“Böyük Qayıdış”: “Bu evlər çətin dövrdə bizə sığınacaq oldu, indi ehtiyacı olan digər vətəndaşların haqqıdır”
Tarix: 6-06-2023, 10:57 | Çap et


Ermənistanın 30 illik işğal və hərbi təcavüzünün ardından 44 günlük Vətən Müharibəsindən və onun məntiqi nəticəsi olan Böyük Zəfərimizdən sonra tarixi torpaqlarımıza yeni nəfəs və yeni ümidlərlə qayıdış üçün böyük bir mərhələyə qədəm qoyulub.

Keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıdışı prosesi gedir. Vətən müharibəsinin bitməsindən cəmi 1 il 8 ay sonra ilk ailələrin yurdlarına qayıdışı baş tutub. İlk sakinlər müharibədən sonra “ağıllı kənd” konsepsiyası ilə inşa olunan Ağalı kəndinə köçürülüb.

Ermənistanın Azərbaycana qarşı illərlə davam edən işğalçılıq siyasəti və hərbi təcavüzü nəticəsində Qarabağdan və Şərqi Zəngəzurdan didərgin düşmüş 1 milyona yaxın azərbaycanlı ölkənin müxtəlif bölgələrindəki inzibati binalarda, yarımçıq tikililərdə, çadır düşərgələrdə, həmçinin vaqonlarda müvəqqəti məskunlaşmaq məcburiyyətində qalmışdı. Yenicə müstəqillik qazanmış və müstəqil olduğu gündən ciddi təhdidlərlə üz-üzə qalan Azərbaycan üçün bu, növbəti bir sınaq idi. Ulu Öndər Heydər Əliyevin qaçqın və məcburi köçkünlərin sosial-məişət problemlərinin həlli, həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atması, onlara daim dövlət qayğısı göstərməsi həmin əhali üçün gələcəyə ümid yaradırdı. Bu siyasət sonradan Prezident İlham Əliyevin də daim diqqət və qayğısının mərkəzində oldu.

Prezident İlham Əliyevin 2003-cü ildə Biləsuvar rayonunda məcburi köçkünlərlə görüşündə yaxın illərdə ölkədə bütün çadır düşərgələrin ləğv olunacağını bəyan etməsi bu siyasətin öncül məsələ olduğunu bir daha sübuta yetirdi və nəhayət, deyildiyi kimi, 2007-ci ildə sonuncu çadır düşərgəsi də ləğv edildi. Bunun nəticəsi olaraq, minlərlə məcburi köçkün ailəsi dövlət tərəfindən inşa edilən müasir tipli qəsəbələrdə müvəqqəti olaraq məskunlaşdırıldı. Həmin qəsəbələrdə məcburi köçkünlər üçün bütün lazımı məişət şəraiti yaradılmışdı.

Azərbaycan dövləti və vətəndaşı torpaqlarımızın işğaldan azad ediləcəyinə heç vaxt inamını itirmədi. 30 illik işğal dövründə hər kəs gec-tez bu işğala son qoyulacağını, məcburi köçkünlərin öz yurdlarına qayıdacağına şübhə etmirdi. Məcburi köçkünlər yeni salınmış qəsəbələrə, onlara verilmiş evlərə köçürüləndə də öz yurdlarına qayıdacaqlarına əmin idilər. Bir fakta diqqət etmək yerinə düşər ki, 2020-ci il müharibəsindən çox-çox əvvəl baş tutan bu köçürülmə prosesi zamanı məcburi köçkünlərlə bağlanan müqavilələrdə bu evlərin dövlətin (Qaçın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin) balansında olduğu, onlara müvəqqəti yaşayış üçün verildiyi qeyd olunmuşdu. Müqavilənin bir bəndində isə bildirilirdi ki, bu evləri satmaq, bağışlamaq, konstruksiyasında hər hansı dəyişikliklər etmək yolverilməzdir. Bu qeydlər ondan xəbər verirdi ki, həm dövlət, həm də məcburi köçkünlər bu məskunlaşmanın, bu evlərdə yaşayışın müvəqqəti olduğuna əmin idi, torpaqlarımız mütləq işğaldan azad olunacaq və həmin insanlar öz yurdlarına qayıdacaqlar.

O an 2020-ci ilin payızında yetişdi. Torpaqlarımız işğaldan azad olundu, artıq keçmiş məcburi köçkünlər öz ata-baba torpaqlarına qayıtmağa başlayıblar.

