Hüquq müdafiəçiləri Prezidentdən geniş əfv gözləyirlər
Tarix: 4-05-2015, 18:14 |
Çap et
May ayı ilə bağlı əfv gözləntiləri ciddi şəkildə müzakirə edilir. İnsan Hüquqları üzrə Birgə İşçi Qrupa daxil olan hüquq müdafiəçiləri siyasi məhbusların növbəti əfv siyahısına düşəcəyinə ümid edirlər.
İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu musavat.com-a bildirib ki, mayın 10-da əfvin olacağı daha ciddi gözləntidir: “Çox ümidliyik. Biz sənədləri Əfv Komissiyasına təqdim etmişik. Tofiq Yaqublunun da məktubunu prezidentə göndərmişik. Görək, kim əfvə düşüb, azadlığa çıxacaq”.
Onun sözlərinə görə, siyasi məhbus T.Yaqublunun azadlığa buraxılması üçün dövlət başçısına ardıcıl olaraq bir neçə müraciət edilib: “Ümid edirik ki, prezident bu müraciətləri cavabsız qoymayacaq. Tofiq Yaqublunu, eləcə də digər siyasi məhbusları azadlığa buraxacaq”.
Hüquq müdafiəçisi Səadət Bənəniyarlı da bildirib ki, tezliklə əfvin olacağına və T.Yaqublunun da azadlığa buraxılanların sırasında yer alacağına ümid edir: “Müraciətimizə cavab gözləyirik. Ümid edirik ki, prezident bu qədər müraciətə biganə qalmayacaq”.
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı isə qeyd edib ki, İşçi Qrup sonuncu dəfə aprelin əvvəlində toplaşıb: “Ancaq hüquq müdafiəçiləri həftədə bir dəfə, yaxud on gündən bir toplaşıb, müzakirə aparırlar. QHT-lər daim yığışır. Siyahı barədə danışmaq istəmirəm, insanları ümidləndirmək olmaz. Çoxlu müzakirələr olur, hüquq müdafiəçiləri hər bir məhbusu geniş müzakirə edib, sənədlərini hazırlayır. Sənədləri təqdim etmişik. Hazırda bizə yalnız gözləmək qalır”.
Hüquq müdafiəçiləri qeyd edirlər ki, bu həftə əfv sərəncamının veriləcəyinə ümid böyükdür. May ayının 28-də də əfvin olacağı yayılan xəbərlər sırasındadır.
Amma mərhum prezident Heydər Əliyevin mayın 10-da doğum günü olduğunu nəzərə alsaq, əfvin bu həftəyə təsadüf edə biləcəyi daha inandırıcı görünür. Ümid edilir ki, bu dəfəki əfv daha geniş olacaq və siyasi məhbuslar da azadlığa çıxanların sırasına düşə biləcəklər.