Buzovnada qətl törədən şəxs hökmdən narazıdır
Tarix: 30-03-2016, 11:03 |
Çap et
Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirli bilinən Əmri Süleymanovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Əmir Bayramov sədrlik edib. Məhkəmənin qərarına əsasən, Ə.Süleymanovun şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
Qeyd edək ki, hadisə 13 fevral 2015-ci ildə Buzovna qəsəbəsində baş verib. Həmin ərazidəki dəniz kənarında Аbşеrоn rаyоnu, Mаsаzır qəsəbəsində yаşаyаn, 1968-ci il təvəllüdlü Xatirə Rzayevanın meyiti tapılıb. Qadına 15 bıçaq zərbəsi vuran qatil hadisə yerindən qaçıb.
İlkin istintaq zamanı müəyyən olunub ki, X.Rzayeva yüngül həyat tərzi keçirib. Aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində, cinayəti Əmri Süleymanovun törətdiyi məlum olub. Lakin qətl törədən şəxs hadisədən sonra Rusiyaya üz tutub. Fevralın 17-də isə Ə.Süleymanov Moskvada qatardan düşərkən saxlanılıb. Rusiya hüquq-mühafizə orqanları onu Azərbaycana təhvil verib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Süleymanov 19 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan müdafiə tərəfi apellyasiya şikayəti verib.