Azərbaycanda siyasi səbəbdən həbs olunmuş jurnalist yoxdur
Tarix: 4-05-2015, 12:18 |
Çap et
3 may Ümumdünya Mətbuat Azadlığı Günündə ABŞ Helsinki Komissiyasının sədri Kris Smit bəyanatla çıxış edərək bəzi ölkələrin hakimiyyətlərinin siyasətindən narahatlığını bildirib.
“Ümumdünya Mətbuat Günündə ATƏT məkanında və onun hüdudlarından kənarda öz həyatını riskə qoyaraq korrupsiya, münaqişələr, insan hüquqları haqqında yazan bir çox jurnalistin cəsarətini və sadiqliyini qiymətləndirmək istəyirəm.
Bəzi ATƏT ölkələrində hökumətlər peşəkar jurnalistləri ələ almaq və qorxutmaq üçün maksimum üsullara əl atırlar. Ən pis halda jurnalistlər siyasi motivli ittihamlarla həbs olunurlar. Bu, Helsinki Yekun Aktında əksini tapan fundamental azadlıqlar və insan hüquqlarına sadiq millətlər üçün yolverilməz hərəkətdir.
Odur ki, mən ATƏT iştirakçılarını, xüsusiləTürkiyə, Azərbaycan və Özbəkistanı həbsdə olan jurnalistləri azad etməyə çağırıram”, – müraciətdə deyilir.
Helsinki Komisiyasının məlumatnda qeyd olunur mayın 5-də Kris Smit 2015-ci il üçün mətbuat azadlığını Müdafiə Aktını Konqresə təqdim etməyi planlaşdırır.
Bu qanun ABŞ prezidentini mətbuat azadlığını pozan, Amerika jurnalistlərinin və KİV-in hüquqlarının pozulduğu ölkələrdə dövlət KİV-də ABŞ-ın fəaliyyətini məhdudlaşdıran məmurlara qarşı viza sanksiyalarının tətbiqinə, həmçinin ABŞ hökumətini beynəlxalq müqavilələrə mətbuat və İnternet azadlığına əməl olunmasının vacibliyi barədə bəndin əlavə edilməsinə çağırır. (contact.az).
İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov Qafqaz Xəbər Agentliyinə (qafqaznews.org) bildirib ki: “Mən ABŞ Helsinki Komissiyasına minnətdarlığımı bildirirəm ki, bizim ölkənin “qayğısına” qalır. Amma komissiyanın üzvlərinə məsləhət bilərdim ki, ABŞ-da pozulan insan haqları barədə düşünsünlər, sonra Azərbaycan barədə tələblər irəli sürsünlər”.
Elçin Behbudov onu da qeyd elədi ki, Azərbaycanda siyasi səbəbdən həbs olunan jurnalist yoxdur: “ Həbs olunan jurnalistlər konkret cinayətə görə məsuliyyətə cəlb olunublar. Helsinki komissiyası bunu unutmamalıdır”.
Milli Məclisin üzvü Nizami Cəfərov isə məsələ ilə bağlı Qafqaz Xəbər Agentliyinə (qafqaznews.org) problemi belə şərh etdi: “ Siyasətin bu məsələyə nə dəxli var? Jurnalistlər konkret cinayət işi bağlı məsuliyyətə cəlb olunublar”.