına dair yanlış illuziyalar təhlükəlidir. Terror təşkilatı tamamilə məhv edilməlidir. Bu, nə qədər tez olsa, bir o qədər yaxşıdır”, - deyə müdafiə naziri vurğulayıb .
***
saat 15.46
İsrail Müdafiə Qüvvələri HAMAS silahlılarının bu gün Qəzza zolağının cənubundakı Rafah bölgəsində İsrail qüvvələrinə qumbaraatan snayper silahları ilə atəş açdığını bildirib.
APA-nın xəbərinə görə, bu barədə İsrail Ordusunun yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, atəşkəs razılaşmasına uyğun olaraq “Sarı xəttin” şərq tərəfində — İsrailin nəzarətində olan ərazidə fəaliyyət göstərən ordu bölmələri bölgədəki terror infrastrukturunu məhv ediblər.
Hücumdan dərhal sonra İsrail Hərbi Hava Qüvvələri Rafaha aviazərbələr endirib və artilleriyadan atəşi açılıb. Nəticədə bir neçə tunel və HAMAS sılahlılarının gizləndiyi binalar məhv edilib. Bildirilib ki, bu, atəşkəs razılaşmasının kobud şəkildə pozulmasıdır, İsrail Ordusu qəti tədbirlər görəcək.
HAMAS Qəzza sektorunda atəşkəs rejiminə sadiq olduğunu bəyan edib.
APA-nın xəbərinə görə, bu barədə HAMAS tımsilçisi İzzət əl-Rişek bildirib.
HAMAS təmsilçisi İsrail Ordusunu atəkəs rejimini pozmaqda, Netanyahu hökumətini vasitəçilər qarşısında məsuliyyətdən yayınmağa çalışmaqda ittiham edib.
Qəzzada Rafah şəhərində HAMAS və İsrail Ordusu arasında toqquşmalar başlayıb.
APA-nın xəbərinə görə, bu barədə "The Times of Israel" məlumat yayıb.
Qeyd edilib ki, Qəzzanın cənubunda Rafah şəhərində HAMAS silahlıları İsrail Ordusunun bölmələrinə qarşı hücuma başlayıb.
İsrail Ordusu aviazərbələr endirir.
İsrail Ordusu hələ rəsmi məlumat yaymayıb.