Azərbaycan Səudiyyə Ərəbistanı ilə iqtisadi əməkdaşlıq səviyyəsini artırmaq istəyir
Tarix: 15-05-2015, 12:33 |
Çap et
Noyabrda Səudiyyə Ərəbistanı-Azərbaycan birgə biznes forumu keçiriləcək.
Bu barədə cümə günü Bakıda keçirilən Azərbaycan-Səudiyyə Ərəbistanı biznes forumu zamanı Azərbaycan İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev bildirib.
“Növbəti biznes forumun cari ilin noyabr ayında Səudiyyə Ərəbistanında keçirilməsi ilə bağlı artıq ilkin razılığa gəlmişik”, - deyə Ş.Mustafayev məlumat verib.
Onun sözlərinə görə, hazırkı biznes forum iki ölkə arasında baş tutan ikinci biznes forumdur: “Birinci hökumətlərarası komissiyalar çərçivəsində 2013-cü il dekabr ayında keçirilmişdi. Ölkələr arası münasibətin ən yaxşı göstəricisi kimi cari ilin aprel ayında Azərbaycan Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanına səfərini göstərmək olar”.
Bununla yanaşı, Ş.Mustafayev qeyd edib ki, iqtisadi əməkdaşlığı siyasi əməkdaşlıq səviyyəsinə kimi artırmaq lazımdır.