Rüsvayçı qalmaqal: fransız əsgərlər afrikalı uşaqları zorlayıb
Tarix: 2-05-2015, 12:06 | Çap et
Rüsvayçı qalmaqal: fransız əsgərlər afrikalı uşaqları zorlayıb
Böyük Britaniyanın “The Guardian” qəzeti Fransa ordusunun hərbi qulluqçuları tərəfindən törədilən iyrənc əməllər barədə sensasion məlumat yayıb.

Virtualaz.org saytı Qərb KİV-lərinə istinadən xəbər verir ki, qəzetin bu məlumatları yayarkən BMT-nin İnkişaf etməkdə olan ölkələr Departamentinin məsul işçisi Anders Kompassın hesabatına istinad edib.

A.Kompassın Avropa Hüquq Müdafiə İnformasiya Mərkəzinin (EİHRC) saytında yaydığı məlumatda bildirilir ki, Mərkəzi Afrika Respublikasındakı fransalı əsgərlər buradakı qaçqın düşərgəsində olan uşaqları zorlayıb.

Qeyd edək ki, A.Kompass bu daxili hesabatı ictimaiyyətə açıqladığı üçün sonradan vəzifəsindən çıxarılıb və BMT üçün çox vacib olan informasiyaların sızdırılmasında və “protokol məxfiliyi qaydalarının pozulmasında” ittiham olunub. O, hazırda BMT-də yüksək post tutan şəxslərdən birinin tələbi ilə istintaq altındadır.

A.Kompassın sözlərinə görə, o, özünü haqlı sayır, düzgün hərəkət edib, belə də hərəkət etməyə borclu idi, çünki BMT afrikalı uşaqlara qarşı cinsi zorakılığın qarşısını almaq üçün hər hansı tədbir görməkdən imtina edib. A.Kompass onu da deyib ki, BMT-nin yüksək rütbəli məmurları, o cümlədən insan haqları üzrə ali komissar Zeyd Rəəd əl-Hüseyn baş verən iyrəncliklər barədə məlumatlandırılmışdılar.

Hesabatda deyilir ki, fransalı əsgərlər Mərkəzi Afrika Respublikasına 2013-cü ildə sülhməramlı kontingentin tərkibində göndəriliblər. Onlar bu ölkədəki dövlət çevrilişindən sonra orada qayda-qanun yaratmalı idilər. Amma əvəzində zorakılığa əl atıblar. Fransalı əsgərlər aclıq çəkən yerli sakinlərə ərzaq məhsulları vermək əvəzində özbaşınalıq edib və 9-13 yaşlı uşaqları zorlayıblar. Bu rüsvayçılıq Banqi şəhərindəki düşərgədə 2013-cü ilin dekabrından 2014-cü ilin iyununa qədər davam edib.

Yaşları 8-15 arasında olan 6 afrikalı uşağın ifadələri də həmin hesabata daxil edilib. Onların ifadəsinə görə, bu seksual zorakılıqda 50-dək fransalı hərbçi iştirak edib.

“Cinsi zorakılığa məruz qalan uşaqlar bildirirlər ki, onlar aclıqdan əziyyət çəkirdilər, yemək istəyirdilər. Əsgərlər isə onlara yeməyi yalnız bir şərtlə - seksual xidmət müqabilində verə biləcəklərini deyirmişlər” - deyə hesabatda bildirilir.

Qeyd edək ki, bu faktı bu yaxınlarda Fransa hökuməti də təsdiqləyib və bildirib ki, prokurorluq afrikalı uşaqların fransız əsgərləri tərəfindən zorlanması faktları üzrə araşdırmalara başlayıb.

“Əgər fransalı hərbçilərin bu günahı sübuta yetirilsə, onlara çox ağır cəzalar veriləcək” - deyə Fransa Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunurdu.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net