Fəzail Ağamalı özbaşınalıq edən avtobus sürücülərinə çox sərt cəza istəyir
Tarix: 4-05-2015, 11:53 |
Çap et
“Təəssüf ki, müvafiq qurumlardan hər hansı bir reaksiya yoxdur. Reaksiyanın olmaması da həmin avtobus sürücülərinin özbaşınalığına gətirib çıxarır”.
Bu barədə Modern.az saytına Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı Bakıda avtobus sürücülərinin özbaşınalığından danışarkən deyib.
Onun sözlərinə görə, belə sürücülərə hər hansı məhdudiyyətlər qoyulmur, müsbətə doğru irəliləyişlər yoxdur: “Bütün bunlara çox təəssüf edirəm. Mən Milli Məclisin iclasında fikrimi söylədim, faktiki olaraq rast gəldiyim problemi qabartmağa, üzərimdə hiss etdiyim o təhlükəni ifadə etməyə çalışdım. Bu problem dəfələrlə müşahidə olunub, təhlükəli vəziyyətlərlə bağlı hazırlanan süjetlər ekranlara çıxarılıb. Amma bir nəticəsi yoxdur”.
Deputat cəza tədbirlərinin sərtləşdirilməsi tərəfdarı olduğunu bildirib:
“İstərdim ki, avtobus sürücüləri ilə bağlı şirkət rəhbərlərinə birmənalı tapşırıq verilsin, yaxud qanunvericilikdə dəyişiklik edilsin ki, bu hərəkətlərə görə onlar külli miqdarda cərimələrlə üz-üzə qalsınlar. Belə olan halda yəqin ki, sürücülərin yol verdikləri özbaşınalıq aradan qaldırılar. Sürücülərin özləri də ciddi cərimələnərək sürücülük hüququndan məhrum edilsələr, bu cür hərəkətlərə yol verməzlər”.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı parlamentin son plenar iclasında “Yol hərəkəti haqqında” qanun layihəsinin müzakirəsi zamanı avtobus sürücülərindən narazılığını dilə gətirib.
Deputat öz avtomobili ilə gedərkən bir avtobus sürücüsünün günahı ucbatından qəza şəraitinə düşdüyünü bildirib.
“Avtobus sürücülərinə kim bu qədər hüquq verib ki, polis də onlara söz deyə bilmir. Doğrudanmı, avtobus sahibkarlarına söz demək mümkün olmur. Bu gün avtobuslar necə gəldi marşrutu sürürlər. Sərnişinlərin hüquqlarını pozurlar. Yüksək səslə mahnılar qoyurlar. Buna son qoymaq üçün ciddi addımlar atılmalıdır”.