Dərslikləri bilikdən ağır gələn təhsilimiz
Tarix: 28-04-2015, 12:20 | Çap et
Dərslikləri bilikdən ağır gələn təhsilimiz
7-ci sinifdə təhsil alan Nurlanə bir dəfə dedi ki, parta yoldaşı Rəhimlə çanta yükünü paylaşmaq qərarına gəliblər. Yəni biri gətirdiyi kitabı həmin gün digəri evdə qoyacaq, dərs zamanı ikisi bir kitaba baxacaq. Teenagerlər üçün yaxşı ideyadır. Deməli, bu uşaqlara daşıdıqları yük ağırdır ki, onun üzərində baş sındıraraq çarə axtarıblar. Onların haqqında kimsənin düşünmədiyini görüb, beyinlərini işlədərək öz qeydlərinə qalmaq qərarına gəliblər. Kaş ki, Təhsil Nazirliyində əyləşənlərin də belə bir cəhdi olsa. Parta yoldaşı deyəndə ki, “çantamız ağırdır, hər gün yarısını sən gətir, yarısını da mən”, ona da ağır olduğu üçün dərhal razılaşıb. Amma bunu yalnız 3 gün edə biliblər. Məsləhətləşməyi unudurmuşlar ki, kim sabah hansı kitabı gətirəcək. Ona görə də ideya uzunömürlü olmayıb. Amma həmin günlər çantası xeyli yüngülləşib. Nurlanə: “Həftədə iki dəfə yükümüz daha ağır olur, Ədəbiyyat və Azərbaycan dili dərsləri eyni gündədir, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının hazırladığı böyük kitabların birini o gətiridi, birini də mən, rahat olurdu. Əslində Təhsil Nazirliyində yazılan Azərbaycan dili və ədəbiyyat kitablarımız var, amma müəllimlərimizə görə qrammatikanı öyrənmək, test imtahanlarına hazırlaşmaq üçün TQDK-nın hazırladığı kitab daha faydalıdır. Bu səbəbdən nazirliyin kitabları mənə artıq gəlir. Coğrafiya kitabı da məncə bizim üçün yazılmayıb. Çünki müəllim kitabxanadan kurrikulumdan əvvəlki sistemlə yazılmış kitabları götürüb hərəmizə birini paylayıb. O kurrikulum olmasa da daha çox məlumatları özündə əks etdirir. Əgər bizim üçün nəzərdə tutulmuş dərslikdən öyrənə bilmiriksə onu niyə yazırlar ki? Biz ikisini də eyni vaxtda məktəbə gətirməyə məcburuq, çünki bəzən cüzi fərqlə dərslər olur. Fransız, alman, rus dilindən hansı birini öyrənmək istədiyimiz bizə əvvəlcə soruşmuşdular, təkcə mən rus dilinin tərfdarıydım, qalanlar alman dilini seçdiklərinə görə mənim arzum nəzərə alınmadı. İndi uşaqlar da alman dilini seçdiklərinə peşmandırlar, rus dilinin tədris olunmasını istəyirlər”.

7-ci sinif şagirdinin çantası 6 kilo gəldi

Çiyinlərinin çox ağrıdığından şikayətlənir. Bel çantasının bir qulpunu taxır ki, ağrı sadəcə birində olsun, bəzən də yerini dəyişir. Söylədiyinə görə uşaqların əksəriyyəti belə edir. Deyir ki, ağır çanta onu sanki aşağı çəkir, daşımaq çətin olur. Maraq üçün bu günkü gündəliyinə uyğun yığdığı çantasını tərəzidə çəkdim. Idman geyimi ilə birlikdə 6 kiloqram gəldi. Geyim çantaya yerləşmir, onu ayrıca götürür. Çantada iki Azərbaycan dili, iki ədəbiyyat (biri TN, digəri TQDK-nın hazırladığı), alman dili, eyni gündə ingilis dili (alman dili həftədə 1 dəfə, ingilis dili 3 dəfə keçilir), Azərbaycan tarixi və riyaziyyat kitablarıdır. Həftənin 4 günü yenə Azərbaycan dilindən test kitabı, bir də hər fənnə aid dəftərlər var. Bəzilərində biri qaydalar, digəri misallar üçün iki dəftərdir. Bir də gündəlik, qələmqabı (penal), su və. s. 7-ci dərs də fiziki tərbiyə dərsidir. Idman geyimi, idman ayaqqabısı, üstəlik sinifdə geyindikləri ayaqqabını da hər gün aparıb gətirirlər. Deyir, həftədə iki gün daha çox yüklənirik. 32 kiloluq bu balaca qız arzu edir ki, “iki qurumdan sadəcə biri kitab yazsın və biz məktəbə onu daşımalı olaq, yoxsa hər fənnən 2, Azərbaycan dilində olduğu kimi bəzən də 3-nü aparırıq”. Başqa bir ümidi də məktəblərin kompüterləşməsi, dərsliklərin elektronlaşmasıdır ki, kitabları sadəcə evdə oxusunlar, dəftərləri isə məktəbə gətirə bilərlər: “Ingilis filmlərində görmüşəm, dərsdən sonra kitablarını özlərinə aid bağlı dolaba qoyurlar, bizim kimi aparıb-gətirmirlər. Onlarda ev tapşırığı da yoxdur. Eşitdiyimə görə bizdə liseylərdə bu cür təhsil sistemidir. Tarix müəllimimiz deyir ki, əslində bizdə də belə olmalıdır, onda uşaqlara rahat olardı. Ayaqqabıları məktəbdə qoya bilərik, amma bizə icazə vermirlər. Aşağıdan ikinci mərtəbəyə küçə ayaqqabısı ilə çıxmağa qoymurlar, birinci mərtəbədə qapıda dəyişməliyik. Iki tərəfdən də bizə nəzarət olunur”.

