Türkiyə hərbçilərinin İŞİD “əmiri” ilə telefon danışıqları : “Qardaş, hardasan?...
Tarix: 26-02-2016, 14:52 | Çap et
Türkiyə hərbçilərinin İŞİD “əmiri” ilə telefon danışıqları : “Qardaş, hardasan?...
Türkiyədə Suriya ilə sərhədə nəzarət edən yüksək rütbəli hərbçilərin İŞİD-in bölgə lideri ilə şok telefon danışıqları üzə çıxıb.

Virtualaz.org xəbər verir ki, bu telefon danışıqları Ankara 3-cü ağır cəza məhkəməsində baxılmaqda olan və Türkiyə ərazisində terror aktı həyata keçirən İŞİD-çilərin işi üzrə cinayət dosyesində yer alır. Qalmaqal barədə “Cümhuriyyət” qəzeti yazıb.

Telefon danışıqlarına əsasən Suriya ilə sərhədə cavabdeh olan zabitlər İŞİD-in Türkiyə ilə həmsərhəd ərazilər üzrə “əmiri”, Ankarada terror aktı təşkil etmiş İlhami Balı adlı terrorçu ilə sıx əlaqələri olan, “Əbu Əli” ləqəbli Mustafa Dəmirlə müntəzəm əlaqə saxlayıblar.

Bildirilir ki, bu qalmaqal yaxınları İŞİD sıralarına qoşulmuş 6 vətəndaşın prokurorluğa təqdim etdiyi şikayət ərizəsində üzə çıxıb. Bu şikayət əsasında 19 şübhəli izlənilib, 27 nəfərin barəsində cinayət işi qaldırılıb. Şübhəlilər arasında İŞİD rəhbərliyinə daxil olan, hazırda Suriya ərazisində yerləşən Mustafa Demir və İlhami Balı da olub. İzləmə zamanı prokuror daha bir cinayətin-yüksək rütbəli hərbçilərlə İŞİD liderləri arasında müntəzəm təmasların üstünü açıb. Lakin bu iş üzrə istintaq onun səlahiyyətində olmadığından toplanan materiallar Qaziantepdəki 5-ci tank briqadasının qarnizon prokurorluğuna təqdim edilib. Ankara prokurorluğu isə bildirib ki, “hərbçilər İŞİD-çilərlə yox, qaçaqmalıçılarla təmas qurub və bu da onların qaçaqmalçılığınq qarşısının alınması istiqamətində gördüyü işlərə daxildir”.

Ancaq “Cümhuriyyət” telefon danışıqlarının stenoqramını əldə edib və orada yüksək rütbəli hərbçilərlə İŞİD liderləri arasında danışıqlardan söhbət gedir. Həmçinin məlum olur ki, Mustafa Demir nəinki Suriya ilə sərhədə nəzarət edən hərbçilərlə əlaqə saxlayıb, üstəlik onlarla üz-üzə də görüşüb. İstintaq sənədlərinə əsasən Dəmir Suriya və Türkiyə arasında qaçaqmalçılıq edənlərdən “zəkat” toplayıb, sərhəd-keçid nəzarətini həyata keçirən zabitlərə əməkdaşlıq edib.

Bildirilir ki, bu sübutlar təsadüfən əldə edilib. 2015-ci il fevralın 26-da antiterror polisi Ankara prokurorluğu dinlənilmiş telefon danışıqlarına dair 43 səhifəlik stenoqram təqdim edib. Məlum olub ki, Dəmirlə təmasda olan hərbçilər arasında kapitan, leytenant və serjant rütbəli zabitlər, habelə yüksək rütbəli digər hərbi personal var.

Məsələn, Türkiyə hərbçiləri ilə İŞİD-çilər arasında 2014-cü il noyabrın 25-də, axşam saat 20 radələrində qeydə alınmış telefon danışığında deyilir:

A.A.: (hərbçi)-İşıq salan sizsiniz?

Mustafa: Hə, kiçik fonarlarla, qardaş, sən hardasan? Sənə deyilən yerdəsən?

A.A.:Hə, biz sizi, adamlarınızı gördük...

Mustafa: A. qardaş, sən məni bizim buradakı işlərimizlə bağlı komandirinizlə görüşdürə bilərsən?

A.A.:Hə,, əgər nəsə olsa, qoy mənə xəbər versinlər.

Mustafa: Əgər səninlə əlaqə saxlasaq bəs edər, problem yoxdur.

A.A.:Mən xəbər verərəm, mənim hələ iki postum da var. Ən azından stansiya komandirinə deyərəm və onlara nəzarət edərəm.

Sonrakı telefon danışıqlarında tərəflər silah və partlayıcı yüklü maşını Türkiyə tərəfinə keçirməyi müzakirə edirlər. Bu qalmaqal Türkiyə müxalifətinin hökumətə Suriya ərazisində “Əl-Qaidə”yə bağlı “Əl Nüsra Cəbhəsi” qruplaşmasına və digər radikallara gizli dəstəyin göstərilməsinə dair ittihamlarının səsləndiyi bir vaxtda baş verir. Türkiyə hökuməti bu ittihamları rədd edir.

Bununla belə ötən il Britaniyanın “Daily Mail” qəzeti Suriyanın şimalındakı Kobani qəsəbəsi istiqamətində gedən döyüşlər zamanı sərhəddə İŞİD terrorçularının türk hərbçilərlə söhbət etdiyini göstərən videokadrlar yaymışdı.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net