“Qara qızılın qiymətinin azalmasına hazır olun”
Tarix: 18-04-2016, 10:34 |
Çap et
“Beynəlxalq analitiklər qiymət azalmalarının davam edəcəyini proqnozlaşdırırlar”.
Modern.az saytının məlumatına görə bunu iqtisadçı-alim Vüqar Bayramov deyib.
O, OPEK-in Dohada razılığa gələ bilmədiyinə diqqət çəkərək birjanın bu qərara qısa zamanda reaksiya verdiyini bildirib: “Neftin qiyməti ilk birja günündə 5 faizə yaxın aşağı düşdü. Beləcə, neftin qiymətinin yenidən yüksələcəyi ilə bağlı bir sıra neft ölkələrində formalaşan ümidlər “dəfn olundu”.
Belə görünür ki, OPEK və digər aparıcı istehsalçılar oktyabr ayınadək hasilatın dondurulması məsələsini gündəmdən çıxartdılar.
Doha Görüşü əslində bir daha “neft bumu dövrünə” qayıtmağın çətin olacağına və hətta mümkünsüzlüyünə işarə idi”. Ekspert hesab edir ki, neft ölkəsi olan Azərbaycan üçün Doha Görüşü əhəmiyyətli idi:
“Neftin dünya bazar qiymətindəki aşağı düşmələr ölkəyə daxil olan valyutanın azalmasına səbəb olacaq. Valyuta daxilolmalarının artırmağın yeganə yolu islahatların sürətləndirilməsidir.
Struktur islahatları, liberallaşma və geniş miqyaslı elektronlaşma qeyri-neft sektorunun inkişafını stimullaşdıra bilər. Artıq bütün neft ölkələri qara qızılın qiymətində daha kəskin azalmalara hazır olmalıdırlar.
Bu hazırlıq isə yeni iqtisadi islahatlar paketinin hazırlanmasından keçir”.