Olimpiya stadionunun çökməsi xəbərini kimlər yayıb?
Tarix: 19-05-2015, 10:57 |
Çap et
“Ölkəmizə qarşı aparılan kampaniyaların məqsədi bizim müstəqil siyasət aparmağımıza mane olmaqdır”
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli müsahibəsində deyib.
Deputatın sözlərinə görə, Azərbaycana qarşı təzyiqlər hər zaman olub: “Bu təzyiqləri həmişə hiss etmişik. Nüfuzlu beynəlxalq tədbirlər ərəfəsində isə təzyiq cəhdləri daha artır. Əgər diqqət yetirsək, görərik ki, olimpiya oyunları kimi böyük idman tədbirlərinin keçirildiyi başqa ölkələrə də təzyiqlər, təhdidlər olub.
Məsələn, Afinada, Pekində, Yay Olimpiya Oyunlarının keçirilməsi ərəfəsində baş verənlər buna sübutdur. Eyni zamanda, Braziliyada futbol üzrə dünya çempionatı ərəfəsində nələrin baş verdiyini yaxşı xatırlayırıq.
Təbii ki, bütün bunları böyük güclər, bəzi dövlətlər təşkil edir. İstəyirlər ki, hamı onların diqtəsi ilə hərəkət etsin. Azərbaycana da təzyiqlərin, qarayaxma kampaniyalarının arxasında bu məqsəd dayanır. Məqsəd bizim müstəqil siyasət aparmağımıza mane olmaqdır”.
Millət vəkili hesab edir ki, Bakı Olimpiya Stadionunun çökməsi ilə bağlı xəbərləri də məhz Azərbaycanın uğurlarını gözü götürməyən xarici dövlətlər yayıb: “Bir müddət əvvəl yeni inşa edilmiş olimpiya stadionunun çökməsi xəbəri yayıldı. Bu xəbəri kim yaydı? Təbii ki, həmin qüvvələr və onların burdakı əlaltıları. Bu, sadəcə, təxribat idi. Onlar Azərbaycanın nüfuzuna xələl gətirmək istəyirdilər. Amma bu, baş tutan iş deyil.
Mayın 5-də biz parlamentdə 30-dan çox QHT-nin, eləcə də idman təşkilatlarının nümayəndələrinin iştirakı ilə dinləmələr keçirildi. Birmənalı şəkildə vurğulandı ki, Azərbaycana qarşı təxribatlar, yalanlar qəbulolunmazdır. Əgər kimlərsə, belə şeylərə inanırlarsa, təbliğat nəticəsində maarifləndirmə yolu ilə onlara əsl həqiqətlər izah olunmalıdır. Bütövlükdə isə Azərbaycan cəmiyyəti intellektualdır və onu hansısa yalanlarla mənfi istiqamətlərə yönləndirmək mümkün deyil”.