Ermənistan 30 illik işğal dövründə torpaqlarımızda bütün infrastrukturu məhv edib, yaşam üçün lazım olan bütün şərait darmadağın edilib. Üstəlik, torpaqlarımızın azad olunmasına və ANAMA tərəfindən minatəmizləmə prosesinin maksimum sürətlə aparılmasına baxmayaraq, mina təhlükəsi böyük problem kimi qalmaqdadır.

Məhz bu və digər bu kimi səbəblərdən dolayı, işğaldan azad olunan ərazilərimizdə “Böyük Qayıdış”a əsasən aparılan bərpa-quruculuq işlərini birdən-birə aparmaq, məcburi köçkünlərin hamısını eyni anda öz ata-baba yurdlarına qaytarmaq mümkün deyil. Bütün bu proseslər mərhələli formada həyata keçirilir.

Minayə Mahmudovanın ailəsi Zəngilan rayonunun Ağalı kəndinə köçən ilk 20 ailədən biridir. O, hazırda Ağalıda beş nəfərlik ailəsi ilə birlikdə yaşayır. Minayə Mahmudova öz dədə-baba yurdunda dördotaqlı evlə təmin olunub. Bütün şəraiti ən yüksək səviyyədə qurulan “ağıllı” evinin həyətində tərəvəz becərir. Özü isə işlə təmin olub və aylıq məvacib alır.


Minayə Mahmudova APA-nın Ağalı kəndində olan əməkdaşına müsahibəsində bildirib ki, Ağalı kəndindən məcburi köçkün düşdükdən sonra uzun illər məşəqqətli günlər yaşayıb: “Biz məcburi köçkün düşdükdən sonra Azərbaycan Memarlıq və İnşaat Universitetinin yataqxanasında 1 otaqda məskunlaşdıq. Sonradan bizi Qobu Park qəsəbəsinə köçürdülər. Dövlət sağ olsun, mənzilimizdə hər cür şərait var idi”.

Minayə xanım Vətən müharibəsindən sonra torpaqlar azad olunmasını, Ağalı kəndinin yenidən qurulmasını böyük sevinclə qarşıladığını deyir: “Ağalı kəndi yenidən qurulandan sonra nümayəndə heyəti məndən oraya köçüb-köçməməyim barədə soruşdu. Təbii ki, istəyirdim. Dedim, xahiş edirəm, o sözü mənə deməyin. Mənə deyin ki, gəl yığış get kəndinə. Şükürlər olsun ki, o gün yetişdi və indi biz ailəlikcə burada - öz doğma ata-baba yurdumuzda yaşayırıq”.

Qobu Park qəsəbəsində müvəqqəti məskunlaşdıqları evə gəlincə, Minayə xanım o evin dövlət tərəfindən şəhid ailəsinə verildiyini deyir: “Bizə Ağalıda ev veriləndən sonra müvəqqəti yaşamağımız üçün qəsəbədə verilən evi boşaltdıq və o ev dövlət tərəfindən şəhid ailəsinə verildi. Həqiqətən, dövlətimizin bu cür addım atmasını dəstəkləyirik. Çünki həm bizi düşündü, həm də şəhid ailələrini. Bu qısa müddətdə bizim üçün hər bir gözəl şərait yaradılıb. Dövlətimiz bizi heç vaxt bizi tək buraxmayıb. Hər zaman arxamızda olub”.

Ağalı kəndində uşaqların təhsil alması üçün uşaq bağçası, müasir təhsil kompleksi və kənd sakinlərinin məşğulluğunun artırılması üçün emal sexləri inşa olunub və istifadəyə verilib. Kənd ərazisinə təsərrüfat işlərində istifadə etmək üçün müxtəlif növ kənd təsərrüfatı texnikaları da gətirilib. Dövlət Sahibkar Tərəfdaşlığı İnkişaf Mərkəzi, Sağlam Tekstil Tibb Vasitələrin İstehsalı Mərkəzi yaradılıb.Bu mərkəzdə 20 nəfərə yaxın kənd sakini işlə təmin olunub.



Sağlam Tekstil Tibb Vasitələrin İstehsalı Mərkəzinin nəzarətçisi Zaur Məhərrəmov söhbət zamanı APA-ya bildirib ki, hazırda mərkəzdə vakant yer çoxdur: “60 nəfərə qədər işçinin işləməsi üçün şərait var. Burada boş qalan iş yerləri isə kənd sakinlərinin hamısı kəndə köçdükdən sonra dolacaq. Mən özüm kənddən çıxanda 9 yaşım vardı. Sumqayıt şəhərində 35 saylı Peşə məktəbinin yataqxanasında 28 il yaşadıq. Sonradan dövlət bizi evlə təmin elədi. 2 il dördotaqlı, yüksək şəraitli evdə yaşadıq. Kəndimizin bərpasından sonra məni və ailəmi kəndə köçürdülər. Bizim 2 il ərzində yaşadığımız ev isə ehtiyacı olan aztəminatlı ailəyə verildi. Bu, atıla biləcək ən yaxşı addım idi”.



