Qaraçuxurda sahibsiz it problemi - ŞİKAYƏT
Tarix: 28-04-2015, 15:53 |
Çap et
Bakıda sahibsiz itlərin insanlara hücumundan çox danışılıb. İndiyədək həmin heyvanların zərərsizləşdirilməsi, onların xüsusi saxlama məntəqələrində toplanması istiqamətində addımlar atılsa da, hələ də paytaxt ərazisində sahibsiz itlərə rast gəlinir. Xüsusilə də Bakının ucqar ərazilərində küçə və məhəllələri dolaşan sahibsiz itlərin sayı daha çoxdur.
“Həftə içi” xəbər verir ki, Qaraçuxur qəsəbəsindəki Şərq yaşayış massivində sahibsiz itlər sürü halındadır. Təkcə “Daş və qum bazarı” adlanan ərazidə 100-dən artıq sahibsiz it var. Bu sahibsiz heyvanlar xüsusilə də axşam saatlarında sürü halında həyətlərə doluşur, yolqırağı ərazilərdə insanlara soxulur. Qəsəbədəki zibil qutuları ətrafını özlərinə məskən seçən sahibsiz itlər hətta məişət tullantılarını zibilxanaya atanlara da hücum edir. Bu səbəbdən insanlar məişət tullantılarını qorxa-qorxa zibil qutularına atırlar. İtlər əsasən səhər və axşam saatlarında, yəni insanların işə gedib-gəldiyi vaxtlarda məhəllələrə, yollara axışır ki, bu da sakinlər üçün ciddi problem yaradır.
Sakinlər deyirlər ki, nəzarətin olmaması səbəbindən sahibsiz itlər gözlənilmədən insanlara hücum edir. Buna görə də qadın və uşaqlar küçəyə, mağazaya və ya məktəbə qorxa-qorxa gedib-gəlirlər. Çünki itlər bir qayda olaraq adamlar tək olanda onlara qəfildən hücum edirlər.
“Gözləyirlər ki, it kimisə parçalasın, yaxud da hər hansı yolxucu xəstəliklər yayılsın, sonra əl-ayağa düşsünlər?! Aidiyyəti qurumlar niyə sahibsiz itlərlə bağlı bir tədbir görmür? Nə Gigiyena və Epidemiologiya Mərkəzi, nə də rayon baytarlıq idarəsi vəziyyətə nəzarət etmir. Amma qəsəbədə bir heyvan kəsən kimi həmin qurumların işçiləri gəlib başımızın üstünü kəsirlər. Qəsəbədəki natəmizliklə, sahibsiz itlərin insanlara yaratdığı təhlükə ilə maraqlanan yoxdur”, – deyə Salman adlı sakin bildirir.