Heydər Əsədov tələskənliyə yol verib- Ekspert rəyi
Tarix: 30-04-2015, 12:08 | Çap et
Heydər Əsədov tələskənliyə yol verib- Ekspert rəyi
Moderator.az kənd təsərrüfatı üzrə tanınmış ekspert Vahid Məhərrəmovun statusunu oxuculara təqdim edir:

"Milli Məclisində Cinayət və İnzibati Xətalar məcəllələrinə geni dəyişdirilmiş bitkilərin idxalı, ticarəti, istifadənin qadağan olunması ilə bağlı ediləcək əlavələr müzakirəyə çıxarılıb və səsə qoyularaq, qəbul olunub. Bundan sonra Azərbaycanda genetik modifikasiya olunmuş bitkilərin, bitki materiallarının və ya həmin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarının qanunsuz dövriyyəsi ilə bağlı Cinayət və İnzibati Xətalar məcəllələrinə yeni maddələr əlavə olunur. Qəbul olunan maddələrdə bir sıra cəza tədbirləri, hətta 7 ilədək azadlıqdan məhrum etmə də nəzərdə tutulur.
Düşünürəm ki, Milli Məclis qanuna həddindən artıq, çox sərt maddələr əlavə edib. Azərbaycan GMO –ya qadağa tətbiq etməklə bu istiqamətdə irəliyə getmək istədi, ancaq geri düşdü. Ona görə ki, dünya ölkələrində artıq GMO-ya münasibət dəyişir.
Xatırladım ki, “GMO-nun qadağan edilməsi haqda qanun” layihəsi qonşu Rüsiyada bu ilin əvvəllərində Dövlət Dumasında müzakirəyə çıxarılmışdı. Qanun layihəsini Duma üzvlərinə ixtisasca hərbi mühəndis- energetik olan deputat E. A. Fedorov təqdim etmişdi. Səsvermədə 192 nəfər layihənin lehinə 1 nəfər əleyhinə səs vermişdi. Lakin 252 nəfər qanun layihəsini baykot edərək ümumiyyətlə səsvermədə iştirak etməmiş və nəticədə yetərsəs olmadığına görə qanun layihəsi qəbul olunmamışdı. Səsvermədə iştirak etməyən deputatlar isə əsasən “Vahid Rusya”, yəni iktidar partiyasının siyahısından seçilmiş deputatlar olub. Müzakirə zamanı qeyri-peşəkarların sarı mətbuatdan gətirdikləri “arqument”lər bəzi deputatları hiddətləndirib. Kommunust partiyasından olan deputat isə bu məsələ ilə bağlı peşəkarların təqdimatına ehtiyac olduğunu və mütəxəssisin bu məsələyə münasibətini öyrənmək üçün Dövlət Dumasına dəvət olunmasını tələb edib; “ Dəvət edin görək alimlər nə fikirləşir, elm nə deyir?” –deyə kommunist deputat Duma rəhbərliyinə səsləninb. www.youtube.com/watch?v=w4cAJZ-FOJU
Onu da qeyd etməliyəm ki, Rusiyada təqdim olunan qanun layihəsində “7 il azadlıqdan məhrum etmə” kimi sərt cəza tədbiri təklif olunmasa da 1milyon rubla qədər cərimələr nəzərdə tutulurdu. Bu arada Rusiya hökumətinin GMO məhsullarına qadağanın tətbiq edilməsinin tamamilə əleyhinə olduğu bəlli olub . Hətta Rusiya Taxılçılar İttifaqının rəhbəri Arkadiy Zloçevskiy hesab edir ki, GMO məhsullarının istifadəsini qadağan edən qanun qəbul olunsa da yenə onlardan istifadə olunacaq. O GMO dan istifadənin tam qadağan olunmasını düşünmədiyini bildirib. http://izvestia.ru/news/568373#ixzz3XZST3QMy.