Məlum olduğu kimi, indiyə qədər Cocuq Mərcanlı, Talış, Ağalı kəndləri ilə yanaşı, artıq Laçına da əhalinin hissə-hissə köçürülməsi prosesi başlayıb.

Laçın şəhərinə - əzəli yurduna ilk qayıdan ailələrdən biri də Rəşad Mirzəyevin ailəsidir. O, APA-ya köçkün həyatının ağır və məşəqqətli tərəflərindən danışaraq, artıq həmin günləri arxada qoyduqlarını vurğulayır: “Köçkün həyatımız çox çətin olub. Uşaqlığımız əlimizdən alınıb. Amma dövlətin bizə qayğısını hər zaman hiss etmişik. Bura köçməzdən qabaq yaşadığımız evi bizə dövlət müvəqqəti yaşamaq üçün vermişdi. Bu gün artıq o zamandır ki, biz öz torpaqlarımıza qayıdırıq, bizə müvəqqəti verilən evlər isə hesab edirik ki, ehtiyacı olan ailələrə, şəhid və qazi ailələrinə verilməlidir. Bundan böyük məmnunluq ola bilməz”.



Ailənin xanımı Ülviyyə Cəfərova isə əslən Qərbi Azərbaycandandır. Heç vaxt Laçını görməsə belə, buraya gəlib Laçında yaşamağın onun üçün ən yaxşı seçim olduğunu düşünür: “Sağ olsun, dövlətimiz, dövlət başçımız və ordumuz ki, belə bir gözəllikdən biri məhrum qoymadı, torpaqlarımızı azad etdi. Bizim müvəqqəti məskunlaşdığımız ev isə, həmçinin zamanla oradakı mənzillər ehtiyacı olan ailələrə, yaxud hələ də yataqxanalarda, çətin şəraitdə yaşayan ailələrə veriləcək ki, bu da bizim üçün sevindirici məqamdır”.



Laçın şəhərində qonaq olduğumuz digər ailə isə Solmaz Sadıqovanın ailəsidir. Solmaz xanımın sözlərinə görə, onlar bundan öncə Sumqayıtdakı qaçqın və məcburi köçkünlər üçün salınmış şəhərcikdə yaşayıblar. “Bizə orada dövlət tərəfindən 4 otaqlı geniş, hər bir şəraiti olan mənzil verilmişdi. İndi öz ata-baba yurdumuza qayıtmışıq, bura bizim üçün daha doğmadır. Biz oradan çıxanda açarı necə almışdıqsa, o cür də təhvil verdik. Bir vaxtlar biz də evsiz-eşiksiz olmuşuq, bizim də evə ehtiyacımız olub. İndi biz şad olarıq ki, o evlər ehtiyacı olan ailələrə, şəhid və qazi ailələrinə verilsin”.



Qeyd etdiyimiz kimi, “Böyük Qayıdış” özündə bir neçə mərhələni ehtiva etdiyi kimi, azad olunmuş ərazilərə əhalinin köçürülməsi prosesi də mərhələli formada həyata keçirilir. Hazırda paytaxt Bakıda və ölkənin digər bölgələrində dövlət tərəfindən müvəqqəti yaşamaq üçün verilən mənzillərdə yaşayan qaçqın və məcburi köçkün ailələri öz ata-baba yurdlarına qayıtdıqları üçün həmin evləri yenidən dövlətin balansına qaytarmağa hazır olduqlarını bildirirlər. Belə ailələrdən biri də Qaradağ rayonundakı “Ümid” qəsəbəsində salınmış şəhərcikdə məskunlaşan Əliyevlər ailəsidir. Etibar Əliyev APA-ya açıqlamasında bildirib ki, bu illər ərzində Azərbaycan dövlətinin hər cür qayğısını hiss ediblər: “Mən Laçındanam. Bizim ailə 1992-ci ildə Laçından didərgin düşüb. 44 günlük Vətən Müharibəsində cənab Ali Baş Komandanın və Ordumuzun, həmçinin xalqımızın şücaəti sayəsində torpaqlarımızın azad olunub, artıq öz yurd-yuvamıza qayıda bilərik. Bildiyiniz kimi, artıq əhalinin Laçına qayıtması təmin olunur. Mən bugünkü sevincimi sözlə ifadə edə bilmirəm. Bu illər ərzində Cənab Prezident İlham Əliyevin, dövlətimizin diqqət və qayğısını hiss etmişik. Bu qəsəbənin, eyni zamanda, ölkənin ayrı-ayrı yerlərində bu cür qəsəbələrin salınması biz qaçqın və məcburi köçkünlər, yaşamağımız üçün hava-su qədər vacib məsələ idi. İndi isə artıq vaxtdır. O vaxtdır ki, biz Laçınımıza qayıdırıq. Bu günə qədər bu mənzillərdə yaşamışıq, bundan sonra artıq öz yurd-yuvamızda yaşamaq istəyirik, Allahın köməyi ilə. Dövlətimiz də bizim üçün müvəqqəti yaşamağa verilən bu mənzilləri hələ də yataqxanalarda qalan aztəminatlı ailələrə, yaxud bizi Laçınımıza qaytaran şəhid və qazi ailələrinə üçün verəcək, inşallah”.

