Bakıda iki fəhlə faciəli şəkildə öldü - Təfərrüat
Tarix: 17-03-2016, 10:42 |
Çap et
Bakıda 2 nəfər bədbəxt hadisə nəticəsində ölüb.
Fövqəladə Hallar Nazirliyindən Axar.az-a verilən xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Suraxanı rayonunda 2 vətəndaşın mərmər lövhələr altında qalaraq vəfat etməsi barədə məlumat daxil olub.
Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq əməliyyat şəraitini qiymətləndirib və məlum olub ki, yük avtomobilini boşaldarkən mərmər lövhələr aşıb və vətəndaşlar lövhələrin altında sıxılmış vəziyyətdə qalıblar.
Xilasedicilər mərmərləri kəsərək ayırıb və vətəndaşların cəsədlərini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Lent.az-ın məlumatına görə, bədbəxt hadisə nəticəsində ölənlərin kimliyi bəlli olub.
Hadisə nəticəsində yükü boşaldan 1961-ci il təvəllüdlü Murad Həsənov və 1989-cu il təvəllüdlü Zeynalov Məhəmməd Məhərrəm oğlu mərmər listin altında qalaraq ölüb.
Hadisə yerinə Suraxanı rayon hüquq-mühafizə orqanları əməkdaşları gəlib, hadisə yerinin ekspetrizası aparılıb, meyitlər məhkəmə tibb ekspertizasından keçirilib.
Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma-eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.