Artıq bir sıra Avropa və post Sovet ölkələri GMO məsələsində yanlışlığa yol verildiyini etiraf edirlər. Uzun müddət xüsusi xidmət orqanlarının və xarici donarların köməyi ilə maliyyələşən institutların GMO ilə bağlı ölkə daxilində apardıqları əks təbliğat bu sahənin inkişafınıa əngəl yaradıb. İndi etiraf etməyə başlıyıblar ki, Amerika Birləşmiş Ştatları GMO məhsullarının köməyi ilə ərzaq diktaturası yaradır. Ola bilsin ki, bu iddianı irəli sürənlər tam haqlıdır. İndi dünyanı silahla deyil çörək və su ilə təslim etmək mümkün olacaq.
Nazarbayev qazaxıstanlıları GMO ilə zəhərləyir?
2014-cü ilin yanvar ayında Qazaxıstan Prezidenti Nursultan Nazarbayev GMO-nun zərərli olmadığını, əksinə xeyirli və faydalı olduğunu bəyan edib: “Biz aqrar elmi inkişaf etdirməliyik, eksperimental aqrar-innovativ klasterlər yaratmalıyıq. Əsas odur ki, zamandan geri qalmayaq, ənənəvi əkinçiliklə yanaşı, quraqlığa dözümlü genetik modifikasiya olunmuş bitkilər becərək. İnsanlar bu haqda məlumatsız olduqları üçün qorxurlar. Burada pis, zərərli heç bir şey yoxdu. Genetik modifikasiya olunmuş bitkilər çox sürətlə dünyada yayılacaq, günün tələbi budur.” Lakin uzun müddət yanlış informasiyanın təsiri altına düşmüş Qazaxıstan KİV-iləri və QHT-lər Nazarbayevin bu çıxışını belə dəyərləndirdilər: “Nazarbayev qazaxıstanlıları GMO ilə zəhərləyir”. / A24 www.youtube.com/watch?v=YUeALTmdGG8
GMO –ölümdür?
GMO ilə bağlı mənfi, pis ictimai rəy formalaşması kimə lazım idi? Necə olur ki, ABŞ, Yaponiya, İsrail, Kanada və digər inkişaf etmiş ölkələr bu istiqamətə elmin inkişafına, genetik modifikasiya olunmuş bitkilərin, orqanizmlərin yetişdirilməsinə xüsusi fikir verdikləri bir zamanda avropa və digər ölkələrdə bu işdən bixəbər olan kütlə əllərində “GMO –ölümdür!” şuarı ilə şəhərlərgə yürüşlər keçirir, auditoriyalarda psevdoalimlər ” GMO-nun insan orqanizminə və ətraf mühitə mənfi təsir” ilə bağlı məruzələr oxuyur, parlamentlərdə genetik modifikasiya olunmuş orqanizmləri digərlərindən fərqləndirə bilməyən, bu sahədən uzaq qeyri-peşəkarlar qanun layihələri hazırlayaraq ölkələrində GMO –ya qadağa tətbiq edilməsinə çalışır. Bəzi alimlər, QHT-lər isə GMO ilə bağlı apardıqları “təcrübə”nin nəticəsini artıq formalaşmış ictimai rəyə uyğunlaşdıraraq məqsədi onlar üçün bəlli olmayan beynəlxalq donarların hesabına, yaranmış vəziyyətdən bəhrələnə bildilər. Qeyd etməliyəm ki, çox ustalıqla, məharətlə təşkil olunmuş bu oyunda yalnız GMO ilə ciddi məşğul olan ölkələr uddu. Digər ölkə alimlərinin vaxtı uzun zaman GMO-nun zərərli olub –olmaması məsələsinə aydınlıq gətirilməsinə sərf olundu.
GMO ətraf mühit və sağlamlıq üçün heç bir təhlükə yaratmır.