Ailənin xanımı Mina Süleymanova da Laçına dönəcəkləri günü səbirsizliklə gözlədiklərini deyir: “Biz 1992-ci ildə Laçından çıxmışıq. Məcburi köçkün olsaq da, dövlət tərəfindən bizə bütün qayğı və köməkliklər göstərilib. Bizim bu illər ərzində yeganə problemimiz torpaq həsrəti, Vətən həsrəti olub. Bu illər ərzində vəfat edən qohumlarımız, qonşularımız hamısı Vətən həsrəti ilə bu dünyadan köçüb. Həsrətimiz artıq başa çatır. Necə ki bir zamanlar evsiz-eşiksiz olduğumuz vaxtda bizə dövlət qucaq açmış, mənzillə təmin etmişdi, bizim öz yurd-yuvamıza qayıtmağımızdan sonra ehtiyacı olan ailələrə o cür qucaq açmalıdır. Bu evin açarını şəxsən mən özüm aztəminatlı ailələrdən birinə təqdim etmək istəyərdim. Allah dövlətimizi, dövlətimizin başçısını, ordumuzu və xalqımızı qorusun”.

“Böyük Qayıdış”ın başlanması ilə dövlət artıq digər kateqoriyadan olan vətəndaşların da mənzil-məişət problemlərinin həllinə diqqət ayıra biləcək. Bakıda və digər bölgələrdə dövlətin müvəqqəti olaraq köçkünlərə ayırdığı evlər boşaldıqca qəzalı şəraitdə yaşayan digər kateqoriyadan olan, həmçinin, hələlik doğma torpaqlara qayıtmamış köçkün ailələrin yerləşdirilməsi nəzərdə tutulub.

Keçmiş məcburi köçkünlər üçün salınmış qəsəbədə yaşayan digər ailə isə Abdullayevlər ailəsidir. Ailə başçısı Həsən Abdullayevin sözlərinə görə, bu illər ərzində hazırda yaşadığı evdə hər bir şərait təmin olunsa da, öz torpaqlarına dönəcəyi günü gözləyiblər: “Artıq birinci mərhələ üçün bəzi ailələr köçüb, inşallah, növbəti mərhələlər üçün biz də öz ata-baba yurdumuza qayıdacağıq. Bu mənzil də öz yurd-yuvama qayıdandan sonra başqa ehtiyacı olan ailələrə veriləcək. Bir zamanlar bizim də ehtiyacımız var idi, amma indi, şükür Allaha, o ehtiyac olmayacaq. Qoy ehtiyacı olanlar da bu sevinci yaşasınlar”.

Böyük Zəfərin ardından həyata keçirilən “Böyük Qayıdış” planı, eyni zamanda, aztəminatlı əhalinin, şəhid və qazi ailələrinin də yaşayış şəraitinin yaxşılaşdırılması, onların yataqxanalardan məhz müvəqqəti yaşayış qəsəbələrindəki mənzillərə köçürülməsi prosesini də özündə ehtiva edir. Belə yataqxanalardan biri də 2 saylı Peşə Litseyinin yataqxanasıdır.

