Hansı ata 7 yaşlı qızını 25 yaşlı kişinin gərdəyinə atar?
Tarix: 30-04-2015, 12:11 |
Çap et
Yaxşı deyiblər ki, qulaq gündə bir söz eşitməsə kar olar. Amma söz də var, söz də. Son zamanlar elə qəribə fikirlər səsləndirilir, elə əcaib bəyanatlar-filan verilir ki, adam mat-məəttəl qalır. Sən ölməyəsən, nədənsə hamı özünü ağıllı, çoxbilmiş, qarşısındakını isə cahil hesab edir. Elə bu səbəbdən də hər yerindən duran əndrabadi mövzularla gündəmi zəbt etməyə, daha çox diqqət cəlb etməyə çalışır. Bu cür insanlar hər yerdə var, Azərbaycanda da, qonşu ölkələrdə də, hətta Avropa və uzaq Çində də.
Qardaş Türkiyədə də belələri heç də az deyil. Misal kimi, yazıçı və ilahiyyatçı Nurəddin Yıldızı göstərmək olar. Belə ki, o, indiyədək səsləndirdiyi bir sıra fikirləri ilə nəinki 75 milyonluq Türkiyənin, hətta əksər ölkələrin heyrətinə səbəb olub. Hərdən adama elə gəlir ki, o, daha çox şöhrət qazanmaq və ya hansısa niyyətini reallaşdırmaq üçün bilərəkdən əcaib açıqlamalar verir. Məsələn, Nurəddin Yıldız bir müddət öncə 7 yaşındakı bir qız uşağının 25 yaşındakı kişi ilə evlənə biləcəyini və müsəlmanlara görə evlilik üçün yaşın önəm daşımadığını qeyd edib. "7 yaşında bir qız uşağı 25 yaşındakı bir kişi, ya da 7 yaşındakı bir kişi 25 yaşındakı bir qızla evlənə bilər" deyən türkiyəli yazıçı hesab edir ki, onların nikaha daxil olmalarında heç bir qorxu yoxdur. Vallah, adamın beləsinə ilahiyyatçı deməyə dili gəlmir. Müsəlmanların bir çoxu hələ də anlamır ki, İslamı bu yolla yaymaq mümkün deyil. Axı hansı əcnəbi hələ dünyanı dərk etməyən, qadın kimi formalaşmayan 7 yaşlı körpə qızın 25 yaşlı bığıburma kişiyə ərə verilməsinə icazə verən dinə pənah gətirər? Təbii heç kim. Sanki kimlərsə məqsədli şəkildə İslamın gözəl tərəflərini bir kənara qoyub, ona aid olmayan uydurma hədislərdən çıxarılmış fətvalarla dinimizi təbliğ etməyə çalışır. Əslində bu, təbliğdən daha çox anti-kampaniyaya bənzəyir. Hansı ata 7 yaşlı qızını ərə verər? Tutaq ki, belə birisi tapıldı və qızını 25 yaşlı kişinin gərdəyinə atdı. Yaxşı bəs 9 aydan sonra o zavallı qızcığaz ana ola biləcəkmi? Əgər dünyaya uşaq gətirsə belə, özü doğuşdan sağ çıxacaqmı? Birmənalı şəkildə deyə bilərəm ki, yox. Mama-ginekoloqlar da təsdiqləyərlər ki, ana və uşaq ölümləri əsasən məhz bu cür hallarda baş verir. Bundan başqa, kim deyir ki, müsəlmanlar üçün evlilikdə yaş önəmli deyil? Bunu iddia edən şəxslər yəqin ki, pedofillik haqda məlumatsızdırlar…
Qeyd edim ki, Nurəddin Yıldız gündəmi zəbt etmək üçün bu günlərdə ortaya yeni bir mövzu atıb və bildirib ki, guya cins şalvar geyinmək kafiq təqlididir: "Kafirlərin təqlidi olduğu üçün alimlərimiz bunu münasib bilmirlər. Bizlər və alimlərimiz parça şalvar geyinirik. Bir qrup isə bunun da yolverilən olmadığını və kafirliyi təqlidetmə olduğunu düşünür. Şalvar bizə aid geyim deyil. Buna görə də, şalvar geyinməmək məsləhətdir, lakin təəssüf ki, onu əvəz edəcək başqa bir şey yoxdur. Buna görə də, bizə ən yaxın olan şalvarı geyinməyə üstünlük veririk. Cins şalvar yaxınlıq-uzaqlıq baxımından ən uzaqda dayanandır. Qərblilər özləri də onu mədəni toplantılara geyinmirlər. Amerika çobanlarının geyimidir". Gördüyünüz kimi, Nurəddin Yıldız iddia edir ki, cins, hətta parça şalvar geyinmək kafirləri təqlid etməkdir. Yaxşı, o zaman biz kişilər nə geyinək? Görəsən, ilahiyyatçı bu fikirləri söyləməzdən öncə papağını qabağına qoyub əməlli-başlı düşünüb? Bir anlıq qəbul edək ki, günü sabahdan Yer üzündəki bütün müsəlman kişilər şalvardan imtina etdilər. Hamı şalvarını bir kənara tulladı, bəs sonra… İndi nə geyinək, necə dolaşaq? Bəlkə Adəm babamız kimi biz də əncir yarpağından istifadə edək? İlahiyyatçıma bax mənim. Yəqin o hələ də bilmir ki, iman insanın geyimi, xarici görünüşü ilə bağlı olan məsələ deyil. İman insanın daxili aləminə aid olan bir həqiqətdir. Odur ki, cins şalvar geyinib imanlı qalmaq da olar…
Vazeh Bəhramoğlu