Meşə yanğınları qorxulu deyil..?
Tarix: 29-04-2015, 10:28 | Çap et
Meşə yanğınları qorxulu deyil..?
Azərbaycan meşələrinin iqlim dəyişikliyindən asılılığı və bu dəyişikliyin mümkün mənfi təsirləri Avropa İttifaqının maliyyələşdirdiyi FLEG II proqramının yeni araşdırmasının əsas mövzusudur. Araşdırmada bildirilir ki, potensial mənfi nəticələr meşələrin hüdudlarını aşa bilər və yerli icmalara və onların iqtisadiyyatına təsir edə bilər. FLEG milli və yerli icra hakimiyyətlərini iqlim dəyişikliyinin meşələrə təsirinin bütünlükdə ekoloji sistemə təsir edən ciddi addım olduğunu dərk etməyə çağırır. Buna görə yerli icra hakimiyyətlərinin iqlim dəyişikliklərinin meşə yanğınları, quraqlıq, kənd təsərrüfatı zərərvericilərinin və xəstəliklərinin yayılması kimi nəticələrinə qarşı mübarizə üçün fəaliyyət planı və investisiyaları olmalıdır. “İqlim dəyişiklikləri nəticəsində bu cür hallar getdikcə daha tez-tez və daha intensiv baş verir”, deyə hesabatda bildirilir. 9 milyon avro büdcəsi olan FLEG II proqramı meşə siyasətində islahatların dərinləşdirilməsinə, pilot layihələrin həyata keçirilməsi və meşə yanğınları və iqlim dəyişikliyi problemlərinin həlli üçün hüquqi və inzibati baza işlənib hazırlanmasına xidmət edir. Qeyd edək ki, qanunsuz ağac kəsimi və meşə yanğınları Azərbaycanın meşə örtüyü üçün təhlükə yaradan ciddi amillər olaraq qalmaqdadır. Ağacların kəsilməsinə səbəb kənd yerlərində evlərin qızdırılması üçün yanacaq kimi odundan istifadə, həmçinin qiymətli ağac növlərindən mebel, parket, inşaat materialları hazırlanması üçündür. ( contact.az ) Məlumat üçün bildirək ki, yayda Azərbaycanda tez-tez meşə yanğınları olur. Axırıncı meşə yanğını Azərbaycanda 27 avqust 2014-cü ildə olub. Onda məlum olmayan səbəbdən İsmayıllı rayonunda Qaraqaya kəndi yaxınlığında dağ massivində yanğın baş vermişdi. Yanğını söndürmək üçün FHN əməliyyata təyyarə və vertolyotlar cəlb eləmişdi. Azərbaycan Yaşıllar Hərəkatının lideri Fəridə Hüseynova bildirib ki, əgər 2015-ci ilin yayı çox isti olsa, meşələrdə yanğın təhlükəsi çox yüksələcək. Biz Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məsələyə münasibətini öyrənmək qərarına gəldik və qurumun departament rəisi Rasim Səttarzadəyə müraciət elədik. Təəssüf ki, o, sualımıza cavab vermədi. Onda sonuncu meşə yanğının baş verdiyi rayonun – İsmayıllının icra hakimiyyətinə müraciət etdik. Təəssüf ki, İH-nin nümayəndəsi Mahmud Süleymanov Qafqaz Xəbər Agentliyinin (qafqaznews.org) suallarına cavab verməkdən imtina elədi.





Xəbərlər
 
 
07-05-2024 12:18
 
 
 
 
 
07-05-2024 09:57
 
 
 
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net