Daşıdığı “yük” məktəblinin çəkisinin 10 faizini keçməməlidir

Deyirlər, bazar ertəsi ağır gündür, amma 7-cilərə çərşənbə axşamı və çərşənbə daha “ağırdır”. Daşıdıqları yükün həcminə görə. Qalan günlər də heç ondan yaxşı deyil, adi gündə çantanın çəkisi 5 kq. civarında gəldi. Hər gün kürəyində ağır çanta daşımaq uşağın sağlamlığını sarsıdır. Həkimlər bu qənaətə gəliblər ki, ağır yük hələ formalaşmamış bədənin onurğa sütununda problem yaradır, skolioz (onurğa əyriliyi), kifoz, boy artımının ləngiməsi, ayaq altının yastı olması, çiyin bölgəsinin deformasiyaya uğraması və digər xəstəliklərə səbəb ola bilər. Əgər uşaq bel çantasını çəkmək üçün daim əyilirsə onun görməsində, ürəyin fəaliyyəti və daxili orqanlarının işində pozuntular yaranar. Onda o, baş ağrıları, baş gicəllənməsi, yorğunluq, beldə və ayaqda ağrılardan şikayətlənəcək. Odur ki, orqanizmi qaldırması mümkün olmayan yüklərdən xilas etmək lazımdır. Bunun üçün qanun yoxdur, amma norma var.

Portuqaliyanın elmi və tibb mərkəzinin ekspertləri bir formul müəyyənləşdiriblər. Onlar müəyyən ediblər ki, məktəb çantasının çəkisi bütün dərs vəsaitləri ilə birgə uşağın bədəninin kütləsinin 10 faizindən çox olmamalıdır. Bu isə o deməkdir ki, onun özünün ağırlığı 35 kiloqramdırsa daşıdığı bel çantası 3.5 kiloqramdan artıq ola bilməz. Ümumdünya Səhiyyə Təşkilatı da bu normanı dəstəkləyir. Lakin, bu formul yerli məlumatlar nəzərə alınaraq işlənib hazırlanıb. Başqa ölkələr üçün necə olduğunu onların mütəxəssisləri zəhmət çəkib təyin etməlidirlər. Azərbaycan da həmçinin.
Amerikalı pediatrların isə tövsiyyələri konkretdir. Amerika Pediatrlar Akademiyasında məktəbli çantasının tam təlim paketi ilə birgə çəkisi üçün öz normalarını hazırlayıblar. Çantanın özünün 500-700 qramlıq çəkisi ilə bu norma 1-ci siniflər üçün 1.2 kq-a qədər, 2-cilər 1.6 kq-a, 3-cülər 2.3 kq-a, 4-cülər 2.6 kq-a, 5-cilər 2.8 kq-a, 6-cılar 3.1 kq-a, 7-8-cilər 3.5-3.6 kiloqrama, 9-11-ci buraxılış sinif şagirdləri üçün isə 4 kq-a qədərdir. Ispan alimləri şagirdlər arasında sorğu keçiriblər. Cavablardan məlum olub ki, ağır çanta daşıyanlar yükü yüngül olanlarla müqayisədə 50 faiz çox kürək ağrılarından şikayət edirlər. Alimlər müəyyən ediblər ki, ryukzaqın 4 kq.-dan artıq olması sinir xəstəliklərinin yaranma risqini 60 faiz, əzələlərin zərər görməsi risqini isə 85 faiz artırır. Bu isə onların fiziki formalarının pisləşməsinə gətirib çıxarır.

