“Azərbaycanda heç kim vəzifəli şəxsdən icazə almadan ev tikə bilməz”
Tarix: 21-05-2015, 12:14 | Çap et
“Azərbaycanda heç kim vəzifəli şəxsdən icazə almadan ev tikə bilməz”
“Prezident İlham Əliyev Binəqədidə yanan bina ilə bağlı yaradılan Dövlət Komissiyasının ötən gün keçirilən iclasında çox ciddi mesajlar verdi”. Bunu Modern.az saytına açıqlamasında Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib.

Deputat prezident İlham Əliyevin qanunsuz evlərlə bağlı bəyanatına diqqət çəkərək bildirib ki, aidiyyəti qurumlar və vəzifəli şəxslər bundan nəticə çıxartmalıdırlar.
“Cənab prezident qeyd elədi ki, hətta elektrik xətlərinin altında da evlər tikilir. Bundan sonra insanlar öz səlahiyyətlərinin öhdəsindən gəlmək üçün ciddi nəticə çıxarmalı və artıq hərəkət etməməlidirlər”.

Vahid Əhmədovun fikrincə, Azərbaycanda heç kim vəzifəli şəxsdən icazə almadan ev tikə bilməz:

“Ev tikiləndə istər yerli icra hakimiyyəti orqanlarının, istərsə də digər qurumların bundan xəbəri olur. Azərbaycanda heç bir yerdə icazəsiz daşı daş üstə qoymaq mümkün deyil. Ona görə də ölkə başçısı tamamilə düzgün xəbərdarlıq etdi ki, qanunsuz tikintilərə son qoymaq lazımdır”.

Prezident İlham Əliyev Dövlət Komissiyasının iclasında qanunsuz evlərin tikintisi məsələsinə toxunub: “Azərbaycanda bu qədər işlər görülür, bu qədər abadlıq, təmir-bərpa işləri aparılır. Bütün işlər ən yüksək keyfiyyətlə görülməlidir. Ancaq biz görürük ki, Azərbaycanda, Bakıda indi nə qədər qanunsuz evlər tikilir. Sanki heç kimin xəbəri yoxdur. Yerli icra başçılarının xəbəri yoxdur, şəhər icra başçılarının xəbəri yoxdur, heç kimin xəbəri yoxdur”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
05-01-2025 12:02
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net