Bakıdan hara çıxıb gedək, Nuşirəvan müəllim???
Tarix: 19-05-2015, 18:04 | Çap et
Bakıdan hara çıxıb gedək, Nuşirəvan müəllim???
…Uzun sözün qısası, istəmirəm bəzi adamların başını dəng eliyim. Odur ki, dərhal mətləbə keçirəm… Bir vaxtlar bəzi acgözlər Bakıda harda boş yer görürdülərsə, dərhal çəpərləyib-hasarlayıb göydələn tikməyə başladılar (bu gün biri yavaş-yavaş yandı, 15 nəfər öldü, 50 nəfər yaralandı). Artıq hamı bilirdi ki, onlar «göydən gələnlərdir» və ona görə də göylə gedirlər. Elə göylə getdiklərinə görə də göydələn tikməyə başlayıblar… Və sonra baxıb gördülər ki, Bakıda tıxac əlindən nəfəs almaq, yolu keçib getmək mümkün deyil. Yolda doğanlar, tıxacda evlənənlər… Mən hələ bunları demirəm… Çünki əvvəllər 4-5 birmərətəbəli evlərdən ibarət həyətlərin yerində indi 400-500 mənzilli (evlər) bina tikilib. Bu isə o demək idi ki, əgər əvvəllər həmin əraziyə 4-5 maşın girib çıxa bilərdisə, indi ora göydələndə yaşayan və göylə gedənlərin ən azı ailə başına bir maşını bu həyətə girməlidir.
Bir sözlə, yerlə və göylə əlləşən bu adamlar Bakını o günə saldılar ki, sonradan özlərinin gününün qara olduğunu anlayıb tıxacları aradan qaldırmaq üçün baş sındırmağa başladılar. İlk ağıllarına gələn Bakının mərkəzi küçələrinə «Saxlamaq və dayanmaq qadağandır» nişanları qoyub yollara sarı xətt, əslində isə Bakının sinəsinə dağ çəkdilər çəkdilər… Baxdılar ki, yox, həmin küçələrdə onların restoran və kafeləri, aptekləri, ticarət mərkəzləri… yerləşir. Odur ki, bu dəfə bir gülləyə iki dovşan vurmaq istədilər… Və nəticədə həmin küçələrə bu dəfə «parkomat» adlı bir qurğu yerləşdirdilər.
Sual olunurdu: son məqsəd Bakını nəfəs almağa qoymayan tıxacları aradan qaldırmaqdırsa, bəs bu pullu aparat nədir? Sonradan məlum oldu ki, «dava yorğan davasıdır»! Yəni, bu o deməkdir ki, məqsəd tıxacın aradan qaldırılması yox, pul qazanmaqdır. Ayıblı bir nəticə və məqsəd!
***
…Bax mən indi gəlirəm mətləbə: dünən evdən çıxıb yanımızdakı aptekə girmək istədim. Maşını saxlayıb aptekə girdim. Şüşəli pəncərədən baxanda gördüm ki, bir taksi sürücüsü (sonradan ona yaramaz və işverən dedim) harasa zəng edir. Dəqiqə keçməmişdi ki, qırğı kimi bir evakuator maşını peyda oldu. Aptekdən çıxıb abırlarını ətəklərinə bükdüm, dedim, adam… kişi olar!!!
Gəldim iş yerinə. Yəni, bizim iş yerimiz redaksiyadır, «Azərbaycan» nəşriyyatının binası. Maşını həmişəki kimi nəşriyyatın qarşısında saxladım. Bir də gördüm mühafizə polisimiz məni axtarır ki, bəs DYP əməkdaşları maşının şəklini çəkirlər ki, cərimə yazsınlar… Düşünürəm, bu DYP əməkdaşları indi də nəşriyyatdakılara ilişir, anlamırlar ki, bu maşınlar nəşriyyatda iş yeri olanlarındır? İndi neyləyək, bu maşını haramızda, üzr istəyirəm, harada gizlədək??? Dubay şeyxləri də bilir ki, Bakıda maşın alveri hansı məmurlara məxsusdur. Elə isə biz Aşotun yox, bu məmurların dükanından maşın almışıq… Sonra ildə 51 manat texniki baxışa (?), bir də yol fonduna görə pul ödəmişik. Məşədi İbad demiş, vay-vay, lap yadımdan çıxmışdı, istəkli filankəsin sığorta şirkətinə isə 90 manat pul ödəmişəm… İndi ay başınıza dönüm, bir iş görəndə fikirləşin ki, bu millət neyləsin bəs? Mən 1981-ci ildən bu nəşriyyatdakı iş yerimdəyəm… Və 1994-cü ildən işə məlum səbəbdən maşınla gəlirəm və maşınımı iş yerimin qarşısında saxlayıram. İndiyədək bu iş yerimə görə «Profsoyuz»a filan qədər, Dövlət Sosial Müdafiə Fonduna isə ondan min dəfə çox vergi ödəmişəm… Və həmin vergidən bu DYP əməkdaşları maaş alıb şellənirlər. İndi mən niyə bu iş yerimin qarşısında maşın saxlamağıma görə DYP əməkdaşlarının yersiz və əsassız protokollarına görə cərimə ödəməliyəm? Axı yuxarıda dedim, mən bu maşınla bu iş yerinə gəlirəm və bu maşina və iş yerimə görə isə büdcəyə ödədiyim vergidən bu DYP əməkdaşları maaş alıb balalarına çörək, özlərinə isə maşın, qəttəzə pal-paltar… alıblar. İndi deyin: mən nə etməliyəm???
Sonda, çox istərdim ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi cənab Nuşirəvan Səfərov tabeliyində olan və əsasən yol hərəkətinin tənzimlənməsi ilə məşğul olmalı əməkdaşlarına tapşırsın ki, «Azərbaycan» nəşriyyatının qarşısı ilə işləri olmasın. Çünki bura da bizim iş yerimizin qarşısıdır. Məgər Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi cənab Nuşirəvan Səfərov və onun tabeliyində olan yüzlərlə DYP əməkdaşı idarənin qarşısında mmaşın saxlamağa görə cərimə, yaxud vergi ödəyirlər? Həmçinin digər nazirliklərin və ya ASC-lərin, komitələrin, şirkətlərin… çoxsaylı əməkdaşları…
Asif Mərzili





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
05-01-2025 12:02
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net