ABŞ səfirliyi Bakıdan gedən ittihamlara cavab verdi
Tarix: 29-04-2015, 15:15 | Çap et
ABŞ səfirliyi Bakıdan gedən ittihamlara cavab verdi
Hakimiyyətə yaxın APA informasiya agentliyi dünən geniş araşdırma yazısı dərc edərək I Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı yönələn “qara piar” kampaniyasının sifarişli xarakter daşıdığını göstərən faktları sadalamışdı.

Həmin materialda bu kampaniyanın təkcə icraçıları yox, sifarişçiləri barədə də informasiyalar yer alırdı. Agentliyin qənaətinə görə, bu kampaniyada “erməni izləri” də mövcuddur.

Agentlik onu da bildirirdi ki, mötəbər mənbələrdən əldə edilən sənədlər ABŞ Dövlət Departamentinin sifarişi ilə həyata keçirilən bu irimiqyaslı kampaniyanın əsas məqsədlərini, konturlarını, iştirakçılarının tərkibini, habelə digər xüsusatları müəyyənləşdirməyə imkan verir.

“ABŞ-da bu kampaniyanın təşkil olunması “National Endowment for Democracy” təşkilatına həvalə edilib.

Məlumdur ki, əsasən ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və deməli, dövlət büdcəsindən maliyyələşdirilən NED uzun illərdir Azərbaycanda “5-ci kolon”un formalaşdırılması, hakimiyyət çevrilişi planlarının fəal iştirakçılarından biri rolunda çıxış edir.

Bu təşkilat vasitəsilə Azərbaycandakı “tərəfdaş” QHT və media vasitələrinə ABŞ və Qərb mənbələrindən milyonlarla dollar vəsait ötürülüb” - deyə APA yazırdı.

Virtualaz.org saytı Dövlət Departamentinə, o cümlədən dövlət katibi Con Kerriyə qarşı irəli sürülmüş bu ittihamları şərh etmək üçün ABŞ-ın Azərbaycandakı səfirliyinə sorğu göndərib.

Səfirlikdən sorğumuza verilən cavabda səslənən “bu iddiaların tam əsassız olduğu” bildirilir: “Bu iddialar tamamilə əsassızdır və onlar əsaslandırılmayıb. ABŞ-ın Azərbaycanın suverenliyini bütün bu illər ərzində dəstəkləməsi sözdə yox, əməldə ifadə və təsdiq olunur. Fəaliyyətimiz də sübut edir ki, biz Azərbaycanın daha sabit, demokratik və çiçəklənən gələcəyinə nail olmaq üçün bu ölkə ilə tərəfdaşlığa öz töhfəmizi vermişik”.





Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net