Müsavat Partiyasında gərginlik yaşanır
Tarix: 4-05-2015, 11:16 |
Çap et
Müsavat Partiyasını yenidən istefa dalğası bürüdü. Belə ki, “Müsavat”ın keçmiş başqan müavini Vurğun Əyyubun partiya üzvlüyündən azad edilməsi sosial şəbəkədə ciddi etiraz mesajlarının yayılmasına səbəb olub. Bir çox müsavatçılar bu qərarı pisləyərək, Vurğun Əyyubun çıxarılmasından sonra istefa verəcəklərini bildiriblər.
Hafta.az-ın məlumatına görə, məsələ ilə bağlı professor Adil Qeybulla da bəyanat yayıb. O bildirib ki, Vurğun Əyyubun partiyadan çıxarılması zamanı səslənən ittihamlar olduqca absurddur:
“Əslində indiki Müsavat Partiyası daxilində çoxdan başlanmış təfriqəçilik və bölücülük siyasəti məntiqi sonluğuna çatdı. Bu gün qeyri-qanuni üsullarla partiya rəhbərliyini ələ keçirmiş məhdud bir qrup müsavatçılığın mahiyyəti ilə daban-dabana zidd olan avtoritar və aqressiv davranış nümayiş etdirir. Bu cür davranış böyük Rəsulzadənin və ləyaqət etalonu olan sıravi müsavatçıların ruhuna həqarətdir. Müsavatın genomunu təşkil edən ədalət və mərhəmət prinsipləri bu gün onun adını daşıyan partiyada ayaqlar altına atılıb. Müsavatçılıq ruhuna avtoritarlıq hopa bilməz. Əgər hopubsa, o partiyanın yalnız quru adı Müsavat ola bilər. Müsavatçılıq Müsavat partiyasından qat-qat geniş anlayışdır.
Əslində, mənim qurultaydan bir müddət öncə partiyadan getməyim bütün bunlarla bağlı idi. Amma o vaxt bu naqisliklər ictimailəşmədiyindən istefama yanaşmalar fərqli idi. Qayıtdım, ümid etdim ki, qurultaydan sonra yeni mütərəqqi fəaliyyət istiqamətinin əsası qoyular. Lakin aparılan yanlış xətt, təəssüf ki, qurultay vasitəsilə rəsmiləşdirildi.
Partiyanı işğal etmiş məhdud bir qrupun apardığı yanlış siyasətə və təşkilatda yaratdığı cılız qisasçılıq, avtoritarlıq fəaliyyətinə şərik olmaq niyyətim olmadığından partiya sıralarından istefa verdiyimi bəyan edirəm. Yolumuz milli dövlətçilik yoludur”.
Vurğun Əyyubun partiyadan çıxarılmasına Hafta.az-a açıqlamasında münasibət bildirən başqan müavini Elman Fəttah bildirib ki, onu partiyadan rəhbərlik çıxarmayıb:
“Onu partiyadan ilk təşkilat-özək çixardıb, nizamnaməyə görə özəyin qərarı rayon təşkilatının şurasının təsdiqini çıxarılır”.
Nizamnamənin qeyd olunan bəndi isə aşağıdakıdır:
“1.10. Nizamnaməni pozan partiya üzvü haqqında onun qeydə alındığı özək, rayon (şəhər) təşkilatının idarə heyəti, şurası və NTK-sı, Naxçıvan MR Təşkilatının Məclisi və NTK-sı, partiyanın Məclisi, Divan və MNTK aşağıdakı intizam tədbirlərindən birini tətbiq edə bilər: - xəbərdarlıq; - töhmət; - partiyadan xaric etmə. Haqqında intizam tədbiri tətbiq ediləcək partiya üzvünə müvafiq iclas barədə əvvəlcədən xəbər verilməlidir. İclas barədə məlumat almış üzv üzrlü səbəb göstərmədən iclasda iştirak etməsə də, intizam tədbiri tətbiq edilə bilər. Üzrlü səbəb olmadan 3 aydan artıq özək və ya rayon (şəhər) təşkilatının idarə heyəti ilə əlaqə saxlamayan partiya üzvünə xəbər vermədən onun haqqında intizam tədbiri tətbiq etmək olar. Özəyin tətbiq etdiyi intizam tədbiri haqqında rayon (şəhər) təşkilatı NTK-na, rayon (şəhər) və ya respublika səviyyəli orqanın tətbiq etdiyi intizam tədbiri haqqında MNTK-ya 1 ay ərzində şikayət verilə bilər. Bu halda NTK (MNTK) intizam tədbiri haqqında qərarı ya təsdiq edir və ya lazımi əsas olmadıqda rədd edir, ya da onu öz üzvünün iştirakı ilə qərar qəbul edilməsi üçün intizam tədbiri tətbiq edən orqanın müzakirəsinə qaytarır. Xəbərdarlıq və ya töhmət alan partiya üzvü partiyada fəaliyyətinə görə təşəkkür alarsa və ya 6 ay ərzində təkrar Nizamnamə pozuntusuna yol verməzsə, intizam tədbiri onun üzərindən götürülmüş hesab edilir. Partiyadan xaric edilmiş şəxs 6 aydan sonra ümumi qaydada partiyaya qəbul üçün təzədən müraciət edə bilər”.