İsgəndər Həmidov: "O məktub tamamilə cəfəngiyyatdır"
Tarix: 2-05-2015, 12:15 | Çap et
İsgəndər Həmidov: "O məktub tamamilə cəfəngiyyatdır"
“O məktub tamamilə cəfəngiyyatdır. Məktubun nə stilistikası, nə da xətt Bəxtiyar Vahabzadəyə məxsus deyil”.

Bu sözləri XuralTAC-a açıqlamasında sabiq daxili işlər naziri İsgəndər Həmidov bildirib.

Qeyd edək ki, bu gün strateq.az saytında Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin vaxtilə daxili işlər naziri İsgəndər Həmidova yazdığı iddia olunan məktub dərc edilib. Daha sonra əksər saytların tirajladığı bu məktubda Bəxtiyar Vahabzadənin dəfələrlə daxili işlər naziri olan zaman İsgəndər Həmidovla görüşmək üçün zəng etməsinə baxmayaraq, onun tərəfindən biganə münasibətlə üzləşməsi barədə məqamlar yer alıb. İsgəndər Həmidov isə belə bir halın ümumiyyətlə olmadığını vurğulayıb:

“Bəxtiyar Vahabzadə hamımızın hörmətini saxladığımız bir insan olub. Nəinki qəbul etməmək, o, hər yanıma gələndə ayağa durub qarşılamışam, paltosunu tutmuşam. O, məni oğlu kimi istəyib. Hamımızın ağsaqqalı olub və istədiyi zaman yanıma gəlib. Bunu Bəxtiyar Vahabzadənin ailəsi də təsdiq edə bilər. Hətta Bəxtiyar Vahabzadə mənimlə bağlı Heydər Əliyevə məktub yazıb. O məktubu niyə dərc etmirlər? Sözügedən məktub isə tamamilə cəfəngiyyatdır və bir daha deyirəm ki, böyük şairimiz Bəxtiyar Vahabzadə ilə qətiyyən əlaqəsi yoxdur” – deyə İsgəndər Həmidov bildirdi.

Məktubun dərc olunduğu strateq.az saytının baş redaktoru Elxan Şükürlü isə məktubun həqiqətən də Bəxtiyar Vahabzadə tərəfindən yazıldığını bildirib: “O məktub həqiqətdir və biz onu Bəxtiyar Vahabzadənin şəxsi arxivindən götürmüşük. İsgəndər bəy istəsə, məktubun orijinalı ilə də onu tanış edə bilərik.”





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net