MTN-in yaxaladığı narkotik alverçilərinə 15 İL HƏBS
Tarix: 15-05-2015, 16:48 |
Çap et
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrinin dövriyyəsində təqsirləndirilən Rahid İbadov və Vüqar Amanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Rahid İbadov 8 il, Vüqar Amanov isə 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində ümumilikdə 24 kiloqrama yaxın narkotik vasitənin İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə, yəni gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilərək Azərbaycan Respublikasının ərazisinə qanunsuz daşınmasının qarşısı alınıb. Bu əmələ görə 9 nəfər şübhəli şəxs qismində tutulub.
Keçirilmiş baxışlar zamanı ayrı-ayrılıqda 10 kiloqramdan artıq heroin, 11 kiloqram 881 qram tiryək, 1 kiloqram 446 qram həşiş və təxminən 20 qram sintetik narkotik vasitə olan metanfetamin aşkar edilərək götürülmüşdür.
Bütün faktlarla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddələri ilə cinayət işləri başlanılmışdır. Azərbaycan Respublikasının vətəndaşları - Hüseynov Şahüseyn Sərxan oğlu, Qənbərov İlkin Bəyəlioğlu, Haqverdiyev Vasif Abbasoğlu, Dadaşov İlqar Xanhüseynoğlu, Həsənov Həsən Turab oğlu, Əliyev Elşən İslam oğlu, İbadov Rahid İbad oğlu, Amanov Vüqar Balaş oğlu və Əliyev Ehtiram Dədəkişi oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir.
Cinayət işləri üzrə bütün halların araşdırılması, bu qanunazidd əməllərin digər iştirakçılarının müəyyən edilməsi üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.