Uzun illərdir, yataqxanada yaşayan Vəliyevlər ailəsinin başçısı Ələkbər Vəliyev Laçının Zabux kəndindəndir: “Mən özüm Zabuxda doğulmuş, orada da böyümüşəm. Erməni qəsbkarları bizi ocağımızdan didərgin saldı. Çətin vəziyyətdə olmasına baxmayaraq, dövlətimiz, dövlət başçımız biz köçkünlərə ən yaxşı formada dəstək nümayiş etdirdi, imkan daxilində mənzillə təmin etdi, yataqxanalarda yer verdi. Torpaqlarımızın qayıtması ilə artıq yavaş-yavaş öz yurd-yuvamıza qayıtmağa başlayırıq. Biz 1992-ci ildən yataqxanada məskunlaşmışıq. Dediyim kimi, həm Bakıda, həm də digər rayonlarımızda dövlət tərəfindən salınan şəhərciklər, oradakı mənzillər var ki, əhali yavaş-yavaş azad olunmuş ərazilərə köçdükcə yataqxanada qalanlar, ehtiyacı olanlar, şəhid və qazi ailələri həmin mənzillərə köçürüləcək. O gün olsun, biz o mərhələni də aşaq, biz də bizdən öncəkilər kimi öz torpaqlarımıza qayıdaq, sizi orada qarşılayaq”.

Qərənfil Alızadə də, öz növbəsində, bu illər ərzində yaşadıqları həsrətin bir gün sona çatacağına ümidini ifadə edib: “Biz 30 ildir, bu yataqxanadayıq. Hər bir şəraitlə təmin olunmuşuq. Amma torpaq həsrəti bizi heç vaxt rahat qoymayıb. Artıq azad olunmuş torpaqlara əhalini köçürürlər. Öz yurdlarına evləri hazır olan əhali oraya köçdükcə bizim kimi ailələri onların müvəqqəti məskunlaşdığı evlərə köçürəcəklər. Və biz də, inşallah, vaxtı-vədəsi çatanda öz torpaqlarımıza qayıdacağıq, həmin evləri ehtiyacı olan adamlara verəcəyik”.

Yataqxanada yaşayan Elza Həsənovanın oğlu 1992-ci ildə Qarabağ müharibəsində şəhid olub. Elza xanım və ailənin digər üzvləri məcburi köçkün kimi yataqxanada məskunlaşıb: “Bura qədər həsrətlə dözmüşük, artıq ora qayıdacağımıza az qalıb. Qəsəbələrdə hazırda yaşayan adamlar öz torpaqlarına qayıtdıqca bizim kimi ehtiyacı olan ailələri də oraya aparacaqlar. Vallah, bütün bunların hamısı bizim üçün müvəqqətidir. Çünki bizim üçün ən əsas olan öz torpaqlarımıza qayıtmaqdır”.

Kifayət Nəsibova da məcburi köçkündür, 30 ildir, 2 saylı Peşə Litseyinin yataqxanasında məskunlaşıb: “Dövlət tərəfindən bu illər ərzində qayğı görmüşük, dəstək görmüşük. Amma yenə də bizim şəraitimiz yaxşı deyil. Torpaqlarımızın alınması ilə artıq oraya əhalinin köçürülməsi başlayır. Köçkünlər üçün salınmış qəsəbələrdən əhali öz torpaqlarına köçdükcə bizim kimi ailələrin, ehtiyacı olanların da Allahın köməyi ilə, yataqxana həyatı bitəcək, dövlət tərəfindən tikilən mənzillərdə yaşayacağıq. Amma, sözsüz ki, biz də orada müvəqqəti qalacağıq. Başa düşürük ki, hər şey birdən-birə olmur. Yavaş-yavaş, addım-addım bizə də vaxt çatacaq, biz də öz ata-baba torpaqlarımıza qayıdacağıq”.

Göründüyü kimi, 44 günlük Vətən Müharibəsi zamanı Prezident-Xalq-Ordu birliyi müharibədən sonrakı “Böyük Qayıdış” prosesində özünü göstərir. Milli birlik, bir yumruq ətrafında birləşmək 30 illik həsrətində olduğumuz torpaqlara mərhələli və sürətli qayıdışımız üçün təməl prinsiplərdən biridir. Bu gün bir zamanlar həsrətlə baxdığımız torpaqlar bizdən, sadəcə, səbir istəyir. Biz haqqımız olan torpaqlara qayıtmışıq. İşğal altında olan torpaqlarımızı Ali Baş Komandan, Ordumuz və xalqımızın milli iradəsi sayəsində qazandığımız kimi, həmin torpaqlarda yaşamı bərpa etməkdə də eyni birliyi sərgiləyəcəyik.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net