Xüsusi qeyd etməliyəm ki, uzun müddət İsveçrə alimləri apardıqları tədqiqat nəticəsində belə qərara gəliblər ki, GMO ətraf mühit və sağlamlıq üçün heç bir təhlükə yaratmır. http://gmoobzor.com/…/gmo-ne-neset-nikakix-ugroz-okruzhayus…
Onu da deyim ki, “yaşıllar”, “ekoloqlar” “QHT”lər və digər əl-ayağa dolaşanlar əllərində sarı mətbuatın uydurduğu “GMO-bəd xasiyyətli şişlər əmələ gətirir” və sair “arqument”lərlə hələ də səs-küy salmaqda davam edirlər. Ancaq Avropa ölkələrinin hökumətləri isə bütün bunlara əhəmiyyət vermədən bu sahədə elmi inkişaf etdirirlər. Artıq Fransa, Almaniya, İtaliya, İspaniya və digət inkişaf etmiş avropa ölkələrin fermerləri qarğıdalı, soya, üzüm, xiyar, pomidor və digər meyvə tərəvəz məhsullarının bu mütərəqqi metoddan istifadə edərək keyfiyyətini yaxşılaşdıra, kəmiyyətini isə artıra biliblər. http://www.segodnya.ua/…/v-evrope-razreshili-novyy-sort-gmo…
ABŞ alimləri ciddi narahatdır.
Onu da qeyd etməliyəm ki, Avropa və Amerika arasında bu sahədə ciddi narazılıqların olduğu barədə məlumatlar da sızır. Belə ki, son zamanlar Avropada GMO ilə bağlı elmin inkişafı ABŞ alimlərini ciddi nərahat etməyə başlayıb. Bu sahədə liderliyi əldən vermək istəməyən Amerika alimləri avropalı həmkarlarını qısqanmağa başlayıb. Onlar bir-birini elmi nəzəriyyənin təcrübədə tətbiqi ilə bağlı qeyri dəqiqlikdə ittiham etməyə başlayıblar.
GMO bitkilərin coğrafiyası isə get-gedə genişlənir. Çin , Hindistan və Pakistan kimi böyük ölkələrdə modifikasiya sayəsində hər hektar pambıq sahəsindən 6 ton məhsul əldə edilir ki, bu da ən yüksək məhsuldarlıq kimi müsbət qiymətləndirilməlidir. Halbuki Azərbaycanda bu göstərici 1 tondan bi az yüksəkdi.
GMO təbiətdən götürülüb
Gen modifikasiyası təbiətdən götürülüb. Bu işlə qədimdən, miyon illərdir ki, aqrobakterium adlanan mikroorqanizmlər məşğul olur. Belə ki, həmin bakteriyalar xüsusən paxlalı bitkilərin kök sistenmində “ yuva salır,” yerləşir və bitkinin qidalanmasında böyük rol oynayır. Aqrobakterium havada olan azotu qəbul edərək kök vasitəsi ilə bitkiyə ötürür. Ancaq bakteriya bu “səxavəti” elə-belə, əvəzsiz göstərmir. Bunu mikroorqanizmlər qidaya olan təlabatlarını, şəkərə olan ehtiyacını ödəmək üçün edirlər. Bakteriyalar bitkinin onlar üçün daha çox şəkər toplamasını da çox asanlıqla təmin edirlər. Belə ki, bakteriya öz DNK-sından bitkidə şəkəri artıracaq fraqmenti, geni bitkinin qeninə köçürür. Belə olan halda bitki daha çox şəkər toplayır. Nəticədə paxlalı bitkinin azota olan ehtiyacını ödəyən bakteriya özünün də şəkərə olan təlabatını bitkinin hesabına təmin edir. Milyon illərdir ki, bu proses beləcə davam edir.
Şəkildə: “Gen mühəndisi”- aqrobakteriumun yumruları bitkinin kökündə.
Uzun müddət genetika, malekulyar biologiya sahəsində çalışan alimlər bu prosesi izləyərək belə nəticəyə gəliblər ki, canlı orqanizmlərə digər orqanizmlərin genini köçürməklə onlarda biotik və abiotik streslərə qarşı müqaviməti artırmaq, keyfiyyət göstəricilərini yaxşılaşdırmaq mümkündür.
Bitkilərə, heyvanlara digər canlıların genini köçürməklə müəyyən xəstəliklərə, ziyanvericilərə qarşı mübarizəni təbii yolla təmin etmək olar. Bu gün biz onun şahidiyik ki, bitkilərin bəzi xəstəliklərinin, ziyanvericilərinin zərərli təsirinin qarşısı artıq alınıb.
