Bakının mərkəzində əxlaqsızlıq yuvaları
Tarix: 15-05-2015, 11:49 | Çap et
Bakının mərkəzində əxlaqsızlıq yuvaları
Adətən böyük və müasir şəhərlərdə əxlaqsızlıq yuvası, narkopriton, qeyri-leqal qumarxana və digər bu kimi “kriminal müəssisələr” şəhərin ucqar ərazilərində və yaxud da ayrı-ayrı müvafiq məhəllələrdə yerləşmiş olurlar. Ən azından xarici bədii və sənədli filmləri izlədikdən sonra belə bir qənaətə gəlmək olur. Lakin qəribədir ki, hazırda Bakının məhz mərkəzində bu kimi obyektlərə daha çox rast gəlmək olur. Xüsusilə paytaxtın Nəsimi rayonu ərazisində bu gün fəaliyyət göstərən əxlaqsızlıq yuvalarının sayı hədsiz dərəcədə çoxdur. Qəzetimizin ötən saylarında biz bu mövzuda dəfələrlə tənqidi materiallar dərc etmişik. Həmin materiallarda Nəsimi rayonu ərazisində yerləşən və ictimaiyyətə daha çox sauna və ya masaj salonu kimi təqdim olunan müxtəlif səviyyəli əxlaqsızlıq yuvalarının fəaliyyətindən bəhs olunmuşdu. Başa düşmək olmur ki, hansı səbəblər ünvanı dəqiq məlum olan, fəaliyyət növü isə heç bir şübhə doğurmayan bu obyektləri bir dəfəlik bağlanması üçün qəti tədbirlərin görülməsinə mane ola bilər. İstər-istəməz Nəsimi RPİ-nin ərazisində yerləşən bu pritonlara hüquq-mühafizə orqanlarında kimlərinsə havadarlıq etməsinə dair şübhələr yaranır. Yeni aldığımız daha bir məlumatda yenə də məhz bu rayonun ərazisində fəaliyyət göstərən növbəti pritonlar şəbəkəsi barədə açıqlamalar təqdim olunur. Mənbə ilk növbədə şəbəkəyə daxil olan obyektlərin dəqiq ünvanlarını və adlarını təqdim edir. Məlumata görə “Piramida” massaj salonu 2-ci mikrorayon, H.Əliyev küçəsi, ev1, mənzil 48; “Vostoçnıy bereq” – İslam Səfərli və Dilarə Əliyeva küçələrinin kəsişməsində; “Qaya” – İslam Səfərli küçəsi, ev14; “Hiils” – Həzi Aslanov və Səməd Vurğun küçələrinin kəsişməsində; “Aqfa” – Xəqani küçəsi, ev 20 ünvanlarında yerləşirlər. Daha sonra mənbə bildirir ki, rəsmi olaraq massaj salonu adı altında fəaliyyət göstərən bütün bu obyektlər Mehman adlı bir nəfərə məxsusdur. Ötən materiallarda da biz dəfələrlə fəaliyyətinə dair dəqiq məlumatlar əldə etdiyimiz əxlaqsızlıq yuvalarına həm ictimaiyyətin, həm də hüquq-mühafizə orqanlarının diqqətini cəlb etməyə çalışmışıq. Xüsusilə masaj salonları adı altında fəaliyyət göstərən əxlaqsızlıq yuvaları ilə bağlı aparılan araşdırmalar zamanı bir çox ilkinc faktlar aşkar etmək mümkündür. Belə ki, həmin salonlara cəlb olunan qızların əksəriyyəti ümumiyyətlə tibbi massajın nə olduğundan və onun hansı üsullarla həyata keçirildiyindən tam bixəbərdirlər. Təbii ki, bu tip “massaj salonlarına” gələnlərin çoxu başqa məqsədlə gəldiyi üçün masajın da keyfiyyəti çox aşağıdır. Məlum olduğu kimi əvvəllər həqiqi massaj salonları yerli iş adamlarının və məmurların dəstəyi ilə çinlilər tərəfindən yaradılırdı. Təbii ki, burada işləyən mütəxəssislər də həmin ölkədən gələn əmək miqrantları idi. Lakin sonradan bu fəaliyyət sahəsi azərbaycanlı iş adamları üçün də cəlbedici oldu. Nəticədə isə bu müəssisələrin sayı yağışdan sonra göbələk kimi artmağa başladı. Az müddət sonra isə massaj salonlarından kütləvi şəkildə intim xidmətlərin təklifi üçün istifadə edilməyə başlandı. Həmçinin biz bu gün Azərbaycanda müxtəlif növ qeyri-qanuni fəaliyyətlə məşğul olan obyektlərin tamamilə başqa adlar altında pərdələnməsinin artıq adi hala çevrildiyini də dəfələrlə vurğulamışıq. Təəssüflər olsun ki, bu gün istər paytaxt Bakıda, istərsə də əyalətlərdə müxtəlif iaşə adları altında fəaliyyət göstərən qumarxanalara və yaxud da sauna və massaj salonları adı ilə pərdələnmiş əsil əxlaqsızlıq yuvalarına tez-tez rast gəlmək olur. Ödənişli seks faliyyəti, qədim peşə adlandırılan fahişəlik kimi sosial təzahürlər isə artıq çoxdan Azərbaycan cəmiyyətinin də bəlasına çevrilmişdir. Lakin nədənsə hüquq-mühafizə orqanları hələ də bu bəlanın qarşısını almaq üçün qəti tədbirlər görməyə tələsmirlər.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
05-01-2025 12:02
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net