Sobanı yandırmaq istədi, evi partlatdı
Tarix: 17-03-2016, 09:48 |
Çap et
Göygöl rayonunda yaşayış evində partlayış baş verib. Gəncə Şəhər Təcili Tibbi Yardım xəstəxanasından ANS PRESS-ə verilən məlumata görə, hadisə şəhərin Nəriman Nərimanov küçəsi ev 15-də qeydə alınıb.
Həmin ünvanda yaşayan 1977-ci il təvəllüdlü Fazil Firat oğlu Məmmədov yaşadığı evdə qaz sobasını yandırmaq istəyərkən partlayış baş verib və ağır dərəcəli yanıq xəsarətləri alıb. Xəsarət alan F. Məmmədov dərhal xəstəxanaya çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Yaşayış evində daha bir partlayış ötən gün Cəlilabadda baş verib. Rayonun Privolniye kənd sakini Muxtar Rzayevin evinin mətbəxindəki qaz sobasına qoşulu olan qaz balonunun partlaması nəticəsində ailə üzvləri, eləcə də paytaxtdan qonaq gəlmiş 5 nəfər yanıq xəsarətləri alıb. Xəsarət alanlar Muxtar Rzayev, onun həyat yoldaşı Nərmin Rzayeva, qohumları Jalə, Alidə və 1998- ci il təvəllüdlü Ülkər Valeh qızı Əsgərovadır. Xəsarət alanlar Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar və onlara ilkin tibbi yardım göstərilib. Yaralıların xəsarətləri ağır olduğu üçün onlar Respublika Yanıq Mərkəzinə göndəriliblər.
Mərkəzdən bildirdilər ki, yaralılardan 3-ünə ambulator yardım göstərilərək evə buraxılıb, iki nəfərin isə müalicəsi davam etdirilir.