“Moskvanın oyunu onu uçuruma aparır” – Ekspert
Tarix: 29-04-2015, 09:07 | Çap et
“Moskvanın oyunu onu uçuruma aparır” – Ekspert
“Son zamanlar Rusiyanın xarici siyasətində pərakəndəlik hökm sürür”.

Bu barədə Axar.az-a açıqlamasında politoloq Ərəstun Oruclu bildirib. Onun sözlərinə görə, bu pərakəndəlik özünü təkcə Yaxın Şərq bölgəsinə olan münasibətdə göstərmir:

“Görünən budur ki, Rusiyanın xarici siyasətində ciddi böhran müşahidə edilir və strateji xəttin olmaması üzündən Moskva sürətlə dəyişən ümumi siyasi durum fonunda məcburdur ki, taktiki gedişlər üzərində siyasət qursun. Bunun da uğurlu olacağı şübhə doğurur və artıq öz fəsadlarını göstərməkdədir. Belə ki, Rusiyanın atdığı bir taktiki addım növbəti situasiya dəyişdikdə atdığı digər addımla bir çox hallarda dərin ziddiyyət təşkil edir. Hətta deyərdim ki, bir-birinə diametral zidd olur. Bu da təbii ki, xarici siyasətin uğursuzluğa doğru getməsindən xəbər verir. Bu, təkcə Yaxın Şərq bölgəsində deyil, MDB məkanında da eyni stildə davam edir, ABŞ-Avropa münasibətlərinə müdaxilə etmək istəyində də eyni qalır. Rusiya çalışır ki, bir sıra Avropa dövlətlərini öz tərəfinə çəkməklə Qərbin anti-Rusiya koalisiyasını pozmağa nail olsun. Ancaq bu alınmır. Çünki orada Rusiyanın etibarı, əlaqələri, güvəni bir o qədər yüksək deyil. Yəni Rusiya etibarlı tərəfdaş kimi qəbul olunmur. Məhz bu səbəbdən də hələ bilinmir ki, C-300-lərin İrana verilməsi ilə bağlı prosesin dayanması kimin ucbatındadır. Doğurdanmı Rusiya bunu təxirə salıb? Yoxsa, İran imtina edib?”

Politoloq bildirib ki, hazırkı şəraitdə Rusiyanın xarici siyasət konturları aydın deyil:

“Belə olan halda da hətta müttəfiqlik qurmaqda maraqlı olan ölkələr də təbii ki, yan gəzir. Çünki onların gələcəyə dair təminatı olmur və bu siyasətdə perspektiv görmürlər. Baxmayaraq ki, bir çox rus ekspertləri bunu bir növ hiyləgər xarici siyasət strategiyası kimi dəyərləndirir. Əgər Rusiya tərəfdaşlarını belə bir siyasət nəticəsində itirməyə davam edirsə, bunun ağıllı, uzaqgörən, strateji siyasət olduğunu demək çox çətindir. Yəni Kremlin hazırkı xarici siyasəti çox ciddi böhran vəziyyətindədir. Qeyd edim ki, Rusiyanın eyni siyasəti Qafqaz ölkələrinə, xüsusilə də Azərbaycana, Gürcüstana münasibətdə yürüdə biləcəyinə dair yanaşmalar gəzir. Ancaq bunun ortada görünən konkret nəticələri yoxdur. Müəyyən eyhamlar var, ancaq istənilən halda hələlik real addımlar yoxdur. Və bu real addımlar yoxdursa, təbii ki, variantlardan biri kimi nəzərdən keçirilə bilər”.





Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net