Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) bu gündən etibarən 525 saylı marşrut xətti üzrə (Bakı-Masazır) avtobusların sayını artırıb.
DANX-dan “APA-Economics”ə verilən məlumata görə, müəyyən xidmət sahələrinin, iş yerlərinin açılması ilə əlaqədar olaraq, Bakı-Sumqayıt istiqamətində sıxlıq müşahidə edilir. DANX-ın müşahidələrinə əsasən və sərnişinlərdən daxil olan müraciətləri də rəhbər tutaraq, sıxlığın aradan qaldırılması üçün bu gündən etibarən 525 saylı marşrut xətti üzrə (Bakı-Masazır) avtobusların sayı 17-dən 21-ə çatdırılıb və pik saatlarda 4 iritutumlu avtobus cəlb olunub.
“Sərnişinlərimizdən xahiş edirik ki, günün pik saatlarında Bakı-Sumqayıt istiqamətindəki yolda olan sıxlığı nəzərə alaraq, sosial izolyasiya qaydalarına əməl etsinlər və tibbi qoruyucu vasitələrdən istifadə etsinlər. Avtobusların obyektiv səbəbdən müəyyən qədər gecikməyini nəzərə alaraq sosial məsafə qaydaları diqqətdə saxlanılsın və növbəti avtobusu gözləyərək bir avtobusu çox yükləməsinlər”, - DANX-dan bildirilib.