Geni modifikasiya olunmuş bitkilərdən alınmış meyvə-tərəvəz vaxtilə bağbanlarımızın peyvənd, seleksiya üsulu ilə əldə etdikləri məhsullarla eyni mahiyyət daşıyır və bütün hallarda məqsəd bol, keyfiyyətli məhsul əldə etməkdir. Daha yaxşı meyvə, yaxud tərəvəz əldə etmək üçün həm peyvənd, həm də seleksiya işi həyata keçirilir. Məhsulun bol və keyfiyyətli olması üçün isə bitki ətraf mühitə, biotik və abiotik stresslərə qarşı dözümlü olmalıdır. Bu zaman canlıların irsi əlamətləri yəni dözümlü, güclü tərəfləri nəzərə alınaraq seleksiya işləri aparılır. Gen mühəndisləri bir canlının bir-iki genini digər canlının DNK-sına modifikasiya etməklə lazımı nəticə əldə edə bilirlər. Amma seleksiya işi çox maliyyə vəsaiti və uzun müddət aparmaqla yanaşı, həm də proses zamanı bir orqanizmdən digər orqanizmə çoxlu sayda gen köçürülməsi baş verir ki, bunu da idarə etmək mümkün olmur. Ona görə də indiki zamanda seleksiya əvvəlki kimi effektli hesab olunmur. Gələcəkdə dünya əhalisinin kənd təsərrüfatı məhsullarına, ərzaq mallarına, dərman preparatlarına və bir sıra digər mallara olan ehtiyaclarını ödəmək üçün genetik modifikasiya olunmuş bitki və heyvanlardan alınan məhsulların istehsalı artacaq.
Elmdə geri qaldığımız üçün GMO-ya dəyər verə bilmirik
GMO məhsulları insan orqanizmi üçün təhlükə mənbəyi sayılmır. Yəhudilər farel balığını çox sevirlər. Genetik modifikasiya yolu ilə onlar farel balığının çəkisini qısa müddətdə artırmağa nail olublar. Yəhudilərin hamısı, uşaqdan-böyüyə qədər bu balıqdan istifadə edirlər. Nəzərə almaq lazımdır ki, İsrail elmdə, səhiyyədə kifayət qədər inkişaf etmiş ölkədir. Azərbaycanda isə istehlak etdiyimiz ərzaq mallarının təxminən yarıdan çoxu genetik modifikasiya olunmuş orqanizmlərdən əldə olduğu halda deyirlər ki, insan orqanizmi üçün zərərlidir və yaxud bunun təbiətə zərəri var.
GMO ilə bağlı ajiotajın yaranmasına səbəb insanların bu barədə bilgisiz olmalarıdır. GMO –nun təhlükəli olması haqda məlumatların yayılmasına marağı olan qüvvələr var. Birincisi, bu formada rəqiblər arasında mübarizə aparılır. Belə ki, gen modifikasiyası ilə məşğul olan şirkətlərlə digərlərinin - kimyəvi maddələr, pestisidlər istehsal edən şirkətlərin maraqları toqquşur, bu səbəbdən də rəqibləri GMO haqda mənfi fikirlər yayır. İkincisi, ən əsası, bu sahəni inhisara almaq istəyən elmi mərkəzlər, digərlərinin bu bazara çıxmasının qarşısını məhz bu formada alırlar. Yəni artıq GMO ilə ciddi məşğul olan elmi mərkəzlər digər institutların bu yeniliyi dərindən öyrənməsinin, bu elmə yiyələnməsinin qarşısını məhz daxildən müqavimət yaratmaqla alırlar. Nəhayət hər iki tərəfin marağına xidmət göstərən muzdlu KİV-lər bu mövzuda sensasiya yaratmaqla həm oxucularının kütləviliyini təmin edirlər, həm də marağı olan hər iki tərəfdən mükafatlanırlar.
