Əfqanlar Qarabağda döyüşməyə hazırdırlar - Məhəmməd Moqim Popal
Tarix: 6-04-2016, 12:02 | Çap et
Əfqanlar Qarabağda döyüşməyə hazırdırlar - Məhəmməd Moqim Popal
Neçə gündür Dağlıq Qarabağda işğalçı Ermənistan ordusu ilə milli ordumuzun təmas xəttində mütəmadi toqquşmalar baş verir və hətta buna darmiqyaslı müharibə də deyə bilərdik. Azərbaycan tərəfinin böyük üstünlüyü şəraitində davam etmiş hərbi toqquşmalar nəticəsində Ermənistan ordusu böyük tələfat versə də, hər halda azərbaycanlı hərbçilər arasında da şəhid olanlar var. Konkret desək, bu, müharibədir: uğuru da var, məğlubiyyəti də, ölüm-itimi də, sevinc göz yaşları da...

Dünyanın bir çox ölkəsi hadisələrin gedişatı zamanı açıq-aşkar Azərbaycanı dəstəklədi. Qardaş Türkiyə, müstəqilliyinə qovuşduğu ilk gündən hər mənada Azərbaycanla birlikdə olan Pakistan, qardaş türk dövlətləri Türkmənistan və Qazaxıstan, xalqımızın əziz dostları olan Ukrayna və Belarus və sair birmənalı şəkildə Ermənistandan ordusunu Azərbaycan torpaqlarından çıxarmağı tələb etdi. İran, Gürcüstan və sair ölkələr, eləcə də Almaniya, Böyük Britaniya, ABŞ-dan olan prlamentarilər də Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını vacib sayan bəyanatlar səsləndirdilər.
Müharibənin gedişatında Azərbaycana arxa duran ölkələrdən biri də dost Əfqanıstandır. Əlbəttə, daxilində Taliban yaraqlıları ilə mübarizə apardığı bir vaxtda imkanı daxilində ölkəmizə dəstək verən əfqan xalqı ən çətin günlərimizdə qəhrəman oğullarının timsalında torpaqlarımızın müdafiəsinə qalxıb. Hətta 1990-cı illərin əvvəllərində baş vermiş Ermənistan-Azərbaycan müharibəsində əfqan könüllülər Azərbaycan torpaqlarının müdafiəsi uğrunda canlarından keçib, şəhid olublar. Bəs bu gün ermənilərin mənfur təxribatı nəticəsində Qarabağ bölgəsində yaşanan hərbi toqquşmalar barəsində əfqanlar nə düşünürlər?
Redaksiyamızın qonağı olan Əfqanıstan – Azərbaycan Dostluq Cəmiyyətinin sədri Məhəmməd Moqim Popal bildirdi ki, Azərbaycandakı bütün əfqan icmasının ürəyi cəbhədə torpağının müdafiəsinə qalxmış azərbaycanlı qardaşlarının yanındadır və zərurət yaranarsa əllərinə silah alıb ümumi vətənimizi qorumağa hazırdırlar. “Mən bütün əfqan xalqı adından şəhidlərin ailələrinə və yaxınlarına başsağlığı verib, Allahdan rəhmət diləyirəm. Birmənalı şəkildə bilin ki, onlar ölməyib, şəhid olub. Şəhidlik isə uca məqamdır və hər zaman yaşayır. Vətən, torpaq anadır, ananı qorumaq isə hər bir kişinin borcudur. Biz əfqan xalqı uzun illər ərzində çox şəhid verdik, çox insan itirdik döyüşlərdə və ona görə də vətənin qədrini, tökülən qanların dəyərini yaxşı bilirik. Ermənilər çox mənfurdur, hiyləgərdir və bu onların ilk təxribatı deyil. Ermənilər geridə buraxdığımız illər ərzində atəşkəsi dəfələrlə pozublar, Azərbaycanın yaşayış məskənlərini atəşə tutub, çox mülki insana xətər yetiriblər. Biz bunları görə-görə gəlmişik” deyən M.M.Popal əlavə etdi ki, üzülməyə dəyməz, Azərbaycan şəhid versə də, xeyli irəli getdi cəbhə xəttində, bir sıra əraziləri azad edib, xalqının nəzarətinə qaytardı.
Müsahibimiz bildirdi ki, uzun illərdir Azərbaycanda yaşayır və hər zaman da özünü bu xalqın övladı bilib: “Müharibə məni həmişə narahat edib. Allah qoysa, bir gün torpaqlar azad olunar, hamı kimi biz də Şuşaya gedərik. Yeri gəlmişkən, əvvəllər də çox getmişəm Qarabağ bölgəsinə. Fizuli tərəflərdə olmuşam, dostlarım var orda”.
Maraqlıdır ki, Azərbaycanda yaşayan əfqanlar hər zaman Azərbaycanın qeyrətli vətəndaşları olaraq vətənin müdafiəsində dayanıblar. Hətta eşitdiklərimə görə, əfqanlar arasında bir vaxtlar ermənilərlə döyüşüb, şəhid olanlar da az deyil.
M.M.Popal bildirdi ki, bəli, mizi milli-dini-mənəvi körpülər birləşdirir. Onun sözlərinə görə, Əfqanıstan dövləti ilk gündən Azərbaycana təmənnasız dəstəyini verir və istər ikitərəfli, istərsə də regional və beynəlxalq müstəvilərdə Bakının mövqeyini müdafiə edir. Çünki Azərbaycan da həmişə Əfqanıstana bütün sahələrdə dəstək verir: “Bunun nəticəsidir ki, ölkələrimiz arasında əlaqələr gündən-günə genişlənir, inkişaf edir. Əfqan xalqı dostunu darda qoymaz, Azərbaycanın sevincini öz sevinci, kədərini öz kədəri bilir. Azərbaycan sülhməramlıları neçə illərdir Əfqanıstanda sabitliyin yaranmasında iştirak edir. Biz əfqanlar da vaxtilə Qarabağda döyüşmüşük ermənilərlə, bu gün də zərurət yaransa başda özüm olmaqla, əfqan kişilər silahlanıb Azərbaycanın müdafisinə qalxacağıq”.
Bu arada, cənab Popaldan Əfqanıstanda hərbi-siyasi vəziyyətin necə olduğunu soruşdum. Dedi ki, narahatlıq davam edir, ara-sıra kamikadze hücumları olur, qəfil bomba partlayışları törədilir. Mübarizə aparsalar da, Taliban yaraqlıları mütəmadi baş qaldırıb, sabitliyi pozurlar. M.M.Popalın sözlərinə görə, eynilə Azərbaycan Ermənistanın xain hücumları ilə üzləşdiyi kimi, Əfqanıstan da mütəmadi şəkildə qonşularının məkrli təxribatları ilə qarşılaşır.
Əfqan cəmiyyətinin sədri Azərbaycan ordusunun qüdrətini də yüksək qiymətləndirdi. Bildirdi ki, hazırda Azərbaycan ordusu bölgədə şəksiz liderdir: “20 il əvvəl Azərbaycan torpaqlarını könüllülər qoruyurdu, qəhrəmancasına şəhid olurdular, amma buna baxmayaraq indiki müasir və çevik ordu ilə müqayisə oluna bilməzlər. Azərbaycan ordusu bölgə ölkələrinin silahlı qüvvələri arasında ən güclüsüdür və bunu son günlər baş verən döyüşlərdə də sübut elədi. Azərbaycan ordusu ermənilərə nəyə qadir olduğunu göstərdi və onları yerində oturtdu”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net