“Genişmiqyaslı hərbi kampaniya başlaya bilər…”
Tarix: 7-04-2016, 09:35 |
Çap et
Сəbhədəki son gərginliklər Ermənistanın dağıdıcı siyasətinin məntiqi nəticəsidir.
Bu sözləri Dağlıq Qarabağla bağlı hazırkı prosesləri Axar.az-a şərh edərkən Tofiq Abbasov deyib. Onun sözlərinə görə, İrəvan son bir neçə ildir ki, siyasi proses çərçivəsində xaos yaratmaqla məşğul idi və Azərbaycanın haqlı tələbləri cavabsız qalmışdı:
“Vasitəçilərin qarşı tərəfə müvafiq təsir göstərməməsi nəticəsində çoxdan gözlənilən hərbi fəallıq reallaşdı. Maraqlıdır ki, bəzi xarici mənbələr üçüncü qüvvələrin adını hallandıraraq bildirirlər ki, guya rəsmi Bakı kənar qüvvələrin fitvasına gedərək hücuma keçib. Belə baxışlar son dərəcə yanlış və yolverilməzdir. Azərbaycan öz prioritetləri müstəvisində hərəkət edir. Son döyüşlər işğalçı ölkənin qoşunlarının Azərbaycanın mülki obyektlərini atəşə tutması nəticəsində dinc insanların tələf olmasına görə baş verdi”.
Politoloq qeyd edib ki, siyasi proses mütləq bərpa olunmalıdır:
“Danışıqlar ünvanlı şəkildə, yəni predmet və həll prinsipləri ətrafında aparılmalıdır. Ermənilər bundan sonra anlamalıdırlar ki, kompromislər onlara da aiddir. Əgər danışıqlar uğurla bərpa olunsa, nəhayət Ermənistanda da sülh yolunun alternativsiz olması vacib həqiqət kimi qəbul edilməlidir. Yox, əgər İrəvan yenə də gah mıxa, gah da nala vurarsa, onda genişmiqyaslı kampaniya başlaya bilər”.