Onu da qeyd etməliyəm ki, insan orqanizmi üçün zərərli olan məhsullar kimyəvi maddələrin tətbiqi nəticəsində əldə olunan məhsullardır. Bu gün fermer yüksək məhsul əldə etmək üçün daha çox mineral gübrədən, bitkini xəstəlik və ziyanvericilərdən qorumaq üçün zəhərli kimyəvi maddələrdən, pestisidlərdən istifadə edir, bu isə öz növbəsində əldə olunan məhsulda orqanizm üçün zərərli olan toksik maddələrin miqdarını artırır. Fermerlər bu prosesi qaydasında idarə etməkdə acizdir. Süni yaradılmış gübrələrdən ideal şəkildə istifadə edərək prosesi normal idarə etmək çox çətindir. Bitki süni yolla yaradılmış mineral maddələri daha çox mənimsəyir, havalar çox isti keçən zaman və gecələr fotosintez prosesi dayandıqda, qeyri-üzvi maddələrin üzvi maddələrə çevrilməsi prosesi dayanır. Nəticədə bitkidə və onun meyvəsində çoxlu miqdarda toksik maddələr toplanır. Ənənəvi qaydada əkinçiliklə əldə olunan bu məhsulların tərkibində əsasən nitrat çox olur. Nitratın da çox olması insan orqanizmi üçün olduqca təhlükəlidir.
Modifikasiya olunmuş banan.
Onu da deyim ki, uşaqlarda encephalitis xəstəliyinə qarşı immunitet yaratmaq üçün peyvənd işləri aparılarkən məlum olub ki, iynənin şokundan yeniyetmələr arasında ölüm halları artıb. Bunun qarşısını almaq üçün alimlər həmin peyvəndin ineksiya vasitəsilə orqanizmə köçürülməsini əvəzləyə biliblər. Əvəzində genetik modifikasiya yolu ilə banan bitkisinin meyvəsində encephalitis xəstəliyinə qarşı immunitet yaradan maddənin alınmasına nail olublar. Yəni peyvənd işini təbii yolla həyata keçiriblər. Biz isə elmdə geridə qaldığımızdan GMO-ya dəyər verə bilmirik.
Azərbaycanda orqanik məhsul?
İsraildə gen mühəndislərinin aldıqları məhsulların çeşidləri o qədər çoxdur ki, mütəxəssislər yeni sortlara ad fikirləşməkdə çətinlik çəkirlər. Bir məqamı da qeyd edim. Deputat Vahid Əhmədov bir tədbirdə qeyd etdi ki, Azərbaycanın Kənd Təsərrüfatı naziri Heydər Əsədov İsrailə təcrübə qazanmaq məqsədilə etdiyi səfər zamanı həmin ölkənin GMO məhsulundan istifadəsini qınayıb, onların nazirini Azərbaycana ekoloji təmiz qida dadmağa dəvət edib. Düşünürəm ki, nazir tələskənliyə yol verib. Azərbaycanda tam təmiz orqanik məhsul istehsalı etmək mümkün deyil. Bunu İsrailin Kənd Təsərrüfatı naziri çox yaxşı bilir.
Dərman preparatları 70%, o cümlədən insulin 100% -GMO-dan alınır.
Hazırda dünyanın 193 ölkəsindən 20-si GMO məhsulu istehsalına qadağa qoyub. Onlar arasında Azərbaycan da yer alır. Təəssüf ki, Azərbaycanda bu sahədə qarışıq, neqativ fikirin formalaşmasında mütəxəsislərin azlığı da rol oynayır. Bəzi mütəxəssislər isə məsələnin kökünü araşdırmadan, kortəbii şəkildə GMO məhsulunu pisləyirlər. GMO –nun tətbiqində keyfiyyətlə yanaşı həmdə artan əhalinin ərzaq mallarına kənd təsərrüfatı məhsullarına olan ehtiyaclarının ödənilməsi olub. Dünyada istehsal olunan dərman preparatlarının 70 faizi, o cümlədən insulin 100 faiz genetik modifikasiya olunmuş orqanizmlərdən əldə olunur.
Bütün bunlara rəğmən deputatlar GMO qadağasını daha da sərtləşdirdi. Əslində nəzərdə tutulan 7 il azadlıqdan məhrum etmə cəzası artıq Azərbaycan elminin bu gününə, gələcəyinə verildi.

P.S. Maraqlıdır, görəsən, deputatlardan bu layihənin əleyhinə səs verənlər və yaxud bitərəf qalanlar olubmu? Əgər olubsa, onlar kimlərdi?





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
05-01-2025 12:02
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net