Qərb ölkələri problemi çoxdan çözüb

Müqayisə hər zaman xeyirlidir. Ağır çantalarla mübarizə ilə bağlı müxtəlif ölkələrin özünəməxsus təcrübələri var. Israildə yuxarıdakı normalara ciddi əməl olunur, Təhsil Nazirliyi tərəfindən qaydalar işlənib, valideyn komitəsi onun düzgün həyata keçirilməsinə nəzarət edir. Bizdə isə valideyn komitələri maliyyə məsələlərinə baxırlar. Amerikanın bəzi ştatlarında həkimin bu tələbinə əməl etməyən valideyn və məktəblər cərimə olunurlar. Ümumiyyətlə, ABŞ məktəblərində çoxdan hər şagirdin iki dəst dərsliklə təmin olunması sistemi mövcuddur. Təhsil müəssisələrində hər şagirdin özünə aid şəxsi bağlı qutusu var ki, məşğələ üçün bütün ləvazimatları orada saxlayırlar. Tayvanda şagirdlər praktiki olaraq kağız kitablardan istifadə etmirlər, onlarda kitabı əvəzləyən yeni texnologiyalardır - planşetlər və elektron kitablar. Çünki onlar ənənəvi kitablardan daha az yer tutur və daha rahatdırlar. Malayziya hökuməti də kitabları noutbuklarla əvəz etmək niyyətini bir müddət əvvəl bəyan edib. Avropada çantaları özünəməxsus yüngülləşdirirlər. Dərslərdə şagirdlərə dərsin açıq mövzusu vərəqlərdə verilir və dərsliyin kserosurətləri ilə təmin edilir. Onlar məktəbə baqajsız gedir, evdə isə məktəb mühazirələrini qovluğa tikirlər. İsveçdə şagirdlər portfel və ya ryukzaqdan istifadə etmirlər, çünki 8-ci sinfə qədər onlar ev tapşırığı almırlar. Təhsil səviyyəsi bizdəkindən aşağıdırmı? Deyil. Dərsliklər və dəftərlər üçün isə hər şagirdin məktəbdə öz dolabı var.

Kitabları özünün ağırlığını iki dəfə üstələdi

Bizim kimi başına özləri çarə qılmalı olanlara ekspertlərin məsləhətləri var. Əvvəla çəkinin düzgün və eyni şəkildə paylanması üçün məktəb çantalarıda aşağıdakı detallara diqqət etmək lazımdır: geniş və tənzimlənən ortopedik qayışlar, daha yaxşısı anatomik arxalıqla və yüngül çərçivədə. Daha yaxşısı isə üstünlüyü ikiqayışlı məhsullara vermək və uşağın onun hər ikisini geyinməsinə nəzarət etmək gərəkdir. Bu, xüsusilə də kiçik yaşlılara aiddir, heç bir dəbli çanta olmaz, hətta yüngül olsa belə. Çantanın çəkisini bilmək üçün çantasını axşamdan hazırlamağı uşağınıza öyrədin və o, hər şeyi hazırladıqdan sonra çantanı tərəzidə çəkin. Əgər görsəniz ki, rəqəmlər mövcud normanı ötür, bunu necə yoluna qoymağı özünüz düşünün. Bir qayda olaraq əsas çəkini kitablar verir, ona görə də onların elektron versiyasını əldə etmək olar. Amma təəssüf ki, bizdə kompüterləşmə olmadığından təklif keçərli deyil. Digər təklif uşaqla danışıb parta yoldaşı ilə kitabların birini iki nəfər üçün növbəli gətirməyi təklif etməkdir. Bu, Nurlanə ilə Rəhimin də axtarıb tapdığı yoldur. Ekspertlərə görə bu şəkildə eyni vaxtda iki uşağın onurğa yükünü “boşaltmaq” olar. Amma göründüyü kimi həmişə reallaşa bilmir, uşaqlar hər dəfə əvvəlcədən kimin hansı kitabı gətirəcəyini təyin etməyi unudurlar. Bütün hallarda, elə etmək lazımdır ki, uşağın fiziki inkişafı ağır bel çantasından zədələnməsin.

Nurlanənin çəkisi 32 kq, çantası 6 kq. gəldi. Əslində onun çantası maksimum 3.2 kq. olmalıdır. Çanta isə çəkisindən 20 faiz çoxdur - normadan 2 dəfə ağır. Bəzi kitabları da elektron tərəzidə çəkdik. TQDK-nın Azərbaycan və İngilis dili dərslikləri hər biri ayrılıqda 750 qramdır. Nə qədər ki, bir uşağa iki qurum kitab yazacaq vəziyyətimiz belə də qalacaq. Əslində artıq olan dərsliklər çoxdur. Bəzilərinə görə ibtidai siniflərdə ingilis dili keçmək pedaqoji cəhətdən doğru deyil. Bunu da onunla əsaslandırırlar ki, 1-ci sinifdə uşaq dilin nə olduğunu bilmir və məktəbə gəlir ki, əvvəlcə doğma dilini öyrənsin. Ya da “İqtisadiyyatın əsasları” fənnini hər halda məktəblərdə iqtisadçılar keçmirlər. Ordan da uşaqların bir bilik alması ağlabatan görünmür. Əvəzində isə artıq yükdür. Belə bir kitabın mövcudluğunu eşitmişəm, amma məktəblərdə yuxarı siniflərdə adıçəkilən kitabı özlərinin almaq öhdəliyi var. Birldiyimə görə çoxları onun üzünü görməyib. İndi sözdə deyirlər ki, planşetlə təhsil sisteminə keçəcəklər. Maliyyəyə bağlı olduğundan bunun qısa zamanda reallaşacağına da hələlik o qədər ümid bəsləmək olmaz. Halbuki, bunu valideynlər də öz hesablarına ala bilərlər, təki övladları “daş çantalar”dan xilas olsunlar. Baxmayaraq ki, bizdə dərslik böhranını heç planşet də qurtara bilməz.
Mənbə : Bizim Yol





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net