İsgəndər Həmidov: "Sərdarın haqqını tarix verəcək"
Tarix: 29-02-2016, 10:12 |
Çap et
Xəbər verdiyimiz kimi Tərtər Özünümüdafiə Batalyonunun sabiq komandanı, 1992-94-cü illərdə Tərtər rayonunun icra başçısı işləmiş Sərdar Həmidov ötən gecə 1 saylı Mərkəzi Kliniki Xəstəxanaxında dünyasını dəyişib.
Musavat.com bildirir ki, S.Həmidov birinci Qarabağ savaşında bir neçə güllə yarası alıb, ağciyərinin bir payını itirib. Birinci Qarabağ savaşında və Tərtər rayonunun erməni işğalına məruz qalmaması uğrunda qəhrəmanlıqlar göstərmişdi. Uzun illərdir o, yuxarı tənəffüs yolları xəstəliyindən, hipertoniyadan, diabetdən əziyyət çəkirdi.
Bir sıra tanınmış şəxslər Sərdar Həmidovla bağlı fikirlərini qeyd ediblər.
“Şəhid budur” deyə qeydinə başlayan Müsavat lideri İsa Qəmbər Sərdar Həmidovun 1992-1993-cü illərdə Tərtərin qorunmasında həlledici xidmətləri olduğunu vurğulayıb. Övladlarına, qardaşı İsgəndər Həmidova bağsağlığı verib. Mərhumun qardaşı – sabiq daxili işlər naziri İsgəndər Həmidov isə öz qeydində qısaca “Sərdarın haqqını tarix verəcək!” yazmaqla kifayətlənib.
Onu da qeyd edək ki, müxtəlif vaxtlarda Sərdar Həmidova Milli Qəhrəman adının verilməsi ilə bağlı Qarabağ müharibəsinin iştirakçıları tərəfindən dövlət rəhbərliyinə müraciətlər olunub.
Allah rəhmət eləsin.